Müsavat Partiyasının
b ə y a n a t ı

Rusiya yenidən regional sülh və sabitliyi təhdid edən və Azərbaycanla Ermənistan arasında strateji qüvvələr nisbətini öz hərbi-siyasi müttəfiqinin xeyrinə dəyişəcək addım atıb. Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar prosesinin yeni mərhələyə qədəm qoyduğu bir dövrdə Rusiyadan işğalçı Ermənistana 800 milyon dollar dəyərində və 91 adda silah növünün verilməsi gedən danışıqlar prosesində sülhün əldə olunmasına xidmət etmir. Nəzərə alsaq ki, buna bənzər addım Rusiya tərəfindən artıq neçənci dəfədir ki, atılır, üstəlik, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ötən ilin axırlarında Moskvada Ermənistan və Azərbaycanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair xüsusi Bəyannamə qəbul edilməsinin təşəbbüskarı kimi çıxış edib, onda baş verənləri anlamaq və qəbul etmək mümkün deyildir. Digər tərəfdən, bu addımla ATƏT-in Avropada adi silahların və silahlı qüvvələrin kvotasına dair cinah sazişinin pozulduğunu da nəzərə alsaq, bu addımın kifayət qədər qızışdırıcı və destruktiv olduğu, Dağlıq Qarabağ probleminin həllində yeni maneələr yaratdığı da qeyd edilməlidir.

Azərbaycan hökumətinin isə bu faktla bağlı hələ də praktiki addımlar atmaması, yaranmış vəziyyətin beynəlxalq təşkilatların diqqətinə çatdırmaqda ləngiməsi xüsusi təəccüb doğurur.

Müsavat Partiyası Azərbaycan iqtidarını bu məsələdə prinsipial mövqe tutmağa, Minsk Qrupunun həmsədri olan Rusiyanın regionda təcavüzkar dövlətin durmadan silahlandırılmasına yönəldilmiş addımlarının qarşısını almaq üçün təsirli siyasi-diplomatik addımlar atmağa çağırır.

isagambar.az, 12 yanvar 2009-cu il, Bakı