Müsavat Partiyasının
b ə y a n a t ı
Xəbər verildiyi kimi 07 yanvar 2009-cu il tarixdə İsrailin ölkəmizdəki səfirliyi
qarşısında dindarların Fələstin hadisələrinə münasibət bildirmək məqsədilə
etiraz aksiyası keçirilib. Həmin aksiyanı işıqlandırmaq üçün oraya yollanan
“Yeni Müsavat” qəzetinin foto-müxbiri Əfqan Muxtarlı baş verənləri fotoaparatla
çəkərkən polis əməkdaşları onunla amansız davranıblar. Belə ki, Yasamal rayon
Polis İdarəsinin rəisi Möhübbət Hüseynovun göstərişi ilə bir neçə polis əməkdaşı
əynində Mətbuat Şurası və DİN-in birgə hazırladığı jurnalist gödəkçəsi olmasına
baxmayaraq Əfqan Muxtarlıya yaxınlaşaraq ondan çəkilişi dayandırmasını tələb
ediblər. Buna etiraz etdikdə polis rəisinin göstərişi ilə polislər zorla
fotoaparatı Ə. Muxtarlının əlindən alıblar. Hətta onlar digər jurnalistlərin və
orada olan insanların gözü qarşısında çəkinmədən onu vuraraq, yüngül bədən
xəsarəti yetiriblər. Xəsarət nəticəsində Ə. Muxtarlı sol ayağının diz
nahiyəsindən və əllərindən zədə alıb. Polis əməkdaşları onu söydükdən və təhqir
etdikdən sonra zorla polis maşınına oturdublar. Yalnız DİN-in mətbuat xidmətinin
rəhbəri Sadiq Gözəlovla əlaqə saxlanıldıqdan sonra jurnalisti sərbəst
buraxıblar. Sonradan Ə. Muxtarlıdan müsadirə olunan fotoaparatın yaddaş kartı
geri alınarkən məlum olub ki, Bakı şəhər Baş Polis İdarəsində yaddaş kartında
olan, aksiya zamanı çəkilən bir neçə vacib kadr yaddaşdan silinib.
Müsavat Partiyası “Yeni Müsavat” qəzetinin əməkdaşı Əfqan Muxtarlıya qarşı
edilən bu zorakılıq aktını qətiyyətlə pisləyir, bunu azad sözə edilən təcavüz
kimi dəyərləndirir və Azərbaycan hakimiyyətindən belə zorakılıqlara son
qoyulmasını və jurnalistə qarşı zor tətbiq etmiş polis əməkdaşlarının
cəzalandırılmasını tələb edir.
isagambar.az, 09 yanvar 2009-cu il, Bakı