Müsavat Partiyasının
b ə y a n a t ı

Rusiya postsovet məkanında hakim mövqeyini yenidən bərpa etməyə sürəkli cəhdlər göstərməkdə davam edir. Bu günlərdə MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nəzdində Çevik Qüvvələr Kontingentinin yaradılması haqqında qərar qəbul edilməsi bunu bir daha təsdiq edir. Ölkə daxilində iqtisadi böhranın durmadan dərinləşməsinə baxmayaraq Rusiyanın bütün xərcləri öz üzərinə götürərək belə bir hərbi birliyi yaratmaq cəhdi bir daha göstərir ki, bu ölkə regional güc statusu ilə barışmayaraq yenidən fövqəgücə çevrilmək eşqinə düşüb. Azərbaycan üçün Rusiyanın bu addımları kifayət qədər təhlükəli vəziyyət yaradır. Çünki çevik qüvvələrin yaradılacağı təqdirdə onun bir hissəsinin Ermənistanda yerləşdirilə bilməsi təhlükəsi var. Belə olan şəraitdə Ermənistanı təpədən-dırnağa qədər silahlandıran Rusiyanın Azərbaycan üçün sürprizlər hazırladığını görməmək mümkün deyil.

Müsavat Partiyası Azərbaycanın təhlükəsizliyi üçün real təhdidlər yarandığı qənaətindədir. Yaranmış vəziyyətin ciddi surətdə götür-qoy edilməsinə və ölçülü-biçili addımlar atılmasına zərurət yaranır. İlk növbədə “balanslaşdırılmış” adlandırılan xarici siyasət kursunun iflasa uğradığı etiraf edilməlidir. Ən önəmli addımlardan biri Azərbaycanın NATO-ya üzvlük haqda müraciəti ola bilər. Bu kontekstdə ABŞ-la strateji əməkdaşlıq bağlarının daha da möhkəmləndirilməsinə böyük ehtiyac duyulur. Azərbaycanın Avroatlantik məkana birmənalı inteqrasiya xətti yeritməsi də bu sarıdan böyük səmərə verə bilər.

isagambar.az, 09 fevral 2009-cu il, Bakı