Müsavat Partiyasının
b ə y a n a t ı
Son vaxtlar yüksək vəzifəli dövlət məmurlarının vətəndaş cəmiyyətinə qarşı
mübarizəsi yeni vüsət almağa başlayıb. Daxili İşlər naziri Ramil Usubovun
tanınmış hüquq müdafiəçisi “Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatı”nın
koordinatoru Leyla Yunusu məhkəməyə verməsinin ardından Təhsil naziri Misir
Mərdanovun tabeçiliyində olan Gəncə şəhər Təhsil şöbəsinin müdiri Mahal
Məmmədovun “XXI əsr Təhsil mərkəzi”nin rəhbəri Etibar Əliyevə qarşı yeni məhkəmə
iddiasını qaldırması dediklərimizə sübutdur. Son dövrlərdə Etibar Əliyevin
təhsil sistemindəki problemlərə dair ardıcıl tənqidi yazıları, bu sahədə geniş
yayılmış rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin çıxışları təhsil
sistemi rəhbərlərini daima qəzəbləndirirdi. 15 orta məktəb direktorunun Etibar
Əliyevi böhtançılıqda suçlayıb məhkəməyə verməsi, lakin bu iddianın məhkəmə
tərəfindən rədd edilməsindən sonra nazirliyin rəhbərliyi yeni metoda əl atıb.
Vaxtilə S. C. Pişəvəri adına orta məktəbdə direktor işləyərkən tanınan, hazırda
Gəncə şəhərinin təhsil sisteminə rəhbər olan bu şəxs bu gün ittihamçı rolunda
çıxış edərək Azərbaycan təhsilinin ciddi nöqsanlarını açıb göstərməkdə davam
edən Etibar Əliyevi məhkəməyə verməsi Azərbaycan cəniyyətindəki acınacaqlı
təzadlardan xəbər verir.
Müsavat Partiyası hər iki nazirin tanınmış qeyri-hökumət təşkilatlarının
rəhbərlərinə qarşı məhkəmə iddialarını qətiyyətlə pisləyir, onlardan azad və
müstəqil mövqeyə hörmət göstərərək məhkəmə iddialarını geri götürməyi tələb
edir.
isagambar.az, 19 yanvar 2009-cu il, Bakı