OBAMA AMERİKANI YENİDƏN AZƏRBAYCANA QAYTARA BİLƏCƏKMİ?

İsa Qəmbər: “Zəruri qərarlar qəbul edilməsə, ölkəmizlə ABŞ arasında problemlər getdikcə artacaq”
İsa Qəmbər: “Hakimiyyət dövlətin taleyi ilə oynamaq xasiyyətinə son qoymalıdır”

“Mütəxəssislərin və müşahidəçilərin qeyd etdiyi kimi, Obamanın inauqurasiyası Amerika tarixində ən möhtəşəm, ən çox diqqət çəkən hadisə kimi qeyd olundu. İnauqurasiyanın özü və onun ətrafında baş verən hadisələr onu göstərir ki, Amerika cəmiyyətində doğrudan da böyük bir dəyişiklik arzusu var”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər bu fikirləri ABŞ-ın yeni prezidenti Barak Obamanın inauqurasiya mərasimindəki çıxışını şərh edərkən söylədi. İ.Qəmbərin fikrincə, dəyişikliklərin həyata keçirilməsində Obamanın lider rolunu oynayacağına böyük ümid var: “Şərhlər onu da göstərdi ki, söhbət yalnız Amerika cəmiyyətindən getmir. Amerikanın əhəmiyyətini və gücünü dərk edən bütün dünya ölkələrində bu dəyişikliklərin müsbət nəticələr verəcəyi ilə bağlı gözləntilər var. Bu ümidlər həddən artıq böyük, inanılmaz dərəcədə nəhəngdir. Təbii ki, bu gözləntiləri tam şəkildə yerinə yetirmək həddən artıq çətindir. Prinsipcə optimist olduğum üçün demək istəmirəm ki, mümkün deyil. Ancaq qeyd edim ki, çox çətindir və bunu yaxın zamanlarda prezident Obama özü də praktikada hiss edəcək, gözləntilərin sahibləri də görəcək”.

Müsavat başqanına görə, bu gözləntilər o vaxt reallaşacaq ki, dəyişikliklərin həyata keçirilməsini yalnız Obamanın üzərində saxlamayaq, bunu yalnız Ağ Ev administrasiyasının vəzifəsi kimi görməyək: “Yəni tutaq ki, Obama müsəlman dünyası ilə qarşılıqlı hörmət əsasında, qarşılıqlı maraqların nəzərə alınması şərtilə münasibətləri yenidən qurmaq barədə düşündüyünü bildirdi. Çox gözəl istəkdir. Ancaq onun reallaşması təkcə Obamadan yox, həm də müsəlman dünyasından asılıdır. İndi bir çoxları unudur ki, 2001-ci ilin yanvarında hakimiyyətə gələn Buş Klinton administrasiyasının beynəlxalq proseslərdə həddindən artıq fəal iştirak etməsindən yorulmuş ABŞ cəmiyyətinin istəyini yerinə yetirərək daha çox Amerikanın daxili problemləri ilə məşğul olacağını bəyan etmişdi. Məhz sentyabrın 11-də Nyu-Yorka və Vaşinqtona dəhşətli terror hücumları, həddindən artıq böyük insan tələfatına gətirib çıxaran bu hadisə Buş administrasiyasını nəinki Amerikanın məsələlərinə qapılmamağa, əksinə, dünya işlərinə daha çox açılmağa sövq etdi. İndi də Obamanın müsəlman dünyası ilə yeni bir səhifə açmaq istəyi çox gözəl istəkdir. Buna qarşılıq nə veriləcək? Əgər İslam dünyasının önəmli mərkəz və qüvvələri yeni səhifənin açılmasına uyğun addımlar atacaqsa, təbii ki, Obamanın da bu vədini yerinə yetirməsi asanlaşacaq. Ancaq əks proses getsə, situasiyanı gərginləşdirən addımlar atılsa, təbii ki, bunu reallaşdırmaq da çox çətin, bəlkə də qeyri-mümkün olacaq”.

2003-cü ildən sonra Azərbaycanda ABŞ-a münasibət kəskin şəkildə dəyişib. Obama hakimiyyətinin Azərbaycanla bağlı siyasətinin necə olacağına gəldikdə isə İ.Qəmbər ilk mərhələdə köklü dəyişikliklər gözləmir: “Çünki Amerikanın bütövlükdə bölgədə və Azərbaycanda nə istədiyi bəllidir. Burada oturuşmuş bir maraqlar sistemi var. Bu da özlərinin dəfələrlə bəyan etdiyi kimi, təhlükəsizlik məsələləri, iqtisadiyyat, xüsusilə enerji məsələləri, azadlıqlar, demokratik inkişafla bağlıdır. Amerikanın bölgədə və Azərbaycandakı maraqları bu üç qrupda cəmləşdirilə bilər. Təbii ki, maraqların heç biri dəyişməyəcək. Azərbaycan tərəfindən də Əliyev rejiminin hakimiyyətdə olduğunu, bu rejimin prinsipial qərarlar qəbul etməyi sevmədiyini, strateji seçim etməyə tələsmədiyini nəzərə alsaq, hansısa qeyri-adi dəyişiklik gözlənilmir. Ancaq bu məsələnin başqa yönümü də var, sonrakı mərhələləri də. Həm yerli və beynəlxalq miqyaslı ekspertlər, həm də ABŞ Konqresinin önəmli simaları açıq şəkildə Azərbaycan hakimiyyətinə bildirdilər ki, “Azadlıq”, BBC və “Amerikanın səsi” radiolarının FM dalğalarında bağlanması Obama administrasiyası üçün çox mənfi mesaj oldu. Onlar dedilər ki, bu, düzgün deyil, yeni prezidentlə münasibətləri bununla başlamayın. Ancaq Azərbaycan hakimiyyəti bu günədək bunu eşitmədi. Aydın məsələdir ki, bu gün Obama administrasiyası Azərbaycanla münasibətlərlə bağlı məsələlərin müzakirəsinə başlayanda dediyim köklü maraqlarla yanaşı, konkret situasiya və suallarla üzləşəcək. Üstəlik, Əliyev rejiminin ortaya atdığı antidemokratik dəyişikliklərlə zəngin olan referendum cəhdini nəzərə alsaq, təbii ki, xeyli suallar formalaşacaq".

İ.Qəmbər qeyd etdi ki, ABŞ-Azərbaycan münasibətləri ilə bağlı əvvəlki təhlillər qüvvəsində qalır: “Hesab edirik ki, bölgənin və xüsusən də Azərbaycanın prinsipial mövqeyinin açıqlanması mərhələsi çoxdan yetişib. Bu məsələ Obama administrasiyası dövründə aktuallığını artıracaq və sualınızın tam cavabı da bu prosesdə tərəflərin qəbul etdiyi qərarlardan asılı olacaq. Müsavat olaraq bizim istəyimiz Azərbaycan hakimiyyətinin bir an öncə düzgün qərarlar qəbul etməsi, mürəkkəb, çağdaş dünyada öz yerini azad dünya ölkələri sırasında görməsi, Avroatlantik məkana inteqrasiya ilə bağlı deklorativ yox, prinsipial, ciddi qərarlar qəbul edilməsi və konkret addımlar atılmasıdır. Təbii ki, bunlar müxtəlif sahələrdə ciddi islahat və addımlar tələb edir. İstər iqtisadi məsələlər olsun, istər siyasi və s. məsələlər. Bu gün dünyanın çox mürəkkəb mərhələdə olduğunu əlavə yada salmağa ehtiyac yoxdur. Bölgəmiz daha mürəkkəb vəziyyətdədir. Çünki qlobal proseslərlə yanaşı, Rusiyanın Gürcüstana təcavüzü məsələsi də bölgənin bugünkü vəziyyətinə ciddi təsir edib. Azərbaycanın atacağı addımlardan çox şey asılıdır. Bu gün beynəlxalq nüfuza malik ”Freedom House", “Human Right Vootç” kimi insan haqları təşkilatlarının, digər önəmli mərkəzlərin siyasi, iqtisadi sahədə Azərbaycanda insan haqlarının pozulmasının həddindən artıq geniş miqyas almasını vurğulaması, Azərbaycanın istər siyasi, istərsə iqtisadi azadlıqlarla bağlı nəinki Gürcüstan və Ermənistandan, hətta sözdə Dağlıq Qarabağdan da geridə qalmasını təhlil etməsi çox təhlükəli bir məsələdir. Burda Ermənistanda, yaxud hərbi xunta tərəfindən idarə olunan Dağlıq Qarabağda azadlıqlar məsələsinin Azərbaycandan nə cür daha yaxşı görünə bildiyi barədə diskussiya aparmaq olar. Ancaq gerçəklik ondan xəbər verir ki, çox nüfuzlu beynəlxalq təşkilatlar nəinki Ermənistan və Gürcüstanı, hətta Dağlıq Qarabağı da Azərbaycandan daha azad ölkələr sırasına daxil edir. Bu, Azərbaycana çox ciddi mesajdır. Nəzərə alsaq ki, Azərbaycan hakimiyyətinin hərbi xərcləri artırmaq yolu ilə Ermənistanla silahlanma yarışını udacağını bəyan etməsi Rusiyanın Ermənistana qeyri-qanuni 800 milyon dollarlıq silah verməsi kimi addımlarla kompensasiya edilir və burda bir irəliləyiş əldə etmək olmur, yenə də Rusiyanın digər addımları da Əliyev rejiminin guya balanslı siyasətlə məsələlərin həllinə yaxınlaşacağını güman etməsi və bir sıra digər hakimiyyətin bəyan etdiyi hədəflər çox ciddi sual altına düşüb".

Müsavat başqanı hakimiyyətə mesajını da verdi: “Biz istərdik ki, Azərbaycan hakimiyyəti məsuliyyətini dərk etsin, xalqın və dövlətin taleyi ilə oynamaq xasiyyətinə son qoysun və zamanın, xalqımızın tələb etdiyi prinsipial qərarlar qəbul etsin. Əgər bu qərarlar qəbul ediləcəksə, Azərbaycanla Amerika arasında münasibətlər də müsbət istiqamətdə inkişaf edəcək. Əgər bu qərarlar qəbul edilməsə, problemlərin getdikcə artması labüddür və təbii ki, dünya çapında Amerikanın və Azərbaycanın miqyasını müqayisə edəndə bu münasibətlərin pozulmasının kimə nəyin bahasına başa gələcəyini proqnozlaşdırmaq da o qədər çətin deyil”.

Elşad PAŞASOY

"Yeni Müsavat" qəzeti, 22 yanvar 2009-cu il, Bakı

http://www.musavat.com/site/shownews.php?news_id=46306