Növbəti toplantı
Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik qərarların
icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair
məsələlərdən ibarət olub.
Çində uyğur türklərinə qarşı aparılan repressiyalara etiraz olaraq Müsavat
Partiyasının bu ölkənin səfirliyi qarşısında keçirdiyi piketin nəticələri
müzakirə edilib. Piketin ölkə və beynəlxalq mətbuatda işıqlandırılması qeyd
olunub. Həmçinin qeyd edilib ki, piketdən sonra Çin səfirliyi Müsavat
Partiyasına məktub yazaraq, həmin hadisələrlə bağlı ÇXR-nın rəsmi mövqeyini əks
etdirən 4 səhifəlik sənəd təqdim edib. Müsavat Partiyası cavabında Çin
səfirliyinə məktub göndərib, eyni zamanda piket zamanı qəbul edilmiş həmin
hadisələri pisləyən qətnaməni təqdim edib (Hər
iki sənəd əlavə edilir).
Divan dünya çapında həmin hadisələrin diqqət mərkəzində saxlanılmasını, ÇXR
hökumətinə basqıların artmasını təqdir edib, eyni zamanda Azərbaycan
iqtidarından öz mövqeyini bildirməyi bir daha tələb edib.
Emin Milli və Adnan Hacızadənin şərlənərək həbs edilməsinə beynəlxalq aləmdəki
həssas münasibət, ardıcıl və sistemli mövqe bildirilməsi yüksək
qiymətləndirilib, bu məsələnin ciddi şəkildə diqqət mərkəzində saxlanılması
qərara alınıb.
Divan Qarabağ probleminin həlli üçün nəzərdə tutulmuş Moskva görüşünü müzakirə
edib, bu görüşdən heç bir nəticə hasil olmadığını qeyd edib. Müsavat Partiyası
danışıqların gedişini diqqətdə saxlayacaq.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 20 iyul 2009-cu il, Bakı