N e k r o l o q

Dünya demokratiyasına ağır itki üz verib. ABŞ-ın tanınmış ictimai-siyasi xadimi Nelson Ledski uzun sürən xəstəlikdən sonra vəfat edib. Cənab Ledski vaxtilə Amerika prezidenti C. Karterin Kipr danışıqları üzrə xüsusi təmsilçisi olub. Daha sonra o, R. Reyqan administrasiyasının Almaniyanın birləşməsi üzrə Sovet rəhbərliyi ilə apardığı danışıqlarda əsas fiqurlardan biri olub.

Sonrakı illərdə ABŞ Milli Demokratiya İnstitutunun Avrasiya Proqramlarının direktoru vəzifəsində çalışan N. Ledski dünyada demokratiyanı müdafiə edən, keçmiş SSRİ və Şərqi Avropa dövlətlərində demokratiyanın bərqərar olmasında və davamlı inkişaf etməsində maraqlı olan peşəkar siyasətçilərdən biri idi. Cənab Ledski dünyada demokratiyanın inkişafını və yayılmasını ABŞ-ın prioritet milli maraqlarından biri hesab edirdi. Təsadüfi deyil ki, cənab Ledski Azərbaycanda da demokratiyanın inkişaf etməsi üçün böyük əmək sərf etmişdir.

O, hər zaman Azərbaycan xalqının demokratiyaya hazır, qadir və layiq bir xalq olduğunu bəyan edən bir dost kimi xatirimizdə yaşayacaq.

Biz, Müsavat Partiyası olaraq Nelson Ledskinin vəfatından kədərləndiyimizi bildirir, ailəsinə, yaxınlarına, MDİ əməkdaşlarına, demokratiyanı sevən və dəstəkləyən hər kəsə, bütövlükdə Amerika xalqına dərin hüznlə başsağlığı veririk.

Tanrı ruhunu şad etsin!

İsa Qəmbər və Müsavat Partiyasının Divanı

isagambar.az, 20 iyun 2009-cu il, Bakı