Hökməli qəsəbəsində evlərin sökülməsi ilə bağlı bəyanat
Məlum olduğu kimi, 05 avqust 2009-cu il tarixində Hökməli qəsəbəsində
evlərinin sökülməsinə etiraz edən yerli sakinlərlə polislər və “Binəqədi Oyl”
Neft Şirkətinin əməkdaşları arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində hər
iki tərəfdən xəsarət alanlar olub və 3 nəfər kənd sakini həbs olunub. Son illər
“qanunsuz tikili” adı altında vətəndaşlara məxsus tikililərin əvəzinə heç bir
təzminat ödənilmədən sökülməsi geniş vüsət alıb. Bu, ölkədə qanunsuzluğun,
özbaşınalıq və korrupsiyanın baş alıb getməsinin əyani sübutudur. Belə ki,
insanların əllərində fərdi ev tikintisi üçün yerli bələdiyyədən torpaq sahəsi
ayrılması haqqında sərəncamların olmasına məhəl qoyulmur və bu ərazilərin
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olduğunu əsas
gətirərək tikililər uçurulur. Həmin mübahisəli məsələ ARDNŞ ilə yerli bələdiyyə
arasında məhkəmədə çözülməli olduğu halda, bu işdə heç bir günahı olmayan
insanların evlərinin uçurulması misli görünməmiş ədalətsizlikdir.
Müsavat Partiyası belə hesab edir ki, bütün baş verənlərin məsuliyyəti birbaşa
ölkə rəhbərliyinin üzərinə düşür. Neçə illərdir ki, davam edən bu özbaşınalığa
heç bir reaksiya verilmir, əksinə rüşvətxor məmurların sadə insanların iztirabı
və pulları hesabına varlanmasına şərait yaradılır. Buna etiraz edən insanlara
qarşı güc tətbiq edilir, repressiyaya məruz qoyulur. Məsələ hətta o yerə çatıb
ki, iqtidar yaranmış vəziyyətin ictimaiyyət tərəfindən öyrənilməsinə və
araşdırılmasına da imkan vermir. 09 avqust 2009-cu il tarixində məsələni
araşdırmaq üçün Hökməli kəndinə ezam edilmiş Müsavat Partiyası Məclisinin
katibi, Milli Məclisin deputat köməkçisi Tofiq Yaqublu qəsəbənin ərazisində
qanunsuz olaraq tutularaq 40-cı polis bölməsinə gətirilmiş, yalnız bir müddət
saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Bu fakt bir daha sübut edir ki,
hakimiyyət yaranmış vəziyyətdə özünün günahkar olduğunu bilir, lakin bunun
ictimailəşməməsi üçün qanunsuz addımlar atır.
Müsavat partiyası vətəndaşların evlərinin qanunsuz olaraq sökülməsini qətiyyətlə
pisləyir və hakimiyyəti öz məsuliyyətini dərk edərək, həmin insanların
hüquqularını pozmamağa, bu işdə günahı olan müvafiq struktur və vəzifəli şəxslər
haqqında ciddi tədbirlər görməyə çağırır.
isagambar.az, 10 avqust 2009-cu il, Bakı