Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. İlk olaraq
bələdiyyə seçkilərinin gedişi haqqında məlumat verilib. Qeyd olunub ki, Müsavat
namizədlərini seçkidən uzaqlaşdırmağa çalışan hakimiyyət namizədlərin qeydə
alınması prosesində də ciddi qanun pozuntularını davam etdirib. Bölgələrdə bir
qayda olaraq İcra Hakimiyyətlərinin nəzarəti altında fəaliyyət göstərən DSK-lara
nəyin bahasına olursa-olsun Müsavat Partiyasının namizədlərini qeydə almamaq
tapşırığı verildiyindən, görünməmiş özbaşınalıqlara yol verilib. Hətta bəzi
yerlərdə artıq namizədliyi qeydə alınmış müsavatçıların namizədliyi sonradan
ləğv edilib. Seçki komissiyalarının fəaliyyətini diqqətdə saxlamaq və
namizədlərin qeydə alınması mərhələsi başa çatdıqdan sonra bu mərhələ haqqında
ümumi münasibət bildirilməsi qərara alınıb.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə İsa Qəmbər Barselona səfəri
haqqında Divana ətraflı məlumat verdi. Divan üzvləri Müsavat Partiyasının
beynəlxalq əlaqələrinin inkişafı, Qərbin bölgə ilə bağlı siyasəti və Güney
Qafqazda gedən proseslər baxımından verilmiş informasiyaların çox əhəmiyyətli
olduğunu qeyd etdilər.
Azərbaycan-Ermənistan danışıqları çərçivəsində aparılmış Münhen danışıqları
haqda da müzakirə aparlıb. Qeyd edilib ki, bu yöndə müəyyən hərəkətlilik hiss
olunur və Divan prosesi diqqətdə saxlamalıdır.
Daha sonra Sumqayıtın kimya müəssisələrində yaranmış məsələ müzakirə edilib.
Qeyd edilib ki, “AzərKimya” şirkətinə məxsus müəssisələrdə çalışan 8 mindən çox
işçi 3 aydan artıqdır ki, maaş ala bilmir. Buna etiraz edən, haqqını tələb edən
işçilər təqib olunurlar, işdən çıxarılırlar. İş o yerə çatıb ki, “AzərKimya”
şirkəti məhkəmə qərarlarını icra etməkdən də imtina edir. Yaranmış vəziyyət
haqqında ayrıca bəyanat verilməsinə qərar verilib.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 23 noyabr 2009-cu il, Bakı