Müsavat Partiyası artıq zəncirvari proses halını almış iyrənc siyasətə son qoyulmasını tələb edir

Hakimiyyətin “Qeyri-Hökumət Təşkilatları Haqqında Qanun”a etmək istədiyi dəyişikliklər cəmiyyətdə haqlı olaraq böyük etirazla qarşılanıb. Siyasi partiyaların fəaliyyətini mümkün həddə qədər məhdudlaşdıran, azad mətbuatı sıradan çıxartmaq üçün bütün təzyiq və təqib üsullarından yararlanan, hər addımbaşı inanclı insanların heysiyyatı ilə oynayan, ibadət yerlərini müxtəlif bəhanələrlə bağlayan iqtidar indi də qeyri-hökumət sektorunu tamamilə sıradan çıxartmaq və ya özünün itaətkar əlavəsinə çevirmək istəyir. Bu siyasət ölkədə demokratiyanın son işartılarını da söndürmək və faktiki olaraq mütləq diktatura rejiminin qurulmasına yönəlib. Ən acınacaqlısı isə odur ki, bütün bunlar Avropa Şurasının üzvü olan, demokratik dünyaya inteqrasiyanın əsas prioritet olduğu ən yüksək rəsmi səviyyələrdə dəfələrlə bəyan edilən bir ölkədə baş verir.

Müsavat Partiyası bütün bunlara qarşı özünün kəskin etirazını bildirir və hakimiyyətdən demokratiyanın boğulmasına yönələn və artıq zəncirvari proses halını almış bu iyrənc siyasətə son qoyulmasını tələb edir. Biz, habelə prosesə etiraz etmək üçün yaradılmış QHT koalisiyasının fəaliyyətinə tam dəstək verir və onların etiraz aksiyalarında iştirak edəcəyimizi bəyan edirik. Partiya Azərbaycanda demokratiyanın qurulmasında maraqlı olan dövlətlərə və beynəlxalq qurumlara müraciət edərək onları bu zərərli prosesin dayandırılması üçün öz nüfuzlarından və təsir rıçaqlarından maksimum istifadə etməyə çağırır.

isagambar.az, 15 iyun 2009-cu il, Bakı