Müsavat Partiyasının başqanı İsa Qəmbər 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı Azərbaycan xalqına müraciət edib.
Müraciətdə deyilir:
Əziz soydaşlarım!
1990-cı ilin müdhiş 20 yanvar faciəsini hər il ümumxalq hüzn günü kimi qeyd
edirik. Həmin dövrdə milli-azadlıq mübarizəsinə qalxan xalqımız Sovet
İmperiyasının amansız hərb maşınının təcavüzünə məruz qaldı. Laxlamaqda olan
imperiyanı qoruyub saxlamağa çalışan Moskva Azərbaycanda vüsət almış
milli-azadlıq hərəkatını boğmağa çalışmaqla digər xalqlara da gözdağı vermək
niyyətində idi. Sovet qoşunlarının vəhşiliyi nəticəsində 131 nəfər şəhid olmuş,
600-dən artıq insan isə ağır dərəcəli xəsarət almışlar.
Qanlı Yanvar hadisələri Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Əksinə,
bu vəhşilik Sovet İmperiyasının dağılması prosesini daha da sürətləndirdi. 20
yanvar Bakı qırğını isə tarixdə Azərbaycan xalqının öz azadlığı uğrunda
mübarizəsinin qəhrəmanlıq simvoluna çevrildi. Bu gün müstəqil Azərbaycanın
vətəndaşları həmin acılı günləri böyük qürur hissi ilə xatırlayırlar. Həmin
günlər yaddaşlara həm matəm və hüzn günü kimi, həm də oyanış, milli istiqlala
doğru ellikcə hərəkat dövrü kimi həkk olunub! Məhz həmin dövrün qəhrəmanlıq
nümunələrini əxz edən xalqımız özünün əbədi müstəqilliyinə qovuşdu.
Biz bu müqəddəs gündə 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, yaxınlarına və
bütün xalqımıza başsağlığı verərək onları əmin etmək istəyirik ki, Müsavat
Partiyası haqq dünyasına qovuşmuş bu insanların müqəddəs ideallarına həmişə
sadiq qalacaq, Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bütövlüyünün
bərpası və bu ölkənin demokratik dəyərlərə qovuşması üçün bütün qüvvəsini sərf
edəcək.
Tanrı Azərbaycanımızı qorusun!
isagambar.az, 19 yanvar 2009-cu il, Bakı