“52 YAŞDA ÖZÜMÜ TƏXMİNƏN 25 YAŞDAKI KİMİ HİSS EDİRƏM”
İsa Qəmbər: “Azərbaycandakı hakimiyyəti anormal hesab edirəm”
“Qlobal böhran demokratiyanın önəmini və zərurətini daha aydın göstərəcək”

Bu gün Azərbaycan xalq hərəkatının liderlərindən biri, Müsavat Partiyasının başqanı İsa Qəmbərin ad günüdür. Qərara gəldik ki, 52 yaşı tamam olan İsa bəylə görüşüb onu həm təbrik edək, həm də müsahibə alaq. Suallarımız isə ən müxtəlif mövzularda oldu.

- İsa bəy, ömrünüzün 53-cü ilini necə, hansı əhval-ruhiyyədə qarşılayırsınız?

- Zamandır, axıb gedir. Mənim ad günlərinə elə də xüsusi bir yanaşmam yoxdur. 52 yaşım tamam olur. 52 rəqəmini tərsinə çevirəndə 25 olur. 52 yaşda özümü təxminən 25 yaşdakı kimi hiss edrəm.

- Bir çox insanlar yaşının üstünə yaş gəldikcə kədərlənir. Belə insanlarda doğum günlərində pessimizmə qapılmaq kimi komplekslər olur. Yaşınız artdıqca Sizdə də belə hisslər yaranmır ki?

- Təxminən 20 yaşa qədər ad günləri çox maraqlı olur. 20 yaşdan sonra elə bir dövr başlayır ki, illərin axıb getdiyini hiss edirsən. Ancaq 50 yaşdan sonra artıq bunu sadəcə fakt kimi qeyd edirsən ki, dünyaya gəlməyindən daha bir il ötdü. Şəxsən məndə bununla bağlı nə müsbət, nə də xüsusi bir mənfi hiss yaşanmır.

- Ad gününüzdə Sizi ilk təbrik edənlər adətən kimlər olur?

- Adətən məni ad günümdən bir-iki gün öncədən təbrik edənlər də olur. Təbriklər artıq başlayıb. Dünən (srağagün - red.) gecədən bəzi dostlar məni təbrik eləməyə başlayıb.

- 52 yaş siyasi lider üçün hansı yaş dövrü hesab edilir?

- Yəqin ki, orta yaşdır. Bu saat dünyada tanınmış siyasətçilərin yaşına baxanda görürük ki, 52 yaş ya orta, ya da ortadan bir az aşağıda olan yaş kimi qəbul olunur. Tarixə baxanda isə 14 yaşlı Şah İsmayıldan tutmuş 70-80 yaşlı tanınmış siyasətçilərə qədər böyük dövlətləri idarə etmiş böyük siyasətçilər olub. Odur ki, yaş məsələsi siyasətdə həlledici deyil.

- Bu il doğum gününüz Azərbaycanda konstitusiya dəyişikliyi ilə bağlı keçiriləcək referendum ərəfəsinə təsadüf edir. Bir həftəyə yaxındır rəsmi təbliğat kampaniyası başlayıb. Ümumiyyətlə, referendumla bağlı prosesi necə dəyərləndirirsiniz?

- Hakimiyyətin yaratdığı bütün məhdudiyyətlərə baxmayaraq, Müsavat Partiyası da daxil olmaqla, demokratik düşərgə, vətəndaş cəmiyyəti kifayət qədər iş görə bildi. Ən önəmlisi odur ki, vətəndaş cəmiyyəti bir araya gələ bildi və Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı kimi böyük bir koalisiya qurdu. İki təşviqat qrupunu qeydiyyatdan keçirdik, hər ikisi təbliğat-təşviqat işlərinə başlayıb. Bu proses getdikcə geniş vüsət alacaq və hesab edirəm ki, referendum ərəfəsində cəmiyyətin önəmli bir hissəsini mövqeyimizdən xəbərdar edə, referendumda bizim mövqeyimizdən çıxış edilməsini təmin eləyə biləcəyik.

- İctimai Televiziyada ilk debat keçirildi. Növbəti debatlarda müxalifətin təşviqat qruplarını kimlərin təmsil edəcəyi məsələsi müəyyənləşibmi? Bizdə olan məlumata görə, “Respublikaçılar” təşviqat qrupunu bütün debatlarda Siz təmsil edəcəksiniz. Bu məlumat doğrudurmu?

- Hər təşviqat qrupuna İctimai Televiziyada həftədə bir dəfə 10 dəqiqəlik efir vaxtı ayrılıb. Hakimiyyət bütün imkanları məhdudlaşdırdığı kimi televiziya və radioda efir vaxtını da çox məhdudlaşdırıb. İndiyə kimi təşviqata və təbliğata pulsuz efir vaxtı heç vaxt bu qədər az ayrılmayıb. İkincisi, hakimiyyətin mövqeyindən çıxış edən 7 təşviqat qrupu qeydiyyatdan keçirilib. Ona görə də saat yarımlıq efir vaxtının 70 dəqiqəsindən hakimiyyətin mövqeyində olan şəxslər istifadə edir. Vaxtın yalnız 20 dəqiqəsi demokratik düşərgənin mövqeyini ifadə etməyə qalır. Bu, həddən artıq azdır. Referendumda konstitusiyanın 29 maddəsinə 41 əlavə və düzəliş təklif olunur. Müxalifətə televiziya və radioda ayrılan efir vaxtı isə cəmisi 40 dəqiqədir. Belə çıxır ki, hətta əlavə və düzəlişlərin hərəsinə 1 dəqiqə də zaman ayırmaq mümkün deyil. Bu qədər az vaxtın ayrılması absurddur və hakimiyyət referendum kimi önəmli bir məsələnin kifayət qədər geniş müzakirə olunmasının qarşısını almaq üçün qəsdən belə bir vəziyyət yaradıb. Ancaq biz bu minimum müddətdən də maksimum səmərəli istifadə etmək fikrindəyik. “Respublikaçılar” təşviqat qrupunun televiziyada dörd efir vaxtı var, dörd efir vaxtı da müvafiq olaraq “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupunundur. Hər təşviqat qrupu efir vaxtının birindən istifadə edib. “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupu püşkatma keçirdi. Təəssüf ki, 5 aparıcı partiyadan biri - Liberal Partiya efir vaxtı əldə edə bilmədi. Ona görə də biz son iclaslarda Liberal Partiyaya təklif elədik ki, bizim “Respublikaçılar” təşviqat qrupunun ikinci efir vaxtını Lalə Şövkətə verə bilərik. Ancaq deyəsən, onlar buna maraq göstərmir. Bizə təşəkkür etdilər. Belə məlum oldu ki, təklifi qəbul etmək istəmirlər. “Respublikaçılar” təşviqat qrupunun efir vaxtlarında kimin iştirak etməsinə gəlincə isə bu haqda düşünəcəyik. Hər halda, efir vaxtından maksimum səmərəli istifadə etməyə çalışacağıq.

- Müxalifətin təşviqat qruplarına vaxt məhdudiyyətindən tutmuş mərkəzi meydanlarda seçicilərlə görüşmək məsələsinə qədər bütün istiqamətlərdə ciddi əngəllərin yaradıldığı açıq müşahidə edilir. Bu vəziyyətlə bağlı beynəlxalq təşkilatlara, diplomatik korpusa müraciətlər edilirmi? Onların mövqeyi necədir?

- Referendumun Azərbaycan Konstitusiyasına uyğun olub-olmaması məsələsi, Avropa standartları baxımından nəzərdən keçirilməsi Avropa Şurası Venesiya Komissiyasına həvalə olunub. Təəssüf ki, Venesiya Komissiyası referendumun keçirilməsinə bir neçə gün qalmış rəsmi açıqlama verəcək. Referendumun mahiyyəti ilə bağlı isə beynəlxalq birlik, azad dünya mövqe bildirib. Ən azı cəmiyyətdə geniş diskussiyalara, debatlara imkan yaradılmalıdır ki, seçicilər bütün mövqelərdən xəbərdar olsunlar, öz mövqelərini müəyyənləşdirə bilsinlər. Bu baxımdan beynəlxalq təşkilatlar, Azərbaycandakı səfirliklər referendum prosesini çox diqqətlə izləyir. Bütün detalları ilə bilgi alırlar ki, referendumla bağlı diskussiyalara, debatlara yaradılan imkanlar nə dərəcədə məntiqəuyğundur. Bu, onların tərəfindən monitorinq prosesi ilə davam etdirilir. Onlar bizim təşviqat qrupları ilə daimi təmasdadır.

- Təbliğat kampaniyasının sonunda xalqı referendumu boykot etməyə çağıracaqsınız, yoxsa aktiv iştirak edib konstitusiya dəyişikliyinə “yox” deməyə səsləyəcəksiniz?

- Hər bir çağırışın öz vaxtı, məqamı var. Məqamı yetişəndə o çağırış ediləcək. Bu çağırışın necə olması Vətəndaş Hərəkatının qərarından asılı olacaq.

- Son vaxtlar Qanlıgöldə və yeni avtovağzala yaxın ərazidə köçkünlərin evlərini sökürlər. Bu proses referendum öncəsi baş verir. Məntiqlə normal ölkədə seçki, səsvermə öncəsi əhaliyə qarşı bu cür addımlar atılmaz. Hakimiyyət köçkünləri Bakıdan çıxarmaq istəyir, yoxsa narazılıq yarana bilməsindən çəkinmədikləri üçün kampaniyaya başlayıb?

- Özünüz də dediniz ki, normal ölkələrdə, normal hökumətlərdə belə hərəkətlərə yol verməzlər. Azərbaycanda anormal hakimiyyət var. Söhbət onların qaçqınları harasa çıxarmaq və ya məhv etmək arzusundan getmir. Söhbət, sadəcə, hakimiyyətdəkilərin görməmişliyindən gedir. Gözləri doymur, yeni əraziləri mülkiyyətlərinə keçirmək istəyirlər. Ona görə də harada gözlərinə xoş görünən ərazi varsa, ələ keçirmək üçün oradakı tikililəri sökmək üçün müxtəlif bəhanələr uydurur, müxtəlif yollara baş vururlar. Bu hərəkətlərini də qanunla pərdələməyə çalışırlar. Cəmiyyət bu məsələdə diqqətli olmalıdır ki, hakimiyyətin insan hüquqlarını bu dərəcədə pozmasına imkan verməsin.

- Bəzi siyasilər və qəzetlər dövlət başçısının yaranmış vəziyyətdən xəbərdar olmadığını bildirir. Qeyd olunur ki, prezident məsələdən xəbər tutsa, bu prosesi dərhal durduracaq...

- Hər hansı dövlət başçısının ölkədə baş verənlərdən xəbəri yoxdursa, onda onu niyə dövlət başçısı adlandırırlar? Ölkənin paytaxtında minlərlə vətəndaşa qarşı bu cür qanunsuzluqlar həyata keçirilir. Dövlət başçısının bundan xəbəri yoxdursa, niyə ölkənin birinci şəxsi kreslosunda əyləşir? Bu, absurddur, belə şey ola bilməz. Dövlət başçısı olan şəxsin o qədər müxtəlif informasiya kanalları olur ki, onun xəbərsiz olması mümkün deyil.

- Dünyanı bürüyən maliyyə böhranı Azərbaycan kimi ölkələrdə demokratiya və insan hüquqları məsələsinin beynəlxalq birlik, Qərbin diqqətindən tam kənarda qalması ilə nəticələnə bilərmi?

- Bir çox əlamətlər onu göstərir ki, istər ABŞ-ın, istərsə də Avropa Birliyinin regiona diqqəti artıb. Regionda demokratiya və insan haqları məsələsinin önəmli olmasına diqqət artıb. Bunun əlamətləri aydın görünür. Bu baxımdan hesab edirəm ki, iqtisadi böhran nəinki demokratiya məsələsini ikinci plana atmayacaq, əksinə, demokratiyanın önəmini, zərurətini daha aydın şəkildə göstərəcək. İqtisadi böhran Azərbaycanda çox ciddi şəkildə özünü göstərir və göstərməkdə davam edəcək. Hər bir böhran problemlər yaratdığı kimi situasiyanın yaxşılaşdırılması, düzgün qərarlar qəbul etməklə irəliyə doğru getmək üçün imkanlar yaradır. Cəmiyyət olaraq da biz o imkanlardan maksimum istifadə etməyə çalışmalıyıq.

- Ötən həftə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli şəxslərinin Azərbaycana səfəri olub. Bizdə olan bilgiyə görə, ABŞ rəsmiləri Siz də daxil olmaqla, bir neçə müxalifət lideri ilə məxfi görüş keçirib...

- Mən məxfi görüş anlayışını qəbul etmirəm. Yəni mənim də, partiyamızın rəhbərliyində təmsil olunan şəxslərin də, digər müxalifət partiyalarının rəhbərlərinin də beynəlxalq birliyin nümayəndələri ilə mütəmadi görüşlərimiz olur. Bu görüşlər barədə mətbuata bəzən bilgi verilir, bəzən verilmir. Çünki bütün görüşlər haqqında məlumat verilməsinin özü də o qədər sadə şey deyil. Bəzən də görürsən ki, görüşən tərəflər görüş barədə mətbuata məlumat verilməsində maraqlı olmadıqlarını bildirirlər. Təbii ki, biz də bunu nəzərə almalıyıq.

- Qərbdən ölkəmizə səfər edən əksər nümayəndələr demokratik qüvvələrlə təmasda olur. Ancaq indiyə qədər heç bir Rusiya yetkilisi Azərbaycana səfər zamanı müxalifətlə görüşməyib. Bu faktın kökündə hansı amil dayanır?

- Çünki Rusiyanın özü bu saat xüsusi xidmətlərin nümayəndələri tərəfindən idarə olunur. Onlarınsa iş üsulları fərqlidir, onlar şəffaflığa alışmayıblar, cəmiyyətlərə, demokratik qüvvələrə arxalanmağa öyrəşməyiblər. Onlar öz nəzarətlərində, təsirlərində olan, dil tapa bildikləri adamlarla qapalı görüşlərə üstünlük verirlər. Ona görə də bizimlə görüşləri olmur.

- Son həftələrin ən çox müzakirə edilən mövzularından biri Türkiyənin Ermənistanla münasibətlərində Dağlıq Qarabağın azad olunması şərtinin rəsmi Ankara tərəfindən ortadan qaldırıldığı barədə deyilənlərdir. Necə hesab edirsiniz, bu deyilənlər doğrudurmu? Türkiyə Azərbaycanı tək qoya bilərmi?

- Mən dekabrda da bildirmişdim ki, Qarabağ münaqişəsi, işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı nə müsbət, nə də mənfi mənada hər hansı ciddi dəyişiklik gözlənilmir. Bu baxımdan Türkiyənin prosesdə iştirakı da daha çox Türkiyənin Qafqazda fəallığının artması kimi dəyərləndirilməlidir. Türkiyənin bir dövlət olaraq öz maraqları var və həmin maraqları reallaşdırmağa çalışırlar. Türkiyənin bir dövlət olaraq öz problemləri var. O problemləri mümkün qədər zərərsizləşdirməyə nail olmaq istəyirlər. Biz Türkiyənin Ermənistanla əlaqələrinin yaxşılaşmasında Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması şərtinin aradan qalxması təhlükəsindən narahatlığımızı bildirmişik və bildirməliyik. Bu narahatlığı Müsavat da, media da, müxtəlif siyasi qüvvələr və hətta hakimiyyət də bildirib. Ancaq mən bu məsələdə də hər hansı ciddi bir dəyişiklik olacağı düşüncəsində deyiləm. Türkiyə-Ermənistan münasibətləri potensialının müəyyən həddi var. Nə Türkiyə, nə də Ermənistan bu həddən o tərəfə gedə bilməyəcək.

P.S. Rauf Arifoğlu və “Yeni Müsavat” kollektivi Müsavat başqanı və qəzetin təsisçisi İsa Qəmbəri ad günü münasibətilə təbrik edir.

Etibar SEYİDAĞA, Yeni Müsavat, 24.02.2009