MÜSAVAT SEÇKİ PLATFORMASINI AÇIQLADI
İsa Qəmbər bələdiyyəyə namizədlərlə görüşdə hakimiyyətə və beynəlxalq qurumlara mesaj göndərdi

Dünən Müsavat Partiyasının qərargahında partiya rəhbərliyinin bələdiyyələrə namizədlərlə görüşü keçirildi. Toplantıda bələdiyyə seçkiləri ilə bağlı vəziyyət müzakirə olundu. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı seçki ilə bağlı hədəflərdən danışdı. 116 seçki dairəsində 1000-dək namizəd irəli sürüldüyünü deyən A.Hacılı bir çox yerlərdə onların qeydə alınmadığını bildirdi: “Müsavat 2004-cü il bələdiyyə seçkilərində iştirak etməyib. 1999-cu il bələdiyyə seçkiləri qanun pozuntuları və təzyiqlərlə müşayiət olunsa da partiya builki seçkilərin ilkin mərhələsindəki qədər təzyiqlərlə üzləşməmişdi. MSK partiya xətti ilə 150 namizədin irəli sürüldüyünü deyir. 470 nəfər partiya mənsubiyyətini göstərmədən qeydiyyata alınıb”.

A.Hacılı dedi ki, hakimiyyət bələdiyyə seçkilərinin taleyini əvvəldən həll edib: “Əvvəlki seçkilərdə seçki kampaniyası var idi. İndi də debatlara şərait yaratmaq mümkün idi. Amma hakimiyyət sovet dövründə olduğu kimi seçki keçirməyə üstünlük verir. İnanıram ki, Müsavatın azsaylı namizədlərinin apardığı seçki kampaniyası ölkədə ciddi əks-səda yaradacaq”.

Müsavat Partiyası Mərkəzi Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı partiya rəhbərliyinin bölgələrə səfərindən və MSK-nın özbaşınalıqlarından danışdı. O, seçki ilə bağlı şikayətlərin araşdırılmasının sıfıra endiyini dedi: “MSK-ya edilən 13 şikayət ərizəsinin heç biri təmin olunmayıb. Hakimiyyət seçkidən qorxuya düşüb. Namizədlərin siyahısı MSK-ya təqdim edildi. Amma qeydiyyat məsələsi 6 gün ləngidildi. Seçki Məcəlləsi normal seçki keçirməyə şərait yaratmır. MSK-nın təlimatları da seçki prosesini xeyli çətinləşdirib”.

G.Aslanlı qanun pozuntusu hallarının çox olduğunu bildirdi. İlkin mərhələdə qeydiyyatla bağlı 28 şikayətin təmin olunduğunu deyən Müsavat yetkilisi onu da bildirdi ki, şikayətlər sonrakı dövrlərdə daha da artıb. MSK onları araşdırmamaq üçün ərizələrin vaxtında göndərilmədiyini bəhanə gətirib. G.Aslanlı qeydə alınan namizədlərə müraciət edərək dedi ki, Seçki Məcəlləsinə əsasən onların üç vəkil təyin etmə ixtiyarı var: “Bunun üçün dairəyə ərizə ilə müraciət etmək lazımdır. Dekabrın 13-dək isə dairələrə ikinci maliyyə hesabatı təqdim etmək lazımdır”.

A.Hacılı maliyyə məsələsi ilə bağlı partiyanın ciddi problemlərinin olduğunu söyləyib əlavə etdi ki, partiya namizədlərə yardım edə bilməyəcək: “Seçki Məcəlləsinə görə, MSK bələdiyyələrin 1/2 və ya 1/3-dən namizəd sürən partiyaya maliyyə ayırmalıdır. Namizədlərimizin sayı qanunda nəzərdə tutulduğundan çox olsa da MSK seçki kampaniyasına maliyyə ayırmaq istəmir”.

İctimai-siyasi proseslərdə partiyanın bütün gücü ilə iştirak etdiyini deyən Müsavat başqanı İsa Qəmbər bələdiyyə seçkilərində də ciddi mövqe ortaya qoyulduğunu söylədi: “Hakimiyyət Müsavatı seçkidən kənarda qoymağa çalışırdı. Amma əhalinin 70 faizini təşkil edən bələdiyyələrdə namizədimiz var”.

İ.Qəmbər bələdiyyə seçkiləri ilə bağlı Müsavat Partiyasının öz platformasını hazırladığını da bəyan etdi: “Artıq seçki ilə əlaqədar ”Bələdiyyə vətəndaşlara xidmət etmək üçündür!", “Bələdiyyə vətəndaşların mülkiyyət hüququna zəmanət vermək üçündür!”, “Vətəndaşın ilk müraciət yeri bələdiyyə olmalıdır!”, “Bələdiyyə onun ərazisində yaşayan vətəndaşların ümumi evidir!” şüarları platformaya daxil edilib. İslahatlar sahəsində Bakıda Böyükşəhər bələdiyyəsinin yaradılması, rayon və şəhər mərkəzlərində bələdiyyə sədrlərinin birbaşa seçilməsi təşəbbüsünü də qaldırmışıq. Bələdiyyələri icra hakimiyyəti orqanlarının kölgəsindən çıxarmaq lazımdır. Bələdiyyələrin işi sahəsində bələdiyyə mülkiyyətini qorumaq, sosial sahədə bələdiyyə ərazisində yaşayan kimsəsiz və imkansız vətəndaşların qayğısına qalmaq, bələdiyyə ərazisində yaşayan şəhid ailələrinə maddi və mənəvi dayaq olmaq, əsgər analarını xüsusi diqqətdə saxlamaq da platformaya daxil edilib. Bələdiyyənin büdcəsinin artırılmasına da diqqət yetiriləcək. Təkliflərimizə bələdiyyə ərazisində istehsalat yönlü sənaye obyektlərinin tikilməsinə şərait yaratmaq, bələdiyyə ərazisinə investisiya qoyulmasına iş adamlarını cəlb etmək də daxildir. Təkliflərimiz sırasında ən yaxşı bələdiyyə uğrunda mübarizə aparmaq, dost ölkələrin bələdiyyələri ilə təcrübə mübadiləsi aparmaq da var".

Müsavat başqanı dedi ki, bələdiyyə seçkiləri hakimiyyətin sonunun başlanğıcı olmalıdır: “Rejimin dayaqlarını itirməsi göz qabağındadır. Uzağa getmək lazım deyil. Mətbuat Ramiz Mehdiyevin növbəti məqaləsini çap edib. O, məqaləsində bütün sahələrin bərbad vəziyyətdə olmasını etiraf edir. Yazır ki, Prezident Administrasiyasına iki savadlı hüquqşünas tapa bilmir. Emin Milli və Adnan Hacızadə kimi kadrları həbsə atır, Erkin Qədirli kimi hüquqşünası kənarda qoyur, sonra da deyirlər ki, kadr tapa bilmirlər. Təhsili biabırçı vəziyyətə salan İlham Əliyev, Ramiz Mehdiyev deyilmi? Alimə qəpik-quruş verirsinizsə, təhsili korrupsiya yuvasına çevirmisinizsə, bu sahədən nə gözləyirsiniz? Alimlərin evi hansısa oliqarxın xeyrinə əlindən alınır. Sonra da onlardan elmi əsərlər gözləyirlər. Ölkədə savadlı gənclər kifayət qədərdir. Görün onlar Ramiz Mehdiyevin aparatında işləmək, rüşvət bataqlığına qatılmaq istəyirmi?”

İ.Qəmbər Avropa Şurasının strukturlarına da mesaj göndərdi: “Avropa Şurasının nümayəndə heyətinin YAP-çıları ayrıca qəbul etməsi onların məsələyə qeyri-ciddi yanaşmasından xəbər verir. Avropa Şurası strukturlarına çatdırıram ki, davranışlarına diqqət etsinlər. Qurum son zamanlar formal struktura çevrilməkdə və prinsiplərini unutmaqdadır. ”Aqo" qrupunun nümayəndələri onlara vicdan məhbusları ilə görüşməyə verilən icazəni demokratiya sahəsində irəliləyiş adlandırır. Bu məntiqsiz bəyanata qiymət vermək də çətindir".

Beynəlxalq birliyin Balkanlarda missiyasını bitirdiyini və Cənubi Qafqaz məsələsi ilə məşğul olmağa başladığını vurğulayan İ.Qəmbər Azərbaycanla bağlı dəyişikliklərin 2010-cu il parlament seçkilərində baş verməsi ehtimalının yüksək olduğunu bildirdi.

Sonra bölgələrdən gələn namizədlər çıxış etdi. Neftçala sakini Hacı Xalid Fərəcov Azərbaycanda qanunun yox, qanunu idarə edən kresloların olduğunu söylədi. Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı namizədlərə partiya emblemi, ya da Müsavat başqanının fonunda plakatlar hazırlanmasını təklif etdi.

Leyla İLQAR, Yeni Müsavat, 12.12.2009
http://www.musavat.com/new/Siyas%C9%99t/66124-M%C3%9CSAVAT_SE%C3%87K%C4%B0_PLATFORMASINI_A%C3%87IQLADI