Müsavat Partiyasının Başqanı İsa Qəmbər Müqəddəs Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

İslam dünyasının müqəddəs bayramı olan Ramazan bayramı münasibəti ilə hamınızı təbrik edir, sizlərə uzun ömür, cansağlığı arzulayıram. Ramazan ayı ayların ən fəzilətlisi, ən müqəddəsidir. Müqəddəs kitabımız olan Qurani-Kərim də məhz bu ayda nazil olub. Odur ki, bütün islam dünyası bu ayı əziz tutur, Allahın buyurduğu kimi oruc tutur, hər kəs saf duyğular, savab əməllər sahibi olmağa və kimsəsizlərə yardım etməyə çalışır.
Mən bu əziz gündə hər kəsin dualarının müstəcəb olmasını, hər kəsin öz istəklərinə qovuşmasını arzulayıram. Qoy bizim edəcəyimiz dualar xalqımız və ölkəmiz üçün düşərli olsun. Ölkəmizin ərazi bütövlüyünün bərpası, dirçəlişi və azad, demokratik inkişafı, xalqımızın çox çətin və ağır problemlərdən xilas olması, firavan yaşaması naminə çalışmalarımıza hər zaman Ulu Tanrı yardımçı olsun.

Əziz bacılarım və qardaşlarım!

Bir daha hamınızı təbrik edir, sizlərə şəxsi xoşbəxtlik, bol ruzi-bərəkət və vətənimizin işıqlı gələcəyi, Qarabağımızı azad görmək naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Tanrı Azərbaycanımızı qorusun!”

isagambar.az, 19 sentyabr 2009-cu il, Bakı