Növbəti toplantı
Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik qərarların
icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair
məsələlərdən ibarət olub.
Müzakirələrdə Milli Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günü
münasibətilə iyun ayının 24-də saat 11-də Fəxri Xiyabanda onun müqəddəs
məzarının ziyarət edilməsi qərara alınıb.
Müsavat Partiyasının Divanı QHT, KİV və Dini qurumlar haqqında qanunlara
edilməsi nəzərdə tutulan antidemokratik və mürtəce əlavə və dəyişikliklərə
etiraz məqsədilə yaradılmış Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin təşkil
etdiyi tədbirləri dəstəklədiyini bildirir. Divan Qanunun bu şəkildə qəbul
ediləcəyi təqdirdə bütün demokratik qüvvələrin hərəkat formasında birləşərək
birgə mübarizə aparmalı olduğunu və bu istiqamətdə məsləhətləşmələrin davam
etdirilməsini məqsədəuyğun hesab edir. Divan hakimiyyətin əlavə və
dəyişikliklərdə kosmetik dəyişikliklər etməklə onun qəbuluna yenidən cəhd
edəcəyindən xəbərdar edir və hamını diqqətli olmağa çağırır, hakimiyyətdən isə
əsas insan azadlıqlarına hörmətlə yanaşmağı və bu azadlıqların
məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərdən əl çəkməyi tələb edir.
Toplantıda, 1994-cü ildən davam edən səylər nəticəsində ortaya qoyulan və
nəhayət qəbul edilən Təhsil Qanununun təhsilin keyfiyyətinin və səviyyəsinin
artırılmasına deyil, hakimiyyətdaxili müxtəlif qrupların mövqelərinin və
imkanlarının güclənməsinə xidmət etdiyi xüsusi qeyd olunub. Qəbul edilmiş Təhsil
Qanununun necə tətbiq ediləcəyinin bariz nümunəsi bu il orta məktəblərdə
keçirilən buraxılış imtahanlarında aydın görünüb.
Divan qonşu İran dövlətində keçirilən son Prezident seçkilərinin nəticəsindən
narazılıqlarını bildirənlərə divan tutulmasını, dinc nümayişçilərin gülləbaran
edilməsini, yüzlərlə insanın həbs edilməsini, öldürülməsini, yaralanmasını,
ölkədə kütləvi informasiya vasitələrinə qadağalar qoyulmasını və söz azadlığının
boğulmasını insan haqlarının pozulması hesab edir və bu cür halların aradan
qaldırılmasını tələb edir.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 22 iyun 2009-cu il, Bakı