Müsavat Partiyasının
b ə y a n a t ı
Son günlər ölkədə müxalifətə qarşı yeni repressiya dalğası başlayıb. Hər gün
müxtəlif bölgələrdən müxalifət fəallarının, referendumla bağlı yaradılmış
“Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda” təşviqat qrupları üçün imza
toplayan şəxslərin təqib edilməsi, təzyiqlərə məruz qalması, həbs olunması və
əsassız olaraq polis şöbəsinə çağırılaraq onlara hədə-qorxu gəlinməsi barədə
çoxsaylı məlumatlar alırıq. Bir neçə gün əvvəl Müsavat Partiyası Gəncə şəhər
təşkilatının bir neçə fəalı, o cümlədən partiyanın Məclis üzvü Cahangir
Əmirxanlı polis şöbəsinə çağırılaraq referendumla bağlı imza toplanılmasının
şəhərdə qadağan olduğunu bildiriblər. Partiyanın Xaçmaz rayon təşkilatının sədri
Ramazan Əliyev, Ağsuda AXCP fəalı Elşən Məmmədov da də anoloji təqiblərlə
üzləşiblər. Sabirabadda isə polis AXCP fəalları Mövsüm Əsgərov və Rövşən
Sadıqovu referendumla bağlı imza topladıqlarına görə həbs edib. Məhkəmə müvafiq
olaraq onlara 3 və 2 sutka həbs cəzası kəsib. Cəlilabad rayonunun Üçtəpə
kəndində icra nümayəndəsi, bələdiyyə sədri və sahə müvəkkili referenduma imza
verən vətəndaşlara hədə-qorxu gəlir, onları öz imzalarından imtina etməyə məcbur
edirlər.
Müsavat Partiyası bütün bunları hakimiyyətin Konstitusiyaya antidemokratik
dəyişikliklər edilməsi ilə bağlı martın 18-də keçiriləcək referendumun
nəticələrini indidən saxtalaşdırmaq cəhdi kimi qiymətləndirir. Bu
dəyişikliklərin xalq tərəfindən dəstəklənməməsindən qorxuya düşən iqtidar elə
indidən müxalifət fəallarını, vətəndaşları hədə-qorxu və zorakılıq yolu ilə
susdurmağa çalışır. Partiya bütün bu özbaşınalıqlara və zorakılığa qəti
etirazını bildirir və onların durdurulmasını tələb edir. Biz habelə müxalifət
fəallarına qarşı qanunsuz rəftar edən bütün dövlət məmurlarının və polis
işçilərinin cəzalandırılmasını tələb edirik.
isagambar.az, 22 yanvar 2009-cu il, Bakı