Müsavat Partiyasının bəyanatı
Bir neçə gündür ki, yerlərdə Müsavat Partiyasının Bələdiyyə seçkilərində iştirak
etmək üçün namizədliyini irəli sürmüş üzvlərinə qarşı hərtərəfli təzyiq və
təqiblər başlanıb. Ağcabədi və Neftçala rayonlarında bütün sənədlər Dairə Seçki
Komissiyalarına altı gün bundan əvvəl təqdim olunmasına baxmayaraq, hələ də
müsavatçılara imza vərəqələri verilməyib. Tərtər rayon İcra Hakimiyyətinin,
Təhsil Şöbəsinin işçiləri və digər vəzifəli şəxslər Müsavatdan olan namizədlərə
və onların yaxınlarına təzyiq göstərərək namizədliklərini geri götürməyi tələb
ediblər. Eyni problemlər Beyləqan, Sabirabad, Zaqatala, Lənkəran, İsmayıllı və
Dəvəçi rayonlarında da var.
Bundan əlavə seçkilərin gərgin dövrü olmasına baxmayaraq Mərkəzi Seçki
Komissiyası çox nadir hallarda iclaslar keçirir, bazar günləri isə orada heç
kimi tapmaq mümkün olmur.
Müsavat Partiyası bütün bunları Seçki Məcəlləsinin kobud şəkildə pozulması kimi
qiymətləndirir. Hakimiyyət yenə də öz ənənəsinə sadiq qalaraq təqib, təzyiq,
hədə-qorxu və şantaj üsulu ilə Müsavat Partiyasının namizədlərini seçki
prosesindən uzaqlaşdırmaq istəyir. Bu faktların müxtəlif rayonlarda baş verməsi
göstərir ki, əslində təqib və təzyiqlər yalnız yerli rəhbərlərin yox, həm də
yuxarıların sanksiyası ilə həyata keçirilir. Müsavat Partiyası bütün bunlara
özünün qəti etirazını bildirir və bu özbaşınalıqlara son qoyulmasını tələb edir.
isagambar.az, 09 noyabr 2009-cu il, Bakı