Növbəti toplantı
Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik qərarların
icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair
məsələlərdən ibarət olub.
İsa Qəmbər Türkiyə səfəri haqqında Divan üzvlərinə məlumat verdikdən sonra son
zamanlar regionda yaranmış situasiya ilə bağlı ətraflı müzakirələr aparılıb və
yaxın perspektivdə hansı proseslərin gedə biləcəyi haqqında təxminlər
səsləndirilib. Divan bir daha əmin olduğunu bildirib ki, Türkiyə Azərbaycanın
maraqları nəzərə alınmadan Ermənistanla sərhədləri açmayacaq. Azərbaycan və
Türkiyə rəhbərliyindən birlikdə çalışmaq, hər şeyi diqqətlə ölçüb-biçmək və
tələsik addımlar atmamaq istənilib.
İclasda Türkiyə və Azərbaycan – bu iki qardaş ölkə arasındakı münasibətlərin
vəziyyəti müzakirə olunub. Millət vəkili Arzu Səmədbəyli bildirib ki, Müsavat
Deputat Qrupuna daxil olan millət vəkillərindən Nəsib Nəsibli və Pənah Hüseyn
Milli Məclisin Türkiyə-Azərbaycan dostluq qrupunun üzvləridir, digər millət
vəkilləri – İkram İsrafil, İltizam Əkbərli və özü də bu qrupa daxil olmaq üçün
ərizə yazmağı düşünürlər. Divan bu təşəbbüsü təqdir edib.
Müzakirə olunan məsələlərdən biri də bələdiyyə seçkiləri ilə bağlı olub.
Partiyanın Mərkəzi Seçki Qərargahına seçkidə iştirakın bəzi hüquqi aspektləri
haqqında arayış hazırlanması tapşırılıb.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 20 aprel 2009-cu il, Bakı