Növbəti toplantı

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qəraraların icrası və görülmüş işlər haqqında məlumat verildikdən sonra Divan Türkiyə Cumhuriyyətinin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri çərçivəsində, xüsusən də parlamentdə çıxışı zamanı Azərbaycan - Türkiyə münasibətləri mövzusunda verdiyi açıqlamaları, Qarabağ məsələsini Türkiyənin milli məsələsi elan etməsini, Polşa və Rusiyada keçirilən mətbuat konfranslarında Azərbaycanın Qarabağ məsələsində haqlı mövqeyini müdafiə etməsini yüksək qiymətləndirmişdir. Bu fikirləri Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü və ATƏT-in Minsk qrupunun üzvü olan bir dövlətin Baş Nazirinin beynəlxalq tribunalardan səsləndirməsi onların önəmini daha da artırır.

Divan Azərbaycan Dövlət Neft Akademiyasında 30 apreldə baş verən terror hadisəsinə etiraz olaraq tələbə-gənclərin “Terrora yox”, “Matəm elan edilsin” və “Gül bayramı ləğv edilsin” şüarları ilə 10 may tarixində Bakı şəhərində keçirdikləri tədbirlərin əhəmiyyətini xüsusi qeyd etmiş, eyni zamanda bu tədbirlər zamanı gənclərin polis tərəfindən fiziki təzyiqlərə məruz qalması və həbs edilməsini yolverilməz hesab etmişdir. Bu hadisələrdən sonra gənclərin naməlum adamlar tərəfindən izlənilməsi, onlara təhdidedici zənglər edilməsi və Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Emil Elmanlının 15 may 2009-cu il tarixdə, axşam saatlarında evinə gedərkən vəhşicəsinə döyülməsi pislənmişdir.

Müsavat Partiyası gənclərə qarşı yol verilən təqiblərə son qoyulmasını, 30 aprel terror hadisəsinin hərtərəfli araşdırılmasını, günahkarların və bu işin sifarişçilərinin tapılaraq cəzalandırılmasını hüquq-mühafizə orqanlarından tələb edir.

Yığıncağın sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 18 may 2009-cu il, Bakı