Müsavat Partiyasının Başqanı İsa Qəmbər görkəmli alim Şirməmməd Hüseynovu 85 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Şirməmməd bəy!

Sizi 85 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, uzun ömür cansağlığı arzulayıram.

Siz, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan görkəmli ziyalılarımızdan və elm adamlarımızdan birisiniz. Bakı Dövlət Universitetində çalışdığınız uzun illər ərzində Azərbaycan elminin inkişafına çox layiqli töhfələr vermisiniz. Ötən əsrin əvvəllərinin-tariximizin, siyasi, mədəni və mənəvi inkişafımızın qızıl dövrünün tədqiq edilməsində, bugünkü nəslə çatdırılmasında əvəzsiz xidmətləri olan bir alimsiniz. Bu gün Azərbaycan oxucusu dahi şəxsiyyət, böyük öndər M. Ə. Rəsulzadənin irsi ilə hərtərəfli tanış olmaq imkanına görə ilk növbədə Sizə borcludur.

Sizin fəaliyyətiniz təkcə zəngin mənəvi irsimizin araşdırılması ilə məhdudlaşmayıb. Uzun illərdir ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi kimi ölkədə peşəkar jurnalist kadrlarının hazırlanması ilə məşğul olmusunuz. Tələbələriniz Sizi zəngin biliyi, azad düşüncəsi və prinsipial vətəndaş mövqeyi olan bir insan kimi tanıyır və sevirlər. Siz, onlara təkcə nəzəri biliklər vermirsiniz, həm də üz praktik jurnalist fəaliyyətinizlə peşəkar jurnalistikanın sirlərini öyrənməkdə nümunə olmusunuz.

Siz, bir ziyalı kimi də həmişə xalqın yanında olmuş, onun dərdləri ilə yaşamısınız. Ölkənin, cəmiyyətin həyatındakı ən çətin, narahat günlərdə prinsipial mövqe nümayiş etdirmisiniz. Əsl ziyalı sözünə ehtiyac duyulduğu anlarda biz Sizin vətəndaş yanğısı ilə yoğrulmuş səsinizi eşitmişik.

Hörmətli Şirməmməd bəy!

Bir daha Sizi yubileyiniz münasibəti ilə təbrik edir, pedaqoji fəaliyyətinizdə, elmi yaradıcılığınızda uğurlar, şəxsi həyatınızda xoşbəxtlik arzulayıram. Ümid edirəm ki, yeni-yeni elmi əsərlərinizlə və araşdırmalarınızla bizi hələ çox sevindirəcəksiniz.”

isagambar.az, 16 dekabr 2009-cu il, Bakı