Azərbaycan müxalifəti“MÜXALİFƏT ÖLKƏDƏKİ SİYASİ VƏZİYYƏTİ DƏYİŞMƏYƏ QADİRDİR”
İsa Qəmbər: “Cəmiyyəti fəallaşdırsaq, 18 martda tamam fərqli nəticələrə nail olarıq”
“Respublikaçılar” təşviqat qrupunun səlahiyyətli nümayəndələri və vəkilləri təsdiq edildi

Dünən Müsavat Partiyasının qərargahında “Respublikaçılar” təşviqat qrupunun toplantısı keçirildi. Toplantını açıq elan edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Respublikaçılar” təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və vəkillərinin seçilməsinin gündəmdə olduğunu bildirdi.

Müzakirələrdən sonra Müsavat başqanı İsa Qəmbər, Arif Hacılı, Sülhəddin Əkbər, Vurğun Əyyub, Gülağa Aslanlı, Qabil Hüseynli, İkram İsrafil, Tofiq Yaqublu, Tural Abbaslı, Fəxrəddin Abbas, Arzu Səmədbəyli, Məmməd Zeynalov, Mustafa Hacılı, Hidayət İsmayılov, Mehman Cavadoğlu, Tapdıq Abbas, Tofiq Hüseynli, Məlahət Mürşüdlü, Sabir Məmmədov, Asif Məmmədov, Almaz Əliqızı, Nüşabə Sadıxlı, Qalabəy Ağalar, Niyaz Nəsirov və Aydın Acalov “Respublikaçılar” təşviqat qrupunun səlahiyyətli nümayəndələri seçildi. Daha sonra qrupun 25 nəfərdən ibarət vəkilləri seçildi.

Seçki proseduru başa çatandan sonra A.Hacılı imzatoplama kampaniyası dönəmində partiya strukturlarının tam fəaliyyət göstərməsinə toxunaraq bir sıra təşkilatların xüsusi fəallığı ilə seçildiyini vurğuladı: “Sumqayıt və Lənkəran şəhər təşkilatları, Cəlilabad rayon təşkilatı, eləcə də ayrı-ayrı partiya fəalları tapşırıqları layiqincə yerinə yetirib. Bu təşkilatlar və ayrı-ayrı fəallar partiya Divanının qərarı ilə təltif ediləcək”.

“Hakimiyyətin bütün yalanlarını ifşa etdik”

Sonra Müsavat başqanı İsa Qəmbər çıxış etdi.

O, çıxışına tədbir iştirakçılarını təbrik etməklə başladı: “Sizi ”Respublikaçılar" təşviqat qrupunun qeydə alınması münasibətilə təbrik edirəm. Bu qələbə sizin və təmsil etdiyiniz minlərlə insanın fədakarlığı, əziyyəti bahasına əldə olunub. Bu qələbə gələcək böyük qələbələrimiz üçün müqəddimə ola bilər. Bu proses bir sıra yalanları üzə çıxarıb ifşa etdi. Hakimiyyətin uzun illərdən bəri apardığı yalanlar boşa çıxdı. Hakimiyyətin bir yalanı o idi ki, Azərbaycanda müxalifət yoxdur. Bu mərhələ onu sübut etdi ki, Azərbaycanda müxalifət var. Hakimiyyətin başqa yalanı o idi ki, müxalifət parçalanmış vəziyyətdədir və onun birləşməsi mümkün deyil. Bu mərhələ onu sübut etdi ki, müxalifət birləşə də bilir, birgə qərarlar da qəbul edə bilir, birgə işləyə də bilir. Hakimiyyətin digər yalanı o idi ki, müxalifətin sosial bazası yoxdur, arxalanacağı qüvvələr yoxdur, hətta imza toplamağa da gücü çatmaz. Yadınızdadırsa, prezident seçkilərini boykot etməyimizi bəzən bu uydurma motivlə izah etməyə çalışırdılar. Bu yalan da tam ifşa olundu. Hakimiyyətin olmazın basqılarına baxmayaraq hər iki təşviqat qrupu 40 mindən çox imza toplayıb MSK-ya təqdim etdi.

Digər müxalifət qüvvələrinin də imzatoplama kampaniyasında iştirak etdiyini nəzərə alsaq, cəmiyyətin önəmli hissəsinin demokratik düşərgəyə, müxalifətə səs verdiyi bir daha üzə çıxdı. Hakimiyyətin özünə çox arxayın olması, geri çəkilməyəcəyi barədə rəylər səslənirdi. Bu yalan da ifşa olundu. Biz hər hansı kampaniyaya başlamaq istəyəndə bəzən öz içimizdən, vətəndaş cəmiyyətindən səslər ucalır ki, bunun nə əhəmiyyəti var, onsuz da alınmayacaq və s. Elə bu məsələdə də deyirdilər ki, təşviqat qruplarını qeydə almayacaqlar. Ancaq həmişə söylədiyimiz bir fikir var: biz öz üzərimizə düşəni eləyək, ondan sonra alınmasa, deyə bilək ki, bizdən asılı nə vardısa etdik. Əgər biz öz üzərimizə düşənləri etməyib desək ki onsuz da alınmayacaq, o zaman doğrudan da heç nə alınmayacaq. Bu mərhələ bunu bir daha sübut etdi ki, biz üzərimizə düşən işləri görməliyik".

İ.Qəmbər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi uğrunda ardıcıl fəaliyyət göstərməyi vacib saydı: “Əminəm ki, biz üzərimizə düşən işləri indiki kimi yerinə yetirsək, indikindən daha yaxşı işləsək, gözləmədiyimiz nəticələri əldə edə bilərik. İndinin özündə də cəmiyyətdə belə fikir var ki, hakimiyyət referendumu saxtalaşdıracaq və istədiyi nəticəni əldə edəcək. Təbii ki, hakimiyyət səsverməni saxtalaşdırmaq üçün hər cür cinayətə əl atacaq. Qanunun pozulması şübhəsiz ki, cinayətdir və Əliyevlər rejimi bu cinayətləri uzun illərdir davam etdirir. Lakin bizdə elə əhval-ruhiyyə olmamalıdır ki, hakimiyyət nəticələri onsuz da saxtalaşdıracaq. Qətiyyən bilmək olmaz. İstər dünyada gedən prosesləri, istərsə də ölkəmizdəki vəziyyəti nəzərə alsaq, belə hesab edirəm ki, biz demokratik düşərgənin, xalqın təmsilçiləri olaraq yaxşı işləsək, cəmiyyəti fəallaşdırsaq, 18 martda tamamilə fərqli nəticələrə nail olarıq”.

“Hətta Türkmənistan da müsbətə doğru dəyişir, biz isə...”

Müsavat başqanı hakimiyyətin xalqın və tarixin ziddinə hərəkət etdiyini vurğuladı: “Əliyevlər bütün dünyada gedən proseslərə qarşı gedir. Adətən deyirik ki, hakimiyyət Azərbaycanı dünyada ən geridə qalmış rejimlərlə eyni sıraya aparır. Azərbaycan hakimiyyətini Zimbabve ilə, Belarusla, Kuba ilə, Çaveslə müqayisə edirik. Doğrudan da belədir. İlham Əliyevin dostlarından biri Uqo Çaves bu günlərdə ölkəsində dövlət resurslarından istifadə edərək öz istəyini həyata keçirdi, kefi istəyən qədər prezident seçilmək imkanı əldə etdi. Diqqət etdinizsə, Çavesi təbrik edən yalnız Fidel Kastro oldu. Dünyada xeyirlə şərin mübarizəsi olduğu kimi azad düşüncə ilə totalitar təfəkkür arasında da bir mübarizə gedir. Ona görə də Fidel Kastro Venesuelada baş verən hadisəni bayram etdi. Kimdir Çavesin dostları? Lukaşenkodur, Türkmənistanın, Rusiyanın, Zimbabvenin liderləridir və İrandır. İndi İlham Əliyev də Azərbaycanı bu sıraya aparır. Hətta totalitar ölkələrdə də demokratik dəyişikliklərə meyllənmə var. Sadaladığımız ölkələrin bəzilərində maraqlı tendensiyalar müşahidə olunur. Türkmənistanın yeni rəhbəri Qurbanqulu Berdıməhəmmədov Türkmənbaşının heykəllərini götürdü... İncəsənətin bir sıra növlərinə və internetə qoyulan qadağalar aradan qaldırılır. İlham Əliyev isə internetə və mətbuat azadlığına məhdudiyyətlər qoymaqda davam edir.

Oxşar proseslər Belarusa da aiddir. Belarus hakimiyyəti Rusiya ilə əlaqələrinə daha diqqətlə baxmağa və Avropa ilə əməkdaşlıq etməyə başlayıb. Azərbaycanda referendum ərəfəsində də insanları həbs etməyə, onların cibinə narkotik atmağa başladılar, siyasi məhbusların sayını artırdılar. Belarusda isə siyasi məhbusları azad edirlər. Azərbaycanda hakimiyyət siyasi müxalifəti mümkün qədər oyundankənar vəziyyətdə saxlamağa səy göstərir. Belarusda isə Lukaşenkonun qərarı ilə İctimai Şura yaradılır. Cəmiyyətin nümayəndələri, müxalifətin lideri Aleksandr Milinkeviç bu şuraya dəvət olunur. Bu gün dünyada gedən proseslər bizim haqlı olduğumuzu sübut edir. ABŞ və Avropanın Azərbaycan kimi ölkələrə münasibətində yeni çalarlar yaranmağa başlayıb. Bu hallar onu göstərir ki, müxalifət ölkədəki siyasi vəziyyəti dəyişməyə qadirdir".

Müsavat fəalları etiraz aksiyalarında israrlıdır

“Respublikaçılar” təşviqat qrupunun toplantısından sonra Müsavat Partiyasının fəalları, rayon təşkilatlarının sədrləri ilə söhbətləşdik. Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı referendum ərəfəsində Bakının mərkəzində etiraz aksiyaları keçirilməsini məqsədəuyğun hesab etdiklərini dedi: “Gənclər Təşkilatı olaraq Bakının müxtəlif yerlərində dəfələrlə icazəsiz etiraz aksiyaları keçirmişik. Hakimiyyətin referendum ərəfəsində mitinqlər üçün ayırdığı yerlər məqbul sayıla bilməz. Ona görə də şəhərin mərkəzində icazəsiz etiraz aksiyası keçirilməsində israr edirik. Bu işin ağırlığını üstümüzə götürməyə də hazırıq. Çünki biz gəncik və fiziki imkanlarımız, enerjimiz yaşlı nəsildən çoxdur. Onlar öz zamanlarında sovet rejiminə qarşı mübarizə aparıb, icazəsiz aksiyalar təşkil ediblər ”.

Müsavat Partiyası Cəlilabad rayon təşkilatının sədri Hidayət İsmayılov imzatoplama kampaniyasında olduğu kimi təbliğat dövründə də geniş fəaliyyət göstərəcəklərini söylədi: “Cəlilabad müsavatçıları öhdələrinə düşən işləri layiqincə yerinə yetirib. Təbliğat dönəmində Cəlilabadda müxalifət liderlərinin iştirakı ilə mitinq keçirməyi planlaşdırmışıq. Əhali arasında da təbliğat işlərini yüksək səviyyədə təşkil etməyə səy göstərəcəyik”.

Müsavat Partiyası Sabunçu rayon təşkilatının sədri Rafiq İsmayıl bizimlə söhbətində şəhərin mərkəzində etiraz aksiyalarının keçirilməsinin vacib olduğunu söylədi: “Köhnə hərəkatçı və müsavatçı kimi hesab edirəm ki, şəhərin mərkəzində etiraz aksiyaları keçirilməlidir. Biz müstəqilliyimizi icazəli aksiyalarla əldə etməmişik. Məncə, demokratik dəyişikliklər uğrunda mübarizəmiz də bu mərhələdən uğurla çıxacaq”.

R.İsmayıl kütləvi aksiyalarla yanaşı, səsvermə məntəqələrində də müşahidənin təşkilinin vacib olduğunu söylədi: “Kütləvi aksiyalar və təbliğatla yanaşı, seçki məntəqələrinin işində də iştirak etməliyik. Hesab edirəm ki, Sabunçu rayonunun ərazisində olan 100-ə yaxın səsvermə məntəqəsinin əksəriyyətində müşahidəni təmin edəcəyik”.

Əfqan MUXTARLI, Yeni Müsavat, 20.02.2009
http://www.musavat.com/site/shownews.php?news_id=48328