Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
sədri cənab Məzahir Pənahova
Bakı şəhəri 15 oktyabr 2009
B-1
Hörmətli cənab Pənahov!
Diqqətinizə çatdırırıq ki, Mərkəzi Seçki Komissiyasının 7 oktyabr 2009-cu il
tarixində keçirilən yığıncağında bələdiyyə seçkilərinin 23 dekabr 2009-cu ilə
təyin olunması haqqında qərar qəbul edilib.
Qərarın qəbulundan sonrakı gün - oktyabrın 8-də Müsavat Partiyası Mərkəzi İcra
Aparatının rəhbəri Arif Hacılı, partiyanın Məclis üzvləri - millət vəkili İkram
İsrafil və Mustafa Hacılı bələdiyyə seçkiləri ilə bağlı zona müşavirəsində
iştirak etmək üçün Bərdə rayonuna səfər edib. Müsavat Partiyası rəhbərliyinin
təmsilçilərinin Bərdəyə gəlməsindən xəbər tutan rayon rəhbərliyi zorakılığa əl
ataraq bələdiyyə seçkiləri ilə bağlı tədbiri pozublar. Belə ki, Bərdə rayon
polis rəisinin göstərişi ilə polislər görüş keçirilməsi ehtimal olunan bütün
çayxanaları bağlayıb (rayon təşkilatının qərargahı yoxdur). Müsavat Partiyası
Bərdə rayon təşkilatının sədri Müsafir Cəmilli görüş üçün kiçik də olsa bir yer
tapmağa nail olub.
Görüş zamanı Bərdə rayon İcra Hakimiyyətinin nümayəndələri və onların qohumları,
YAP-ın yerli rayon təşkilatının rəhbərliyi və mülki geyimli polislər görüş
iştirakçılarına hücum edib. Hücum dəstəsinə YAP-ın yerli təşkilatının sədr
müavini, kommunal təsərrüfat idarəsinin, eyni zamanda Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidməti Bərdə şöbəsinin müdiri Şamil Behbudov, rayon icra hakimiyyəti
başçısının xalası oğlu, rayonun təzə bazarının sahibi, eyni zamanda, Bərdə şəhər
bələdiyyəsinin sədr müavini Nemət Həsənov başçılıq edib. Həmin dəstənin
tərkibində icra hakimiyyətinin şöbə müdiri Bəhram Nərimanov və həmin şöbənin
işçisi, rayonun baş aqronomu Əhməd Əhmədov da olub. Dəstəyə icra aparatının
hələlik adlarını dəqiqləşdirə bilmədiyimiz digər əməkdaşları və bazarda
işləyənlər cəlb edilib. Bütövlükdə əməliyyata YAP-ın Bərdə təşkilatının sədri
Emin Cəlilov rəhbərlik edib və bir kənarda dayanaraq prosesi əvvəldən axıradək
izləyib.
Müsavat Partiyası Bərdə rayon təşkilatından verilən məlumata görə, başıpozuq
dəstə onlardan tədbirin dayandırılmasını və Bakıdan gəlmiş qonaqların təcili
olaraq rayon ərazisini tərk etməyi tələb edib. Onlara tələblərinin qanunsuz
olduğunu bildirəndə, qoçu dəstəsi tədbir iştirakçılarına qarşı zor tətbiq edib.
Bütün bunlar mülki geyimli polis işçilərinin gözü qarşısında baş verib. Hücum
rayon icra hakimiyyəti tərəfindən hazırlandığından, başıpozuq dəstənin üzvləri
heç nədən çəkinməyiblər. Onlar Arif Hacılıya, İkram İsrafilə, Mustafa Hacılıya,
Müsafir Cəmilliyə və digər partiya üzvlərinə qarşı güc tətbiq ediblər. İkram
İsrafil baş verənlərlə bağlı rayon icra hakimiyyətinə gedib, bu özbaşınalığa son
qoyulmasını tələb etmək istəyib. Lakin icra hakimiyyətinin qapılarını
bağlayaraq, “icra başçısı yerində yoxdur” bəhanəsi ilə onu binaya buraxmayıblar.
Bərdə rayonunda təzyiqlə üzləşdikdən sonra Arif Hacılı, İkram İsrafil və Mustafa
Hacılı Yevlax şəhərinə gedib yerli müsavatçılarla nəzərdə tutulmuş görüşü
keçirmək istəyib. Lakin Yevlax şəhərinin girişində yol polisinə aid 6 maşın
onların qabağını kəsib. Bildiriblər ki, onlar Yevlax şəhərinə daxil ola
bilməzlər. Millət vəkili İkram İsrafilin onlara israrla öz statusunu
xatırlatmasının heç bir xeyri olmayıb. Onlara bildiriblər ki, bizə tapşırıq
verilib ki, sizi şəhərə buraxmayaq. Bacarırsınızsa, özünüz yol tapın, şəhərə
daxil olun.
Daha sonra Müsavat Partiyası rəhbərliyinin təmsilçiləri nəzərdə tutulmuş növbəti
görüş üçün Zaqatalaya yollanıblar. Müsavatçıları Yevlaxa buraxmayan yol polisi
maşınlarından biri (10 -787 nömrəli) Arif Hacılının idarə etdiyi maşını Şəkiyə
qədər təqib edib.
Oktyabrın 9-da Müsavat Partiyasının təmsilçiləri Qax, Şəki və Qəbələ
rayonlarında bələdiyyə seçkiləri ilə bağlı müşavirələr keçirib, bu rayonlarda
yerli müsavatçılara Mərkəzi Seçki Komissiyasının və Müsavat Partiyasının
təlimatlarını təqdim edib. Bu rayonlarda Müsavat Partiyası təmsilçilərinə xüsusi
maneçilik törədilməsə də, onların hərəkəti qanunsuz olaraq izlənilib. İzlənmə
əməliyyatına yerli icra hakimiyyəti nümayəndələri, polis əməkdaşları, yol polisi
əməkdaşları, MTN əməkdaşları və YAP-ın yerli strukturlarının nümayəndələri
səfərbər edilib. İzlənmə zamanı 10 -787 nömrəli yaşıl rəngli “Opel Vectra”, 10 –
777 nömrəli “Mersedes”, K – 7777 – D (Almaniya nömrəli) “Mersedes” və bir neçə
nömrəsiz avtomobillərdən, eləcə də yol polisinə məxsus avtomobillərdən istifadə
edilib.
Bələdiyyə seçkilərinə rəsmi start verilməsindən 24 saat keçməmiş təşkil olunan
bu qanunsuz əməllər göstərir ki, Müsavat Partiyasının seçki fəaliyyətindən,
bələdiyyə seçkilərində iştirakından qorxuya düşən hakimiyyət nümayəndələri yenə
də bütün icra və hüquq-mühafizə strukturlarını qanunsuz olaraq seçki prosesinə
müdaxiləsinə rəvac verməklə, total təqib və təzyiqlərlə müxalifəti seçki
posesindən kənarlaşdırmaq və elə indidən özlərinə rəqabətsiz seçki şəraiti
yaratmağı təmin etmək istəyir.
Səlahiyyətləriniz daxilində baş vermiş bu hadisənin araşdırılmasını, onu törədən
bütün şəxslərin və təşkilatçıların qanunauyğun şəkildə cəzalandırılmasını təmin
etməyinizi Sizdən xahiş edirik.
Görülən tədbirlər haqqında göstərilən ünvana məlumat bildirməyinizi xahiş
olunur:
Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, poçt indeksi – 1130.
Tel: (012) 448 23 82, (050) 210 37 83
Müsavat Partiyası Seçki
Departamentinin rəhbəri Gülaga Aslanlı
isagambar.az, 15 oktyabr 2009-cu il, Bakı