Müsavat qərargahında partiyaların növbəti toplantısı
Bu gün, mayın 6-da “Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatın”a daxil
olan siyasi partiyaların növbəti toplantısı keçirilib. Müsavat Partiyasının
qərargahında keçirilən toplantıda bir sıra regional məsələlər, o cümlədən mayın
7-də Çexiyanın paytaxtı Praqada Avropa Birliyinin “Şərq tərəfdaşlıq” təşəbbüsü
ilə bağlı sammiti geniş müzakirə edilib. Toplantıda iştirak edən partiya
liderləri bu təşəbbüsü yüksək qiymətləndirib və bu tərəfdaşlıq prosesində
demokratiya və insan haqları məsələsinin prioritet olmasını zəruri hesab
etdiklərini bildirmişlər.
Vətəndaş Hərəkatına daxil olan partiyalar, NATO-nun sonuncu 2 sammitində qəbul
edilmiş yekun qətnaməsində, bu günlərdə isə NATO Baş katibinin bəyanatında
Azərbaycanın ərazi bütövlüyünə dəstək verildiyini müsbət dəyərləndirir və
ölkəmizin geostrateji seçim etməsinin çox ləngidiyini bir daha qeyd edərək
Azərbaycan hökumətinə təklif edir ki, Azərbaycanın NATO üzvlüyünə qəbul edilməsi
üçün rəsmi müraciət etsin.
Toplantıda həmçinin 30 apreldə ADNA-da baş verən, onlarla insanın ölümünə və
ağır yaralanmasına səbəb olan qanlı faciə geniş müzakirə olunub.
Bu faciə zamanı hökumətin ekstremal vəziyyətə hazır olmadığı üzə çıxıb. Hüquq
mühafizə orqanları operativ fəaliyyət göstərə bilməmiş, insanların həyatını
qorumaq, yaralıları xilas etmək üçün operativ tibbi yardım göstərilməmişdir.
Bakı şəhərində 100-lərlə videokameralar olduğu halda, minlərlə tələbənin təhsil
aldığı təhsil müəssisəsində videokameraların olmaması başa düşülən deyil
Silahlı cinayətkarın sərhədlərimizi sərbəst şəkildə keçməsi belə bir həssas
bölgədə yerləşən ölkəmizin sərhədlərinin ciddi qorunmadığı qənaətini yaradır.
Faciədən sonra hökumətin informasiyanı xalqdan gizlətməyə cəhd göstərməsi,
televiziyaların bu faciəyə laqeyd qalaraq öz ənənəvi şou-əyləncə proqramını
davam etdirməsi çox böyük narazılıqla qarşılanmışdır.
Azərbaycan hökumətinin faciədən sonra ölkədə matəm elan etməməsi, üstəlik 10
mayda heç bir ciddi əsas olmayan, indiki faciə günlərində isə çox yersiz görünən
“Gül bayramı”na hazırlaşması, faciə qurbanlarının ruhuna, xalqımızın hisslərinə
açıq hörmətsizlikdir.
Vətəndaş Hərəkatına daxil olan siyasi partiyalar iqtidari gec də olsa həlak
olanların 7-si günü- 7 mayda matəm elan etməyə və “Gül bayramını” ləğv etməyə
çağırır.
isagambar.az, 06 may 2009-cu il, Bakı