Müsavat Partiyasının
b ə y a n a t ı
Bu gün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, partiyanın
Məclis üzvləri, Millət vəkili İkram İsrafil və Mustafa Hacılı bələdiyyələrlə
bağlı zona müşavirəsində iştirak etmək üçün Bərdə rayonuna səfər ediblər.
Müsavat Partiyası rəhbərliyinin təmsilçilərinin Bərdəyə gəlməsindən xəbər tutan
rayon rəhbərliyi “qabaqlayıcı” tədbirlərə əl atıblar. Belə ki, Bərdə rayon polis
rəisinin göstərişi ilə polislər görüş keçirilməsi ehtimal olunan bütün
çayxanaları bağlayıblar. Müsavat Partiyası Bərdə rayon təşkilatının sədri
Müsafir Cəmilli nəhayət ki, görüş üçün kiçik də olsa bir yer tapmağa nail olub.
Görüş qurtarana yaxın İcra Hakimiyyətinin nümayəndələri və onların qohumları,
YAP-ın yerli rayon təşkilatının rəhbərliyi və mülki geyimli polislər görüş
iştirakçılarına hücum ediblər. Hücum dəstəsinə YAP-ın yerli təşkilatının sədr
müavini, kommunal təsərrüfat idarəsinin, eyni zamanda Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidməti müdiri Şamil Behbudov, rayon icra hakimiyyəti başçısının xalası
oğlu, rayonun təzə bazarının sahibi, eyni zamanda Bərdə şəhər bələdiyyəsinin
sədr müavini Nemət Həsənov başçılıq ediblər. Həmin dəstənin tərkibində İH-nin
şöbə müdiri Bəhram Nərimanov və həmin şöbənin işçisi, rayonun baş aqronomu
Əhmədov Əhməd də olublar. Dəstəyə icra aparatının hələlik adlarını dəqiqləşdirə
bilmədiyimiz digər əməkdaşları və bazarda işləyənlər cəlb ediliblər. Bütövlükdə
əməliyyata YAP-ın Bərdə təşkilatının sədri Emin Cəlilov rəhbərlik edib və bir
kənarda dayanaraq prosesi əvvəldən axıradək izləyib.
Müsavat Partiyası Bərdə RT-ından verilən məlumata görə başıpozuq dəstə onlardan
tədbirin dayandırılmasını və Bakıdan gəlmiş qonaqların təcili olaraq rayonun
ərazisini tərk etməyi tələb edib. Onlara tələblərinin qanunsuz olduğunu
bildirəndə, qoçu dəstəsi tədbir iştirakçılarına qarşı zor tətbiq edib. Bütün
bunlar mülki geyimli polis işçilərinin gözü qarşısında baş verib. Hücum RİH
tərəfindən hazırlandığından, başıpozuq dəstənin üzvləri heç nədən çəkinməyiblər.
Onlar Arif Hacılıya, İkram İsrafilə, Müsafir Cəmilliyə və digər partiya
üzvlərinə qarşı güc tətbiq ediblər. İkram İsrafil baş verənlərlə bağlı rayon
icra hakimiyyətinə gedib bu özbaşınalığa son qoyulmasını tələb etmək istəyib.
Lakin İH-nin qapılarını bağlayaraq, “icra başçısı yerində yoxdur” bəhanəsiylə
onu binaya buraxmayıblar.
Bundan sonra Arif Hacılı və İkram İsrafil Yevlax şəhərinə gedib yerli
müsavatçılarla nəzərdə tutulmuş görüşü keçirmək istəyiblər. Lakin Yevlax
şəhərinin girişində yol polisinə aid 6 maşın onların qabağını kəsib. Bildiriblər
ki, onlar Yevlax şəhərinə daxil ola bilməzlər. Millət vəkili İkram İsrafilin
onlara israrla öz statusunu xatırlatmasının heç bir xeyri olmayıb. Onlara
bildiriblər ki, bizə tapşırıq verilib ki, sizi şəhərə buraxmayaq.
Bacarırsınızsa, özünüz yol tapın, şəhərə daxil olun.
Daha sonra Müsavat Partiyası rəhbərliyinin təmsilçiləri nəzərdə tutulmuş növbəti
görüş üçün Zaqatalaya yollanıblar. Müsavatçıları Yevlaxa buraxmayan yol polisi
maşınlarından biri (10 -787 nömrəli) Arif Hacılının mindiyi maşını Şəkiyə qədər
təqib edib.
Bələdiyyə seçkilərinə rəsmi start verilməsindən 24 saat keçməmiş təşkil olunan
bu təxribat hadisəsi göstərir ki, Müsavatın seçki fəaliyyətindən qorxan
hakimiyyət yenə də əvvəlki seçkilərin ssenarisini təkrarlamaq, total təqib və
təzyiqlərlə müxalifəti seçkilərdən kənarlaşdırmaq və elə indidən özlərinə
rəqabətsiz seçki şəraiti təmin etmək istəyir.
Müsavat Partiyası baş vermiş bu hadisəyə qəti etirazını bildirir, təxribatın
bütün iştirakçılarının və təşkilatçılarının cəzalandırılmasını və gələcəkdə bu
tip hadisələrin qarşısının alınmasını tələb edir.
Müsavat Partiyası bir daha bəyan edir ki, hakimiyyətin bütün təxribatlarına
baxmayaraq bələdiyyə seçkilərində iştirak edəcək və cəmiyyətin fəallaşması üçün
Konstitusiya çərçivəsində bütün imkanlardan istifadə edəcək.
isagambar.az, 08 oktyabr 2009-cu il, Bakı