Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyətinə və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə edilib. Müsavat Partiyası Qadınlar Təşkilatının ümumi yığıncağının gələn ayın birinci ongünlüyündə keçirilməsi məqsədəuyğun sayılıb.

Qarşıdan gələn Bələdiyyə seçkilərinə hazırlığın gedişi müzakirə olunub və konkret tapşırıqlar verilib.

Toplantıda Sentyabrın 15-də Bakının işğaldan azad olunmasının ildönümü ilə bağlı Şəhidlər Xiyabanındakı Türk əsgərinin məzarının saat 11:00-da Vətəndaş Hərəkatına daxil olan partiyalarla birgə ziyarət olunacağı qeyd edilib.

Sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 14 sentyabr 2009-cu il, Bakı