Müsavat Partiyası Mətbuat Xidmətinin açıqlamaları:

“Ölkədə demokratik cəmiyyətin qurulması üçün ilk növbədə azad və ədalətli seçkilər keçirilməli, xalqın iradəsinə uyğun olan hakimiyyət strukturları formalaşmalıdır. Demokratik seçkilərin keçirilməsi üçün isə bütün seçki komissiyalarının hakimiyyətin nəzarəti altından çıxarılması zəruridir.

Müsavat Partiyası bu amili nəzərə alaraq hakimiyyət tərəfindən seçki komissiyalarında ona təklif edilmiş minlərlə komissiya üzvü yerindən imtina etmiş, bunun nəticəsində seçki komissiyalarının hakimiyyət və müxalifət nümayəndələrindən ibarət olmaqla paritet əsaslarla formalaşması mövzusunun aktuallığı qorunmuşdur.

Belə bir məqamda özünü müxalifət partiyası adlandıran “Ümid” partiyası seçki komissiyalarında təmsil olunmağa razılaşmış bununla da Müsavat və digər müxalifət partiyaları üçün ayrılan yerləri qismən dolduraraq demokratik dövlət quruculuğu istiqamətində aparılan siyasi mübarizəyə xələl gətirmişdir.

“Ümid” partiyası adından seçki komissiyalarına təyin edilmiş komissiya üzvlərinin siyahılarının bəzi hallarda yerli icra hakimiyyəti orqanları və YAP rayon təşkilatları tərəfindən müəyyənləşdidiyi ilə bağlı faktlar üzə çıxmış, bu faktlar “Ümid” rəhbərliyi tərəfindən qismən etiraf edilmişdir.

“Ümid” partiyası adından seçki komissiyalarında olan üzvlərin əksəriyyəti 2008-ci il Prezident seçkilərində və 2009-cu ildə keçirilən Referendumda seçki saxtakarlıqlarına qarşı çıxmamış, seçki saxtakarlıqları barədə faktların toplanması və ictimailəşdirilməsi istiqamətində fəallıq göstərməmiş, əksinə bir çox seçki komissiyalarında saxtakarlığa göz yummuş, saxtakarlığa yol verən komissiya üzvləri ilə əməkdaşlıq etmişlər.

“Ümid” partiyası adından seçki komissiyalarında təmsil olunan şəxslərin əksəriyyəti saxta protokollara imza atmışlar.

Son dövrlərdə “Ümid” partiyası strukturlarının hakimiyyət strukturları ilə əməkdaşlığı, bir sıra rayonlarda yerli icra hakimiyyəti orqanlarının və YAP yerli təşkilatları rəhbərlərinin əlaltısı kimi fəaliyyət göstərməsi barədə məlumatlar artmışdır.

Seçki komissiyalarının paritet əsaslarla formalaşması zərurətinə diqqəti bir daha cəlb etmək, eyni zamanda “Ümid” partiyası strukturlarının hakimiyyət strukturları ilə işbirliyi haqda yayılan məlumatlara aydınlıq gətirilməsini zəruri sayan Müsavat Partiyası “Ümid” partiyasına seçki komissiyalarında iştirakdan imtina etmək barədə qərar qəbul etməyi təklif etmişdir.

Bu həm də “Ümid” partiyasının demokratik dəyərlərə nə qədər sadiq olduğunu, demokratik qüvvələrin mənafelərini nəzərə aldığını müəyyənləşdirmək üçün bir test idi.

Təəssüflə qeyd etmək lazımdır ki, “Ümid” partiyası Müsavat Partiyasının xoşməramlı təklifinə adekvat reaksiya verməmiş, müxtəlif qeyri-ciddi, əks təkliflər və bəhanələrlə təklifi qəbul etməkdən yayınmışdır.

Müsavat Partiyası qeyd edilənləri və hakimiyyət dairələri ilə “Ümid” partiyası strukturları arasında iş birliyi ilə bağlı məlumatların son dövrlər daha da artdığını nəzərə alaraq bu partiya ilə əməkdaşlıq münasibətlərinin bundan sonra davam etdirilməsinin qeyri-mümkün olduğunu bəyan edir.
Müsavat Partiyası “Qarabağ və Respublika Uğrunda” Vətəndaş Hərəkatına daxil olan digər təşkilatlarla (AXCP, ALP, ADP,VİP) əməkdaşlıq münasibətlərinin davam etdirilməsinə, siyasi və ya seçki blokları yaradılması üçün müzakirələr aparmağa hazır olduğunu bir daha bəyan edir”.

isagambar.az, 16 oktyabr 2009-cu il, Bakı

Bu gün Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiyanın qərargahında ABŞ-ın Marşall Fondunun ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri Ronald Linden, Anna K. Mörfi, Ahmet Evin, Kemal Kırısçı və fondun Azərbaycandakı məsləhətçisi Mehriban Rəhimli ilə görüşüb. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, bölgədə yaranmış son durum, regional əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

isagambar.az, 16 oktyabr 2009-cu il, Bakı

Müsavat Partiyasının bəyanatı: “Şəhidlər Xiyabanındakı türk bayraqları yığışdırılıb. Hakimiyyətin bu addımı artıq nəinki Türkiyə hökumətinə, bütövlükdə türk xalqına yönəlmiş həqarətdir. Siyasi münasibətlərdə yaranmış hər hansı bir gərginliyə görə belə münasibət sərgiləmək təkcə qərəzli mqnasibət əlaməti yox, həm də siyasi naşılıqdır. Nəzərə alsaq ki, həmin Şəhidlər Xiyabanında Azərbaycan və Qarabağ uğrunda şəhid olan Azərbaycan oğulları ilə yanaşı ölkəmizin müstəqilliyi və azadlığı yolunda canlarını qurban vermiş türk əsgərləri də uyuyur, bu hərəkətin adı etik normalara da uyğun gəlmədiyi bəlli olar.
Müsavat Partiyası hakimiyyətin zahirən cılız və bayağı görünən, mahiyyət etibarilə iki xalq arasında düşmənçilik toxumu səpmək anlamına gələn bu addımını qətiyyətlə pisləyir və bayraqların öz yerindən asılmasını tələb edir. Qəhrəman türk əsgərinin uyuduğu məkanda türk bayrağının dalğalanmaq haqqı var”.

isagambar.az, 16 oktyabr 2009-cu il, Bakı