Növbəti toplantı

Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub.
Binəqədi rayon təşkilatının vəfat etmiş sədri Rüstəm Qasımlının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bələdiyyə seçkiləri ilə bağlı son məlumatlar dinlənilib, seçki günü və sonrakı günlər görüləcək işlər haqqında tapşırıqlar verilib.

Naxçıvan Muxtar Respublikasında jurnalistlərə qarşı edilmiş növbəti zorakılıq ciddi müzakirə edilib. Bu hadisənin mövcud iqtidarın söz azadlığına münasibətinin göstəricisi olduğu qeyd edilib və kəskin pislənilib.

Daha sonra son günlər Sınıq Körpü sərhəd - keçid məntəqəsində yaranmış vəziyyət barədə müzakirə aparılıb. Qeyd edilib ki, Borçalıda yaşayan soydaşlarımızın Azərbaycana keçməsində ciddi əngəllər yaradılıb. Onların özləri ilə gətirdikləri ərzaq məhsulları müxtəlif bəhanələrlə Azərbaycan sərhəd - keçid məntəqəsindən keçirilməsinə imkan verilmir. Kobud və təhqiramiz rəftara məruz qalmış yolçular gətirdikləri ərzaq məhsullarını çaya tökmək məcburiyyətində qalıblar. Divan yaranmış vəziyyətdən ciddi narahat olduğunu bildirib, soydaşlarımıza qarşı haqsızlıq və özbaşınalığa qarşı son qoyulmasını tələb edib.

Yığıncağın sonunda Müsavat irsinin araşdırıcısı və təbliğatçısı – görkəmli ziyalı, professor Şirməmməd Hüseynlinin 85 illik yubileyi qeyd edilib.

Toplantının sonunda cari məsələlərə baxılıb.

isagambar.az, 21 dekabr 2009-cu il, Bakı