İSA QƏMBƏR CANLI YAYIMDA SƏRT DANIŞDI
“Bir adamın hakimiyyətinə yönəlmiş addımlar Azərbaycanın köklü maraqlarına dəhşətli zərbədir”

Dünən 18 mart referendumu ilə bağlı yaradılmış təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin İctimai Televiziyada ilk debatı təşkil olunub. Qeyd edək ki, cəmi 9 təşviqat qrupu qeydə alınıb. Onlardan yeddisi - “Zəka”, “Tərəqqi”, “Vətəndaş Cəmiyyəti”, “Davamlı İnkişaf Naminə”, “Hüquq və Demokratiya”, “Şəhər” və “Yeni Azərbaycan” təşviqat qrupları hakimiyyətin nəzarətindədir. Cəmi iki təşviqat qrupu - “Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” təşviqat qrupu isə demokratik düşərgəni təmsil edir.

Ötən gün təşkil olunan debatda “Respublikaçılar” Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi kimi Müsavat Partiyasının başqanı İsa Qəmbər, “Qarabağ və Respublika Uğrunda Hərəkat”ın səlahiyyətli nümayəndəsi kimi isə ADP sədri Sərdar Cəlaloğlu çıxış etdilər.

S.Cəlaloğlu konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin referenduma çıxarılmasının qəti şəkildə əleyhinə olduqlarını dedi. O, referendumun özünün də hüquqi bazası olmadığını dedi və bunu sübut edən dəlilləri göstərdi.

Debat məqsədli şəkildə əhalinin böyük hissəsinin tamaşa edə bilməyəcəyi saatda efirə verildiyindən İsa Qəmbərin çıxışlarını qısa ixtisarla oxuculara təqdim edirik.

- Hakimiyyət öz maraqlarını təmin etmək üçün referendum keçirərək, konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklər etmək istəyir. Bunlar barədə danışmaq üçün bizlərə - hər təşviqat qrupuna 40 dəqiqə vaxt ayrılır. Belə çıxır ki, hər əlavə və dəyişiklik barədə fikir bildirmək üçün bizim cəmisi bir dəqiqə vaxtımız var. Belə ciddi məsələlərin müzakirəsi üçün bu qədər az vaxt ayrılması absurddur. Mən təbii ki, həmkarım, müttəfiqim Sərdar Cəlaloğlu ilə razıyam. Biz hər ikimiz Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatını təmsil edirik. Bu hərəkatın səyləri, tərəfdarlarının fədakarlığı nəticəsində hakimiyyətin bütün müqavimətinə baxmayaraq, müxalifətin iki təşviqat qrupu - Sərdar bəyin və mənim təmsil etdiyim təşviqat qrupları qeydə alınıb. “Respublikaçılar” təşviqat qrupu müsavatçıların təşəbbüsü ilə yaradılıb. Təbii ki, böyük Məhəmməd Əmin Rəsulzadənin qurduğu partiyanın üzvləri onun qurduğu cümhuriyyətin taleyinə biganə qala bilməz. Bu cümhuriyyəti, onun dəyərlərini qorumaq bizim müqəddəs vəzifəmizdir. Referendum barədə danışılası çox məsələlər var. Zamanımızın məhdud olmasını nəzərə alaraq əvvəlcədən üç əsas fikrimi ifadə eləmək istəyirəm. Bu referendum qətiyyən xalqın sifarişi deyil. Bu, Əliyev rejiminin maraqlarına xidmət edən, onların sifarişi ilə həyata keçirilən bir referendumdur. Konstitusiyanın 29-cu - mülkiyyət hüquqlarını nəzərdə tutan maddəsinə dəyişiklik təklif olunur. Maddə elə onunla başlayır ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Burada bir-iki söz maddədən çıxarılır. Xalqdan soruşun, xalqı bu maddədən bir-iki sözün çıxarılması və ya saxlanılmısı narahat edir, yoxsa bu gün düşdüyü vəziyyət? Gedin Qanlıgöl ətrafında məcburi köçkünlərdən, didərginlərdən, qaçqınlardan soruşun ki, onları qanları ilə, dırnaqları ilə, axırıncı qəpikləri ilə tikdikləri evləri hansısa məmurun, hansısa hakimiyyət oliqarxının öz maraqlarını təmin etmək məqsədilə söküb-dağıtması narahat edir, yoxsa konstitusiyadan hansısa bir-iki maddənin çıxarılması? Bu proses təkcə Qanlıgöldə deyil, Sulutəpə yaşayış massivində də eyni xətt üzrə aparılır. Ölkə üzrə yüzlərlə belə məsələlər var. Xalqın bu ağır vəziyyətində, torpaqlarımızın önəmli bir hissəsi işğal altındaykən, iqtisadi vəziyyət həddindən artıq mürəkkəb olarkən, ölkədə rüşvət və korrupsiya, inhisarlaşma baş alıb gedərkən və dünyadakı iqtisadi böhranın Azərbaycana çox ciddi problemlər yaratdığı bir dövrdə hakimiyyətin özünün maraqlarını təmin edən konstitusiya dəyişikliklərini önə çəkməsi, təbii ki, xalqın və dövlətin maraqlarına ziddir.

İkincisi, bu referendum Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Bu referendum Azərbaycanı geriyə, feodal dövrünə aparır və ölkənin irəliyə doğru hərəkətinə ciddi maneə yaradır. Azərbaycanın nüfuzuna, beynəlxalq aləmdəki mövqeyinə sarsıdıcı zərbələr vurur. Bu da Azərbaycanın bütün problemlərinin, o cümlədən də Qarabağ münaqişəsinin həllinə ciddi əngəllər yaradır və yaradacaq.

Üçüncüsü, bu referendumun qeyri-qanuni olmasıdır. Bunlar gün kimi aydın olan məsələlərdir. Biz hesab edirik ki, bu referendum dayandırılmalıdır. Əgər kiminsə referendum keçirmək fikri varsa, qanunun, konstitusiyanın tələblərinə uyğun şəkildə yenidən başlamalıdır.

***

İqtidarın nəzarətində olan təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin çıxışlarından sonra söz alan İsa Qəmbər “mən çox təəssüf edirəm ki, burada çox yanlış, məntiqsiz fikirlər eşitdik,” deyə çıxışına davam etdi:
- Xüsusilə də bu sahədə Mübariz Qurbanlı rekordçu oldu. Bizim irəli sürdüyümüz məsələlərin - xüsusən də təklif edilən əlavə və dəyişikliklərin konstitusiyanın mahiyyətinə, maddələrinə zidd olması ilə bağlı müzakirələrə gələn debatlarda yaxşı hazırlaşmağınızı xahiş edirəm. 90 dəqiqəlik zamanın 70 dəqiqəsi sizindir, 20 dəqiqəsi bizim. Ona görə də biz sizin dediyiniz yanlış fikirlərə cavab verməyə vaxt sərf etmək istəmirik. Mən yalnız bir məqama diqqət cəlb etmək istəyirəm. 7 təşviqat qrupunun heç biri bir şəxsin iki dəfədən artıq prezident ola bilməməsi ilə bağlı məhdudiyyətin aradan götürülməsi məsələsinə toxunmadı. Elə bil ki, bu məsələ yoxdur. Halbuki referendum məhz bunun üçün edilir. 40 ildir biz Əliyevlər dövründə yaşayırıq. Bu 40 il Azərbaycana zərbədən başqa bir şey olmayıb. İndi bu rejimi uzatmaq istəyirlər. Referendum məhz buna xidmət edir. Bu məqsədlə referendum keçirirlər. Baxın ki, hansı ölkələrin qanunlarında bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə şərait yaradan müddəa var? Suriya, Şimali Koreya, Belorus, Zimbabve, Kuba və bu kimi ölkələrdə belə qayda var. İndi İlham Əliyev Azərbaycanı həmin ölkələrin sırasına aparır. Bu 19-cu əsrə, bəlkə daha keçmiş zamanlara qayıtmaqdır. Biz isə hesab edirik ki, Azərbaycan keçmişə yox, məhz gələcəyə yönəlməlidir. Bir adamın, bir ailənin hakimiyyətinə yönəlmiş addımlar Azərbaycanın köklü maraqlarına dəhşətli zərbədir və bu zərbənin vurulmasına yol verməmək lazımdır. Burada söhbət Azərbaycanın, insanlarımızın, övladlarımızın taleyindən gedir.

Təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin bəzilərini əvvəlcədən tanıyıram, bəziləri ilə burada tanış oldum. Görürəm hamınız savadlı adamlarsınız. Ancaq şərait bəzilərinizi məcbur edir ki, hüquq fakültəsinin birinci kurs tələbəsi səviyyəsində söhbət edəsiniz. Mən çox istərdim ki, bura Səfa Mirzəyevlə Şahin Əliyev gəlsin. Onlar 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın əsas müəllifləridir. Bu şəxslər də mövqelərini təqdim etsinlər. Çağdaş dünyada tendensiya icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması və parlamentin səlahiyyətlərinin artmasıdır, eyni şəxsin uzun müddət vəzifə tutmasını məhdudlaşdırmaqdır. Bu, normal dünyada belədir. Görünür, 19-cu əsrə getmək istəyənlər üçün başqa tendensiya var. Kim ora getmək istəyirsə, buyurun, etiraz etmirəm.

Amma xalqı aparmayın, Azərbaycanımızı aparmayın!

Hazırladı: Elşad MƏMMƏDLİ, Yeni Müsavat, 22.02.2009
http://www.musavat.com/site/shownews.php?news_id=48504