Vətəndaşların konstitusion hüquqlarının pozulması ilə bağlı bəyanat

“Regional İnsan Hüquqları və Maarifləndirmə” İctimai Birliyi adlı ictimai təşkilat xeyli vaxtdır ki, təsis edilib. Təşkilatın qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət edilsə də, nazirlik onu qeydiyyata almaqdan imtina edib. Təsisçilər – Lətafət Məlikova, Baha Mikayılov və Nuralı Zərbəliyev Ədliyyə Nazirliyinin bu qanunsuz əməlindən Yasamal rayon məhkəməsinə müraciət ediblər. Yasamal rayon məhkəməsi işə baxılmasını dəfələrlə təxirə saldıqdan sonra nəhayət 01 iyul 2009-cu il tarixində iclas keçirərək iddianı təmin etməyib.

Müsavat Partiyası bunu “Hüquqi şəxslərin dövlət reyestrinin qeydiyyatı” haqqında Qanunun pozulması kimi qeyd edərək, bu özbaşınalığa qəti etiraz edir. Bu yaxınlarda QHT-lərlə bağlı qanunun daha da mürtəceləşdirilməsinə edilmiş cəhdi də nəzərə alaraq bunu hakimiyyətin alternativ fikrə qarşı dözümsüzlüyü, vətəndaşların ölkə Konstitusiyasında təsbit olunmuş İnsan Haqları Konvensiyasının 11-ci maddəsində birləşmək azadlığı hüququnun kobud surətdə tapdanması kimi qiymətləndirir.

Müsavat Partiyası baş vermiş bu qanunsuzluğu qətiyyətlə qınayır və adı çəkilən vətəndaşların Konstitusion hüquqlarının təmin olunmasını tələb edir.

isagambar.az, 08 iyul 2009-cu il, Bakı