Müsavat Partiyasının başqanı İsa Qəmbər Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

“Əziz soydaşlarım!

Novruz bayramı münasibətilə hamınızı təbrik edir, hər birinizə xoşbəxtlik arzulayıram. Baharın, yeniliyin, saflığın və bərəkətin rəmzi olan Novruz Azərbaycanın ən qədim bayramlarından biridir. Uzun illər bu bayramı qadağan etməklə onu xalqımızın yaddaşından birdəfəlik silməyə çox cəhdlər olub. Lakin bu müqəddəs bayramı rəsmi təqvimdən silsələr də xalqın yaddaşından silə bilməyiblər.
Artıq neçə illərdir ki, Novruz bütün ölkədə təntənəli bayram kimi qeyd olunur. Təəssüf ki Əliyevlər rejiminin yarıtmaz siyasəti nəticəsində acınacaqlı duruma düşmüş xalq bu bayramı istənilən səviyyədə qeyd edə bilmir. Novruz insanları halal zəhmətə, əməyə çağırır, amma adamlar zəhmətin, əməyin bəhrəsini görə bilmirlər, daha doğrusu bu zəhmətin bəhrəsini bir ovuc harınlamış şəxslər mənimsəyirlər. Ölkəni hərtərəfli ağır böhrana sürükləmiş rejim bu bayram ərəfəsində də xalqa “töhfə”sini verdi. Qeyri-qanuni, saxta referendum keçirərək öz hakimiyyətlərinin ömrünü uzatmağa cəhd göstərdilər. Amma nəzərə almaq lazımdır ki hər bir saxtakarlığın sonu var. Sadəcə olaraq hər bir Azərbaycan vətəndaşı, bütövlükdə cəmiyyət, xalq öz taleyinə sahib olmaq, öz haqlarını qorumaq uğrunda mübarizə aparmalıdır. Yalnız belə birgə mübarizə nəticəsində ölkəni talançıların və soyğunçuların caynağından qurtarmaq, xalqın bütün problemlərini həll etmək mümkün olar.
Əziz soydaşlarım!

Bir daha Novruz bayramı münasibətilə sizi ürəkdən təbrik edirəm.

Tanrı Azərbaycanımızı qorusun!

isagambar.az, 18 mart 2009-cu il, Bakı