Növbəti toplantı

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili, ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub. Əvvəlcə 10 iyun 2009-cu il tarixində “Məhəmməd Əmin Rəsulzadə və təhsil” mövzusunda keçiriləcək konfransa hazırlığın gedişatı haqqında məlumat verilib. Zəruri işlərin görülməsi haqqında tapşırıqlar verilib.

Ötən həftə Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bu görüş Qarabağ probleminin həllinə deyil, danışıqların imitasiyasına və problemin həllinin daha çox Moskvadan asılı olduğunu nümayiş etdirməyə xidmət edib.
Orduda yaranmış vəziyyət yenidən müzakirə olunan məsələlər arasında olub. Divan baş verənlərin obyektiv, prinsipial təhqiq edilməsini tələb edib və Müsavat Deputat Qrupu üzvlərinə həvalə edib ki, bu məsələni yenidən Milli Məclisin gündəminə gətirsinlər.

Divanın toplantısı gününün 30 aprel tarixində Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş dəhşətli terrorun qurbanlarının 40-ı gününə təsadüf etdiyi qeyd edilmiş və hadisə nəticəsində həlak olanların yaxınlarına bir daha başsağlığı verilmişdir. Hadisənin üstündən 40 gün keçməsinə baxmayaraq istintaq tərəfindən terrorun motivinin və sifarişçilərinin hələ də müəyyənləşdirilməməsi narahatlıq doğurub.

İclasda həmçinin dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri haqqında da fikir mübadiləsi davam etdirilib.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 08 iyun 2009-cu il, Bakı