Müsavat Partiyasının bəyanatı
Türkiyənin Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla
sərhədləri açmağa və ikitərəfli münasibətlər qurmağa hazırlaşması cəmiyyətimizdə
üzüntü ilə qarşılanıb və ciddi narahatlığa səbəb olub. Qardaş Türkiyə
Cumhuriyyətinin birtərəfli qaydada, ona qarşı ərazi iddialarından və dünyada
“soyqırım”ın tanıdılmasından əl çəkməyən Ermənistana doğru mövcud şəraitdə
paradoksal görünən bu addımı atması nə onun milli maraqlarının inkişafına, nə
regional inkişafa, nə də Qarabağ münaqişənin həllinə müsbət təsir edəcək.
Əksinə, hadisələrin bu istiqamətdə inkişafı ona dost olmayan ölkələrin milli və
regional maraqlarının gerçəkləşməsinə əlverişli şərait yaratmaqla bərabər,
Türkiyənin regionda təbii müttəfiqi olan dost və qardaş Azərbaycanla strateji
dərinliyi olan və böyük potensialı hələ tam açılmamış ikitərəfli münasibətlərinə
zərbə vura bilər. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan
arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından narahat olan ölkələr
və güclər ikitərəfli münasibətlərin inkişafında yarana biləcək bu xoşagəlməz
durumdan heç şübhəsiz yararlanmağa çalışacaq.
Cənubi Qafqazda yaranmış mövcud durumdan və onun inkişaf meyllərindən, eyni
zamanda Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərindən yuxarıda
göstərilən səbəblərdən dərin narahatlıq keçirən Müsavat Partiyası, böyük
dövlətçilik təcrübəsi olan Türkiyə Cumhuriyyətinin hökumətini qısamüddətli,
taktiki maraqlar naminə strateji önəm daşıyan ikitərəfli münasibətlərimizi
yaralaya biləcək addımlar atmaqdan çəkinməyə, qardaş türk xalqını, Türkiyəmizin
dəyərli siyasət adamlarını və mediasını isə qardaşlıq və dostluq
münasibətlərimizin sınaqdan keçdiyi bu dönəmdə daha həssas olmağa çağırır.
Müsavat Partiyası eyni zamanda, Azərbaycan hökumətini ikitərəfli münasibətlərə
zərbə vura və ya kölgə sala biləcək tələsik addımlar atmaqdan çəkinməyə, xalqı
isə ayıq-sayıq olmağa, iki dost və qardaş dövlət arasında mövcud olan
münasibətləri pozmaq üçün fürsət axtaranlara meydan verməməyə çağırır.
Biz inanırıq ki, Türkiyə-Azərbaycan münasibətləri, eyni zamanda qardaş
xalqlarımız arasında mövcud olan və tarixin sınağından dəfələrlə uğurla çıxan
ikitərəfli münasibətlərimiz bu sınaqdan da möhkəmlənərək çıxacaq.
isagambar.az, 07 aprel 2009-cu il, Bakı