Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyətinə və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
edilib.
Bələdiyyə seçkiləri ilə bağlı Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər
və Məclis üzvü Tapdıq Abbasın Saatlı, Sabirabad, İmişli, Beyləqan və Füzuli;
Müsavat Partiyası Başqanının müavini Qabil Hüseynli və partiya fəalı Elman
Fəttahın Neftçala, Salyan və Hacıqabul; Mərkəzi İcra Aparatının rəhbəri Arif
Hacılı, Millət vəkili İkram İsrafil, partiya Məclisinin komissiya sədri Mustafa
Hacılının Bərdə, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ; Divan üzvü Osman Kazım və
partiya Məclisinin katibi Tofiq Yaqublunun Kürdəmir, Zərdab, Mingəçevir, Göyçay
və Ağdaş; partiya Başqanının müavini Mehman Cavadoğlunun Ağsu, Şamaxı və
Qobustan; Divan üzvü Gülağa Aslanlı və Məclis üzvü Hidayət İsmayılovun
Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik, Millət
vəkili Arzu Səmədbəyli və partiya Məclisinin komissiya sədri Məmməd Zeynalovun
Naxçıvan Muxtar Respublikasındakı rayon təşkilatlarının fəalları ilə görüşləri
haqqında məlumat verib.
Əksər rayonlarda görüşlər hakimiyyət nümayəndələrinin “xüsusi diqqəti” altında
keçirilsə də, Bərdə rayonunda İcra Hakimiyyəti nümayəndələrinin və Yeni
Azərbaycan partiyası rəhbərlərinin özbaşınalığı istisna olunmaqla digər
rayonlarda xüsusi insident baş verməyib.
Partiyanın Divanı Bərdədə baş verən hadisələrlə bağlı Mərkəzi Seçki
Komissiyasına rəsmi müraciət ünvanlamağı Seçki Departamentinə həvalə edib. Bu
məsələnin Milli Məclisdə müzakirəyə çıxarılmasını Müsavat Deputat Qrupuna
tövsiyyə edib. Bölgələrdə görüşlərin davam etdirilməsi ilə bağlı müvafiq
tapşırıqlar verilib.
Türkiyə-Ermənistan münasibətlərinin nizama salınması ilə bağlı protokolların
imzalanması məsələsi müzakirə edilib. Bu məsələnin partiyanın daima diqqət
mərkəzində olduğunu, partiyanın son Məclisinin bəyanat qəbul etdiyini, Türkiyə
dövlət rəsmilərinin bəyanatlarının arxasında duracaqlarına ümidvar olduqlarını
bildirib.
Divan protokolların imzalanmasının regionda ciddi dəyişikliklərə səbəb ola
biləcəyini qəbul etməklə həm Türkiyə, həm də Azərbaycan iqtidarının bu
dəyişikliklərin Qarabağ məsələsinin ədalətli həllinə və iki qardaş ölkə arasında
münasibətlərin daha da yaxşılaşmasına yönəlməsinə cəhd göstərməyi məqsədəuyğun
hesab edir.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 12 oktyabr 2009-cu il, Bakı