Emin Millinin 30 yaşının tamam olması münasibətilə təbrik

Müsavat Partiyasının Başqanı İsa Qəmbər Emin Millini 30 yaşı tamam olması münasibətilə təbrik edib. Təbrikdə deyilir

“Hörmətli Emin bəy!

Ad gününüzü təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayıram.

Siz Azərbaycanın demokratik fikirli, azad düşüncəli mübariz gəncliyinin nümayəndəsisiniz. Ən gənc yaşlarından öz bacarığınızı, qabiliyyətinizi və intellektinizi ölkədə azad və demokratik cəmiyyət quruculuğu uğrunda mübarizəyə həsr etmisiniz. Bu gün Siz, məhz buna görə Adnan Hacızadə ilə birlikdə şərlənərək həbs edilmisiniz. İndi nəinki Azərbaycanda, onun sərhədlərindən çox-çox uzaqlarda da demokratik dəyərlərə hörmət edən qurumlar, insanlar sizin müdafiənizə qalxıblar. Bu gün dünyanın bir çox ölkələrində, hətta Sizi şəxsən tanımayan gənclər ad gününüzü qeyd edir. Bu həm Sizin şəxsiyyətinizə, həm də uğrunda mübarizə apardığınız dəyərlərə hörmətin təcəssümüdür.

Mən də bir əqidə dostu kimi Sizin ad gününüzü təbrik edir, şəxsi həyatınızda xoşbəxtlik, ictimai fəaliyyətinizdə uğurlar arzulayıram. Ümid edirəm ki, haqq-ədalət tezliklə qalib gələcək, Siz də, Adnan da və bu gün qanunsuz olaraq həbsdə yatan digər əqidə dostlarımız da tezliklə məhbəsdən çıxacaq və azadlıq uğrunda mübarizəni azadlıqda davam etdirəcəksiniz”.

isagambar.az, 14 oktyabr 2009-cu il, Bakı