Növbəti toplantı

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub.
Yığıncağın əvvəlində İkram İsrafil bir qrup millət vəkili və hüquq müdafiəçiləri ilə birlikdə ölkənin Qərb bölgəsində yerləşən hərbi hissələrə səfəri haqqında geniş məlumat verdi. Divan Müdafiə Naziriliyi tərəfindən təşkil edilmiş bu səfəri son dövrlərdə baş vermiş neqativ hadisələr fonunda ordunun cəmiyyətə açıq və orada hər şeyin qaydada olması görüntüsü yaratmaq məqsədilə təşkil edildiyini vurğulayıb və Müsavat Partiyasının həmçinin bütövlükdə cəmiyyətin ordunu daim diqqət mərkəzində saxlamasını zəruri hesab edib.

İyunun 10-da “Məhəmməd Əmin Rəsulzadə və təhsil” mövzusunda keçirilmiş konfrans haqqında fikir mübadiləsi aparılıb, tədbir təqdir edilməklə yanaşı qərara alınıb ki, M. Ə. Rəsulzadənin 125 illik yubileyi çərçivəsində tədbirlər davam etdirilsin.

Milli Məclisin iyunun 19-da QHT, KİV və din azadlığı haqqında qanunlara əlavə və düzəlişlər etməyə hazırlaşması gündəliyin əsas müzakirə mövzusu olub. Təklif olunan əlavə və düzəlişlərin əksəriyyətinin mürtəce xarakterdə olması, bununla da hakimiyyətin vətəndaş cəmiyyətini tamamilə məhv etməyə çalışması qeyd edilib. Divan bu məsələ haqqında ayrıca bəyanat qəbul edib (bəyanatın mətni əlavə edilir).

Yığıncağın sonunda İran İslam Respublikasında keçirilmiş Prezident seçkiləri müzakirə olunub və bu barədə ayrıca bəyanat qəbul edilib (bəyanatın mətni əlavə edilir).

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 15 iyun 2009-cu il, Bakı