Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
olunub.
Gündəlikdə əsas müzakirə olunan məsələ Bələdiyyə seçkiləri ilə bağlı olub.
Müsavatçı namizədlərin təbliğat kampaniyasının gedişatı haqqında məlumat
dinlənilib və müvafiq tapşırıqlar verilib. Qeyd edilib ki, Seçki Məcəlləsində
namizədlərini irəli sürmüş siyasi partiyaların vahid seçki fonduna maliyyə
ayrılmasının birmənalı şəkildə göstərilməsinə və bununla bağlı MSK-ya rəsmi
müraciət edilməsinə baxmayaraq, oradan partiyaya mənfi cavabı verilib.
Dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkilərinin səsvermə bülletenlərinin
nümunələrində Müsavat Partiyası MP şəklində göstərilib. Bunun ciddi qanun
pozuntusu olduğu və seçiciləri çaşdırmaq məqsədi ilə edildiyi qeyd edilib.
Müsavat Partiyasının adının qısa yazılış forması yoxdur və MSK-ya əvvəlcədən
təqdim edilmiş sənədlərdə göstərilib. Divan bu haqda Milli Məclisdə məsələ
qaldırılması ilə bağlı Müsavat Deputat Qrupunun üzvlərinə tapşırıq verib. Qeyd
edilib ki, əgər MSK bu pozuntunu düzəltməsə, məhkəməyə şikayət ediləcək və işin
Avropa İnsan Haqları Məhkəməsində udulması perspektivi tamamilə realdır.
Bu ilin sentyabrın 30-da Milli Məclisdə qəbul edilmiş qanuna görə istehlakçılara
işıq, qaz və su sayğaclarının pulsuz olaraq quraşdırılması nəzərdə tutulsa da,
həmin qanunun ölkə başçısı tərəfindən imzalanmaq və rəsmi dövlət qəzetlərində
dərc olunmuş variantında mətndə istehlakçıların ziyanına olan dəyişiklik edilib.
Divan qətiyyətlə bildirib ki, bu hər hansı texniki yanlışlıq olmayıb, bu işdə
ciddi korrupsiya maraqları olan dairələrin əli ilə edilmiş düzəlişdir. Bu
məsələnin Milli Məclisdə qaldırılması Müsavat Deputat Qrupunun üzvlərinə həvalə
edilib. Eyni zamanda qərara alınıb ki, baş vermiş hadisə cinayət xarakterlidir
və Müsavat Partiyası Konstitusiya Məhkəməsinə müraciət etmək də daxil olmaqla
müvafiq addımlar atacaq.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 14 dekabr 2009-cu il, Bakı