Müsavat Partiyasının
b ə y a n a t ı


Dünən bir sıra Gənclər Təşkilatlarının nümayəndələri Tarif Şurasının Bakı Metropolitenində qiymətlərin 3 dəfə artırılmasına etiraz əlaməti olaraq “Elmlər Akademiyası stansiyasının yaxınlığındakı Hüseyn Cavid bağında piket keçiriblər. Piket başlayan kimi polislər piket iştirakçılarına hücum edərək, onları vəhşicəsinə döyüb və küçə söyüşləri ilə təhqir ediblər.

11 nəfər həbs olunaraq yaxınlıqdakı 27 saylı polis şöbəsinə aparılıb. Həbs olunanlar arasında Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, təşkilatın sədr müavini Əhəd Məmmədli, təşkilat üzvləri Ayaz Xəlilov, Elvin Tağıyev, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, “Qırmızı Gənclərin Avanqardı-Bakı” təşkilatının üzvü Rüfət Abbasov, eləcə də Cəmil Hacıyev, Vüsal Bacar, Sərxan Mehdi, Araz Qasımov və Murad Əlimərdanov da var. Polis bölməsində də gənclər polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıblar. Belə ki, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, təşkilatın sədr müavini Əhəd Məmmədli, ADP Gənclər Təşkilatının təmsilçisi Cəmil Hacıyev vəhşicəsinə döyülərək, xəsarət alıblar. Daha sonra tutulanlar Yasamal Rayon Məhkəməsinə aparılıb. Məhkəmədə Tural Abbaslı və Əbülfəz Qurbanlı 20 manat məbləğində cərimələnib, digərlərinə isə xəbərdarlıq edilib və gənclər sərbəst buraxılıb.

Müsavat Partiyası polisin dinc aksiyanı dağıtmasını, aksiya iştirakçılarına qarşı fiziki zor tətbiq etməsini ölkədə sərbəst toplaşmaq azadlığının olmamasının növbəti faktı kimi qiymətləndirir və buna qəti etirazının bildirir. Biz, habelə piketçilərlə qəddar davranan, səlahiyyət həddini aşan polislərin və onlara bu əmri verənlərin sərt şəkildə cəzalandırılmasını tələb edirik.

isagambar.az, 14 oktyabr 2009-cu il, Bakı