Müsavat Partiyasının 2010-cu il dövlət
büdcəsinin layihəsi ilə bağlı bəyanatı
“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikası Qanunun layihəsi hazırda parlamentin müzakirəsinə verilib.
Komitələrdə başa çatan müzakirə bu günlərdə plenar iclasda davam etdiriləcək.
Büdcə ilə ilk tanışlıq onu göstərir ki, növbəti ilin büdcə gəlirləri bu ilin
proqnoz göstəriciləri ilə müqayisədə 18% və ya 2,162 milyard manat azaldılaraq
10,015 milyard manat nəzərdə tutulub. Adətən artımla proqnozlaşdırılan, lakin
hətta ona da baxmayaraq həmişə ölkənin mövcud maliyyə potensialına adekvat
olmayan büdcənin indiki hakimiyyət dövründə ilk dəfə olaraq kəskin azalma ilə
proqnozlaşdırılması bu hakimiyyətin maliyyə-büdcə siyasətində yeni, lakin daha
pis mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu mərhələdə azalan
gəlirlər bir sıra vacib xərclərin, o sıradan da təhsil, elm, səhiyyə, sosial
təminat, kənd təsərrüfatı xərclərini azalmasını şərtləndirir. Ölkədə məşğul
əhalinin əsas hissəsinin bu sahələrdə çalışdığını nəzərə alsaq, onda bu
azalmanın yalnız kəmiyyət səciyyəsi daşımayacağını, birbaşa xüsusilə də az
gəlirli ailələrin büdcəsinin azalmasına, bütövlükdə işsizliyin artımına gətirib
çıxaracağını indidən demək mümkündür. Hazırda xüsusilə də ərzaq məhsullarının
sürətlə bahalaşdığı, əhaliyə satılan qazın, metroda gediş haqlarının bir neçə
dəfə artırıldığı indiki şəraitdə büdcə sektorunda işləyənlərin əmək haqqı
gəlirlərində əhəmiyyətli artım planlaşdırmayan hökumət yenə də hətta azalan
büdcə vəsaitlərinin siyasi hakimiyyətin qorunması və mühafizəsinə yönəltmək
niyyətindədir. Belə ki, ümumi azalmanın fonunda 2010-cu ilin büdcəsində məhkəmə
hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin, bütövlükdə isə idarəetmə
xərclərinin artırılması planlaşdırılır. Belə yanaşma hazırkı hakimiyyətin siyasi
mahiyyətindən irəli gəlir və rejimin möhkəmləndirilməsində büdcə imkanlarının
maksimum səfərbər edilməsinə xidmət edir.
Gələn ilin büdcəsində narahatlıq doğuran məqamlardan biri də qeyri-neft
sektorundan daxil olmaların bu illə müqayisədə 620 milyon manat və ya 20 faizdən
çox azalacağı halda büdcə mədaxilində neft gəlirləri hesabına daxilolmaların
daha üstün tepmlə proqnozlaşdırılmasıdır. Qlobal maliyyə böhranının təsirindən
iqtisadiyyatda və büdcədə əhəmiyyətli problemlərin yarandığını bilə-bilə yenə də
büdcə gəlirlərinin neftin hesabına formalaşdırılması kursuna üstünlük verməklə
proqnozlaşdırılmasına yalnız səriştəsiz hökumətlər rəvac verə bilər. Müsavat
Partiyası hesab edir ki, uzun illər neft sektorundan kənarda alternativ görməyən
siyasi hakimiyyət bu il parlamentin müzakirəsinə təqdim etdiyi büdcə layihəsi
ilə öz iqtisadi siyasətinin iflasını bir daha nümayiş etdirdi.
Həmişə regionların sosial-iqtisadi inkişafından danışan hakimiyyətin
proqnozlarına görə, növbəti ilin büdcəsində yerli gəlirlərin cəmisi 4,6 faiz
təşkil etməsi deyilənlərin təbliğat xarakteri daşıdığını və heç bir iqtisadi
fakta söykənmədiyini sübut edir. Bu isə o deməkdir ki, regionların
sosial-iqtisadi inkişaf proqramı çərçivəsində 7,4 milyard manat vəsait xərclənən
regionlar hətta 5 ildən sonra belə büdcəyə əhəmiyyətli töhfələr vermək
qabiliyyətində deyildir. Çünki, hədəfini büdcə vəsaitləri və yerli sahibkarların
məcburi qoyuluşları hesabına heykəllərin, muzeylərin tikilməsi təşkil edən
regionların sosial-iqtisadi inkişaf proqramından bundan savayı nəs isə gözləməyə
də dəymir.
Beləliklə də 2010-cu ilin büdcə layihəsi ilə tanışlıq bir daha göstərir ki,
növbəti ildən iqtisadiyyatın real sektorunun, büdcə sferasında çalışanların və
pensiyaçıların sosial vəziyyəti indikindən də pis olacaq. Bu isə o deməkdir ki,
hazırkı siyasi hakimiyyət bəyan etdiyi siyasi və iqtisadi kursun əksinə olaraq
iqtisadiyyatda real sektorun, azad sahibkarlığın inkişafında, xalqın rifah
halının yaxşılaşdırılmasında maraqlı deyildir.
Bütün bunları nəzərə alaraq Müsavat Partiyası Parlament üzvlərini 2010-cu ilin
dövlət büdcəsinin parametrlərini, xərc prioritetləri diqqətlə nəzərdən
keçirməyi, yalnız siyasi hakimiyyətin “özəl” maraqlarına xidmət edən xərc
maddələrinin deyil, sosial rifaha, iqtisadi tərəqqiyə müsbət təsir edən xərc
istiqamətlərinin artırılmasına nail olmağa və əks təqdirdə millət vəkillərinin
hazırkı redaksiyada olan büdcəyə səs verməməyə çağırır.
isagambar.az, 09 noyabr 2009-cu il, Bakı