Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyətinə və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
edilib.
Yığıncağın əvvəlində 18 Oktyabr – Müstəqillik Günü ilə bağlı partiyanın
qərargahında keçirilmiş bayram tədbiri haqqında fikir mübadiləsi aparılıb və
onun yüksək səviyyədə keçdiyi qeyd olunub.
Bələdiyyə seçkilərinə hazırlığın gedişatı haqqında informasiya, o cümlədən Divan
üzvü Qubad İbadoğlunun ölkənin şimal rayonlarında yerli müsavatçılarla keçirdiyi
görüşlər barədə məlumat dinlənilib və bundan sonra görüləcək işlər haqqında
tapşırıqlar verilib.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə əsas müzakirələr son vaxtlar
xeyli gərginləşmiş Azərbaycan-Türkiyə münasibətləri haqqında olub. Qeyd edilib
ki, Türkiyə-Ermənistan arasında protokolların imzalanması ilə başlanmış son
proseslər partiya tərəfindən ciddi müşahidə edilir. Türkiyə dövlət rəhbərlərinin
Azərbaycan ictimaiyyətinə verdikləri sözü tutacaqlarına inam ifadə edilib. Hər
iki dövlətin rəhbərlərinin bu həssas dönəmdə son dərəcədə diqqətli olmalarının
vacibliyi, Türkiyə-Azərbaycan münasibətlərinin hər iki dövlət üçün prioritet
xarakter daşıdığı, bu münasibətlərə xələl gətirəcək addımların yolverilməzliyi
bir daha vurğulanıb.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 19 oktyabr 2009-cu il, Bakı