“DAİRƏ
QAPANMAQDADIR”
İsa Qəmbər: “Parlament seçkilərində indiki baxışlar üçün çox təəccüblü,
gözlənilməz nəticələr ortaya çıxacaq”
“Almaniya, Fransa, İngiltərə, İtaliya, İspaniya və başqa ölkələrdəki
tərəfdaşlarımızla görüşlər oldu”
Ötən həftənin ortalarında Avropa Liberal Demokrat İslahatçı Partiyalar
İttifaqının İspaniyada keçirilən qurultayına qatılan Müsavat Partiyasının
başqanı İsa Qəmbər vətənə qayıdıb. Dünən İsa Qəmbərlə görüşüb Avropa səfəri ilə
və ölkəmizdə cərəyan edən digər siyasi proseslərlə bağlı suallarımızı
ünvanladıq. İlk sualımız da İspaniya səfəri, keçirdiyi görüşlərlə bağlı oldu.
- Səfərin məqsədi ELDR (Avropa Liberal Demokrat İslahatçı Partiyalar)
İttifaqının qurultayında iştirak etmək idi. Qurultay ərəfəsi bir konfrans
keçirildi. O konfrans haqda mən məlumat vermişdim. Mətbuatda əksini tapmışdı.
Qurultay ərəfəsində İttifaqa daxil olan partiyaların öz ölkələrindəki
təcrübəsini, problemlərini müzakirə etmək üçün bir konfrans keçirildi. Çox
maraqlı konfrans oldu. Mən də çıxış elədim və ölkəmizdəki vəziyyəti bütün
reallıqları ilə, yəni siyasi məhbuslar problemi, jurnalistlərin həbsdə olması,
gənc bloggerlərin tutuqlanması ilə məsələni diqqət mərkəzinə gətirməyə,
ümumiyyətlə azadlıqların məhdudlaşdırılması məsələlərini, eyni zamanda
Azərbaycanın önəmini və Avropaya inteqrasiyasının zərurətini əsaslandırmağa
çalışdım. Maraqlı müzakirə oldu və bizim də mövqeyimizi xeyli dərəcədə diqqətə
aldılar. Hətta İttifaqın prezidenti xanım Annemie Neyts qurultayda özünün əsas
nitqində postsovet ölkələrindən Rusiyanın və Azərbaycanın adını çəkdi və dedi
ki, bu ölkələrdə İttifaqın üzvlərinin çox çətin şəraitdə fəaliyyət göstərdiyini
bilir. Qeyd etdi ki, müttəfiqlərimizə dəstək olmaqda davam edəcəyik. Qurultayın
işi də çox maraqlı diskussiyalarla zəngin oldu. Bu iki tədbirdə iştirak etməklə
yanaşı vaxtdan səmərəli istifadə etdik və bir çox görüşlərimiz oldu. Köhnə
dostlarımızla söhbətlərimiz oldu. Yeni tanışlıqlar oldu, əlaqələr yaradıldı. İki
istiqamətdə demək olar ki, əlaqələr inkişaf elədi. Bir istiqamət AB-nin üzvü
olan köklü Avropa ölkələri ilə əlaqələrimizdir. Almaniya, Fransa, İngiltərə,
İtaliya, İspaniya və başqa ölkələrdəki tərəfdaşlarımızla görüşlər oldu. Digər
istiqamətdə görüşlər postsovet məkanında İttifaqın üzvü olan siyasi qüvvələrlə
oldu. Gürcüstanda bizim uzun illərdir müttəfiqlərimiz var-Respublikaçılar
Partiyası. Ukraynadan müttəfiqlərimizlə görüşdük. Rusiyada aparıcı demokratik
qüvvələrdən biri olan Rus Xalq Demokratik İttifaqın təmsilçiləri ilə, həmin
partiyanın sədri, ölkənin keçmiş baş naziri Mixail Kasyanovla müzakirələr
apardıq. Əlaqələrin inkişafı ilə bağlı ilkin qərarlar qəbul etdik. Baltik
ölkələrindən olan tərəfdaşlarımızla söhbətlərimiz oldu.
Maraqlı görüşlərdən biri Kuzey Kıprısda hakimiyyətdə olan Ulusal Birlik
Partisinin təmsilçiləri ilə oldu. Onlar bir neçə ildir ki, ELDR İttifaqının
qurultaylarına qatılır və bu İttifaqa üzv olmağa çalışırlar.
Yəni qısa müddətdə çoxsaylı görüşlərimiz keçirildi. Hesab edirəm ki, bu görüşlər
Müsavat Partiyasının beynəlxalq əlaqələrinin güclənməsinə xidmət edir. Bu
əlaqələr Azərbaycanın da demokratik inkişafına öz müsbət təsirini göstərəcək.
- İttifaqın üzvü olan partiyaların bəziləri öz ölkələrində hakimiyyətdə
təmsil olunurlar. Onlar Azərbaycandakı hazırkı siyasi durumdan məlumatlıdırlarmı
və münasibətləri necədir?
“İlham Əliyev gənc bloggerləri həbs etməklə çox böyük səhvə yol verdi”
- Təbii ki, məlumatlıdırlar və Azərbaycanda demokratiya, insan haqları ilə bağlı
narahatlıqları gündən-günə artır. Xüsusən də son vaxtlar beynəlxalq ictimaiyyət
Azərbaycandan siyasi məhbusların, jurnalistlərin azad olunmasını tələb etdiyi və
gözlədiyi halda iki gənc bloggerin-Adnan və Eminin həbs edilməsi Avropa
ölkələrində çox ciddi əks-sədaya səbəb olub. Hamı bu məsələ ilə bağlı yekdil
mövqedən fikrini bildirir. Taleyranın məşhur bir fikri var idi. Ona bildiriblər
ki, filankəs cinayət edib, Taleyran deyib ki, bu təkcə cinayət deyil, həm də
böyük bir səhvdir. Həmin qaydada mən deyirəm ki, İlham Əliyev çox ciddi səhvə
yol verdi. Təbii ki, gənclərin həbsi qanunsuzluqdur, cinayətdir. Eyni zamanda
İlham Əliyev gənc bloggerləri həbs etməklə çox böyük səhvə yol verdi. Bu səhv
İlham Əliyevin özünə də, hakimiyyətinə də çox ciddi problemlər yaratmaqda davam
edəcək.
Avropada hakimiyyətdə olan müttəfiqlərimiz də var. Onların sırasına bu
yaxınlarda çox ciddi bir qüvvə də qatıldı. Sentyabrda Almaniyada bundestaqa
keçirilən seçkilərdə bizim müttəfiqimiz olan Azad Demokratlar Partiyası-FDP
yüksək nəticə göstərdilər və xristian-demokratlarla bir yerdə hakimiyyət
koalisiyası qurdular. İndiyə qədər müxalifətçi kimi tanıdığımız, əlaqə
saxladığımız bir çox dostlarımız artıq Almaniyada hakimiyyətdə təmsil olunurlar.
Təbii ki, bu da əvvəlki alman hökumətindən daha prinsipial və dəyərlərə bağlı
bir siyasətin ortaya qoyulmasına gətirib çıxardacaq.
- Son vaxtlar Azərbaycan hakimiyyətinin təmsilçiləri anti-Qərb, anti-ABŞ
bəyanatları səsləndirməkdədirlər. Belə görünür ki, hakimiyyətin Amerika ilə
ciddi problemləri yaranıb. Siz də hesab edirsinizmi ki, hansısa ciddi problemlər
yaranıb?
- Amerikanın siyasəti bütövlükdə bəllidir. ABŞ-ın cənubi Qafqaz bölgəsinə,
Azərbaycana yönəlik mövqeyi, istəkləri, təklifləri yuxarı-aşağı məlumdur. Bu
istəklər Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində yer tutmasıdır. Bu
məsələni Azərbaycan hakimiyyəti qismən qəbul edib. Yəni bir tərəfdən İraqda,
Əfqanıstanda, Kosovada sülhməramlı qüvvələrin tərkibində iştirak edirlər. Digər
tərəfdən ABŞ-a Əfqanıstan siyasəti ilə bağlı irad bildirirlər. Bu, məsələnin bir
tərəfidir. Eyni zamanda Azərbaycan beynəlxalq təhlükəsizlik sistemindəki önəmli
istiqamətlərdə iştirak etməklə yanaşı prinsipial mövqe bildirməkdən imtina
eləyir. Bu günə qədər NATO ilə, Avropa Birliyi ilə bağlı müvafiq qərarlar qəbul
etmir. Əksinə, son vaxtlar Rusiyaya tərəf yönəlməyə başlayıb. Bu, bir tip
reallıqdır. İkincisi, iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyinin təmin
edilməsi məsələsində Amerikanın Azərbaycandan bəzi gözləntiləri vardı. Və təbii
ki, hər bir dövlət öz maraqlarına uyğun fəaliyyət göstərməlidir. Ancaq məsələnin
mahiyyəti bundadır ki, istər avroatlantik məkana inteqrasiya, istərsə də neft və
qaz ehtiyatlarını dünya bazarına, Türkiyə üzərindən Avropaya çıxarmaq
Azərbaycanın köklü maraqlarına cavab verən marşrutlardır. Azərbaycan müəyyən
mərhələdə Bakı-Ceyhan neft kəmərini, Bakı-Ərzurum qaz kəmərini çəkilməsinə
razılıq verib. Lakin hazırda qeyri-müəyyən mövqe tutub ki, bununla da bağlı
suallar gündən-günə artmaqdadır. Amerikanın, Qərbin Cənubi Qafqazda,
Azərbaycanda istədiyi digər bir məsələ azadlıqların hüdudlarının
genişləndirilməsidir. İstər siyasi, istər iqtisadi sahədə azadlıqların olması və
digər məsələlərin də buna müvafiq şəkildə həll edilməsi Azərbaycandan gözlənilən
və istənilən addımlardır. Qərbin, Amerikanın Azərbaycandan gözlədiyi bu
istiqamətlərdə düzgün addımlardır. Azərbaycan hakimiyyəti isə bu addımları
atmır. Təbii ki, bütün bunlar bir-birini tamamlayaraq münasibətlərdə ciddi
problemlər yaratmaqdadır. Bunu görməmək mümkün deyil. Azərbaycan hakimiyyəti
ölkəmizin də maraqlarına cavab verən, üzv olduğumuz beynəlxalq təşkilatların da
qarşısında Azərbaycanın götürdüyü öhdəliklərdə nəzərdə tutulan addımları
atmayacaqsa, gərginlik artmaqda davam edəcək. Və hansısa nəticələrə gətirib
çıxaracaq.
- Hazırda ölkədə bələdiyyə seçkiləri kampaniyası gedir. Hakimiyyət
strukturları kampaniya başlanandan elə bir xətt götürüblər ki, sanki bu
seçkilərdə hakimiyyətin taleyi həll olunur. Ciddi statusu olmayan bələdiyyələrə
seçkilərdə bu cür sərt mövqenin nümayiş etdirilməsi nə ilə bağlıdır?
“Hakimiyyət sadəcə olaraq, cəmiyyətin fəallaşacağından çəkinir...”
- Mətbuatda bunun səbəbləri barədə kifayət qədər şərhlər verilir. Əksər hallarda
həmin şərhlər məsələni əhatə edir. Ancaq heç kimin danışmadığı müəyyən səbəblər
də var. Hakimiyyətin bu narahatlığının, bələdiyyə seçkilərində bu qədər ifrat
ehtiyatlı, qorxaq davranışının, qorxduğu üçün də hədən artıq qeyri-qanuni
hərəkətlər etməsinin müəyyən izahları var. Zamanı gələndə biz onları şərh
edəcəyik. Ancaq əsas səbəb odur ki, hakimiyyət sadəcə olaraq, cəmiyyətin
fəallaşacağından çəkinir. Başa düşür ki, ölkədə narazılıq o həddədir ki,
azadlıqların hüdudları bir balaca artsa, hakimiyyət üçün fərqli nəticələrə
gətirib çıxara bilər. Hətta bələdiyyə seçkiləri fərqli nəticələr ortaya çıxara
bilər. Ona görə hakimiyyət bu qədər qeyri-qanuni hərəkətlər edir. Müsavatın
minlərlə namizədinin tam əksəriyyətini müxtəlif yollarla seçkidən kənarda
saxlamaq üçün qeyri-qanuni addımlar davam edir. Biz hakimiyyətin bu ucuz
oyunlarından narahat deyilik. Bələdiyyə seçkilərində iştirakımızla hakimiyyətin
zəif nöqtələrini, qalib gəlmək üçün heç bir imkanı olmayan nöqtələrini
müəyyənləşdirməkdə davam edirik. Hesab edirəm ki, növbəti parlament seçkilərində
builki bələdiyyə seçkiləri təcrübəmizdən səmərəli istifadə edə biləcəyik.
- Namizədlərinizin əksəriyyətinin seçkidən kənarda saxlandığını bildirdiniz.
Qanunsuzluqlara hansı formada etiraz addımlarınız olacaq. Seçkini hansısa
mərhələdə boykot etmək gözlənilirmi?
- Boykotdan söhbət belə gedə bilməz. Müsavat Partiyasında seçkinin boykot
edilməsi məsələsi müzakirə edilmir və edilməyəcək. Bu gün (dünən) Divanın
iclasında bələdiyyə seçkilərinin gedişini çox ciddi müzakirə etdik. Boykot
təklifi gündəmə belə gəlmədi. Ola bilər ki, Müsavatın seçkini boykot etməsi
hakimiyyətin arzusudur. Ancaq bizi hakimiyyətin arzusu deyil, ölkənin,
demokratik inkişafın maraqları düşündürür. O istiqamətdə qərarlar qəbul edirik.
Biz təbii ki, bu gün də (dünən) müəyyən qərarlar qəbul etdik. Bələdiyyə
seçkiləri ilə bağlı iştirakın, təbliğat-təşviqat işinin qurulması formaları və
bütövlükdə bələdiyyə seçkilərindən çıxaracağımız nəticələr hələ qarşıdadır.
- Bəzi siyasətçilər, politoloqlar bildirirlər ki, hakimiyyətin Qərblə
münasibətlərində ciddi çat yaranıb və 2010-cu il parlament seçkiləri hakimiyyət
üçün çətin olacaq. İndiyə qədər heç bir seçkidə baş verməyən nəticələr,
iqtidarın zərərinə olan proses baş verəcək. Bu fikirlərdə həqiqət yükü varmı?
- Mən bu barədə bu yaxınlarda da demişəm ki, 2010-cu il parlament seçkiləri
fərqli olacaq. Dairə qapanmaqdadır. Əliyev iqtidarının istər daxili siyasətdəki
səhvləri, səriştəsiz davranışı, istərsə də beynəlxalq miqyasdakı yanlışları
dairəni qapatmaq üzrədir. Dairə qapanır və hesab edirəm ki, 2010-cu ildə
Azərbaycanda tamamilə fərqli bir seçki kampaniyası gedəcək. 2010-cu il
seçkilərinin nəticələri zaman yaxınlaşdıqca normal görünəcək, ancaq indidən
baxanda, indiki baxışlar üçün çox təəccüblü, gözlənilməz nəticələr ortaya
çıxacaq.
- Bir müddət əvvəl Xalq Cəbhəsinin yaranması ideyasını irəli sürmüşdünüz. Son
vaxtlar mətbuatda bu ideyanın reallaşa biləcəyi haqda informasiyalar,
açıqlamalar verilməkdədir. Bu ideya reallaşacaqmı?
“ZİDDİYYƏTLƏR HAKİMİYYƏTİ DAHA DA ZƏİFLƏDƏCƏK”
İsa Qəmbər: “Bu hakimiyyətin nə danışıqlar yolu ilə, nə də hərbi yolla uğur
qazanacağına inamım yoxdur”
“Ziddiyyətlər onsuz da bərbad vəziyyətdə olan hakimiyyəti daha da zəiflədəcək”
“Xalq Cəbhəsinin yaranması ilə bağlı hansısa real rəsmi danışıqlar aparılması
iddiası həqiqət deyil”
- Bu tipli məsələlərə bir az diqqətli yanaşılmalıdır. Bu mövzuda prosesin
olduğundan daha qəti cizgilərlə göstərilməsi, qərara alınmamış məsələlərin artıq
qərara alınmış kimi təqdim edilməsi düzgün deyil. Real müxalifətdə olan
həmkarlar arasında fikir mübadiləsini, vaxtaşırı edilən dəyərləndirmələri Xalq
Cəbhəsinin yaradılması istiqamətində danışıqlar aparıldığı kimi qiymətləndirmək
həqiqəti əks etdirmir. Mən AXC ideyasını sonuncu dəfə hakimiyyət QHT-lər
haqqında qanunu kobud şəkildə dəyişməyə hazırlaşanda ictimaiyyətin diqqətinə
təqdim etdim. Hakimiyyət bu məntiqsiz, həddən artıq ziyanlı, vətəndaş
cəmiyyətinin məhvinə yönəlmiş dəyişiklikləri qanuna əlavə etsə, ölkənin aparıcı
siyasi qüvvələrinə, QHT-lərə, ictimai xadimlərə Xalq Cəbhəsini bərpa etmək, bu
rejimə qarşı bir hərəkat halında mübarizə aparmaq təklifi vermişdim. İndi mən
demirəm ki, yalnız bu təklifə görə, ancaq hər halda, hakimiyyət geri çəkildi və
qanunu o şəkildə qəbul etmədi. Ona görə də təklifim üzərində təkid etmədim. Onu
zamanın öhdəsinə buraxdım. Zaman-zaman müxtəlif siyasətçilər və partiyalar bu
mövzuya qayıdırlar. Bu ideya, mövzu mövcuddur. Vaxtaşırı müxtəlif tədbirlərdə
dəyərləndirilir, tərəflər müxtəlif fikirlər bildirirlər. Ancaq Xalq Cəbhəsinin
yaranması ilə bağlı hansısa real rəsmi danışıqlar aparılması iddiası həqiqət
deyil. Bu ideyanın nə dərəcədə aktual olduğunu və tərəflərin bu cür məsuliyyətli
bir prosesə nə dərəcədə hazır olduğunu zaman göstərəcək. Ancaq bundan sonra o
söhbətlər indiki mərhələdən başqa mərhələyə keçəcək. Lakin indiki halda
tələsməyə və prosesləri süni şəkildə tələsdirməyə ehtiyac yoxdur.
- Parlament seçkilərinə bir il qaldığı vaxtda hakimiyyətdəki ayrı-ayrı
qrupların, oliqarxların arasında mübarizənin şiddətləndiyi müşahidə olunur.
İqtidardaxili proseslər haqda hansı fikirdəsiniz və qruplararası mübarizə
hakimiyyətə nə vəd edir?
- Mən bir qədər əvvəl dedim ki, dairə qapanmaqdadır. Dairənin qapanmasının
əlamətlərindən biri kimi də hakimiyyətin daxili siyasətindəki yanlışlıqlarına,
görməmişliyinə işarə etdim. Bu hakimiyyət bütün sahələr kimi iqtisadiyyatı da
tam şəklidə öz monopoliyasına alıb. Ölkədə özlərindən başqa bizneslə məşğul olan
ciddi bir dairə qalmayıb. Hər şeylə özləri məşğul olurlar. Aydın məsələdir ki,
artıq digər bütün qüvvələri biznes məkanından sıxışdırıb çıxartdıqları üçün indi
özləri-özləri ilə qarşı-qarşıya qalıblar. Öz mülkiyyətlərini, təsirlərini
artırmaq uğrunda addım atanda bir-birilərinə qarşı çıxmalı olurlar. Artıq
onların biznes sahəsində dalaşacağı, sıxışdıracağı başqa bir iqtisadi subyekt,
ciddi bir şirkət qalmayıb. Ona görə də hakimiyyətin öz içində münasibətlərin
kəskinləşməsi labüddür. Bu davam edəcək. Və təbii ki, ziddiyyətlər onsuz da
bərbad vəziyyətdə olan hakimiyyəti daha da zəiflədəcək. Onu da qeyd edim ki,
Müsavat Partiyası öz siyasətini bunun üzərində qurmaq fikrində deyil. Çünki
hakimiyyətin daxilində bir qrup insanın bir-birini qırması Müsavat Partiyasında
əlavə bir resurs kimi dəyərləndirilmir. Bütün bu proseslər hakimiyyət üçün nə
qədər ağrılı nəticələrə gətirib çıxaracaqsa, ölkə üçün də ciddi təhlükələr
yaradır. Ona görə də hamı vəziyyətin ciddiliyini dərk etməli, məsuliyyətli
qərarlar qəbul eləməlidir.
- Azərbaycanın dövlət başçısı İlham Əliyevlə Ermənistan rəhbəri Serj
Sarkisyanın görüşü bu dəfə də Qarabağla bağlı həlledici addımın atılması ilə
yekunlaşmadı. İlham Əliyev bu görüşdən öncə bəyan edib ki, Azərbaycan nəticəsiz
danışıqlarda uzun müddət iştirak etmək fikrində deyil. Ölkə başçısının
bəyanatından aydın sezilirdi ki, Azərbaycan Qarabağı azad etmək üçün müharibə
variantına əl atmağın yaxınlığındadır. Azərbaycan müharibəyə başlaya bilərmi?
Başlasa, savaşdan necə çıxar?
- Bu hakimiyyətin yanlışlarını, səhvlərini o qədər görmüşəm ki, indi hansısa
sahədə düzgün qərar qəbul edə biləcəyinə inamım xeyli azdır. Ona görə istərdim
ki, hakimiyyət torpaqlarımızın işğaldan azad edilməsinin zəruriliyi kimi ciddi
məsələlərdə səmimi olsun. Cəmiyyətlə, ölkənin aparıcı siyasi qüvvələri ilə
danışılmadan Qarabağ məsələsində hansısa ciddi qərarların qəbul edilməsi ciddi
uğur gətirməz. Yalnız cəmiyyətin ortaq mövqeyi hansısa qərarları hansısa
istiqamətdə hazırlamağa zəmin yarada bilər. Bu hakimiyyətin nə danışıqlar yolu
ilə, nə də hərbi yolla uğur qazanacağına inamım yoxdur.
- Hesab edirsinizmi ki, Azərbaycanın hərbi yoldan başqa variantı qalmayıb?
- Bilirsiniz ki, Müsavat Partiyası Qarabağ probleminin sülh yolu ilə həllinin
tərəfdarıdır. Hesab edirik ki, sülh yolunun potensialı tükənməyib. Sadəcə
olaraq, bu yolun düzgün istifadə edilməsi məsələsi var ki, hakimiyyət bundan
yararlana bilmir. Azərbaycan hakimiyyəti məsələnin sülh yolu ilə həll olunması
üçün zəruri olan istiqamətlərdə addımlar atmayıb. Bu, iqtisadiyyatın yalançı
rəqəmlərlə deyil, doğrudan da reallıqda inkişaf etdirilməsi, ordunun
gücləndirilməsi, diplomatiyanın təkmilləşdirilməsi ilə bağlı olan məsələdir. Bu,
Azərbaycanın demokratik qərarlar qəbul etmək, azadlıqların məhdudlaşdırılmasına
son qoyulması zərurətidir. Yəni bu istiqamətlərdə addımlar atılmalıdır.
Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində prinsipial qərarları qəbul
etməlidir. Yalnız bu halda Azərbaycan sülh yolunun yaratdığı imkanlardan
istifadə edə və torpaqlarını işğaldan azad etməyə nail ola bilər.
- Qarabağdan söz düşmüşkən, Qarabağ və Respublika Uğrunda Hərəkat xeyli
vaxtdır toplanmır. Hərəkatın artıq mövcud olmadığını söyləmək olar?
“Qarabağ və Respublika Uğrunda Hərəkatı bitmiş hesab eləmək olar”
- Məsləhət görərdim ki, bu məsələdə sizin də bildiyiniz həqiqətlər olduğu kimi
ortaya qoyulsun. Müsavat Partiyası məsələyə prinsipial yanaşma ortaya qoyub.
Təəssüf ki, cəmiyyət, mətbuat, eyni zamanda bizim hərəkatdakı tərəfdaşlarımız
gerçəyin nədən ibarət olduğunu bilsələr də, məsələdə prinsipial mövqe tutmağa
maraq göstərmədilər. Ancaq bu, vəziyyəti dəyişmir. Bir gerçək var və hamı
tərəfindən dərk edilir. Müsavat Partiyası bu məsələ ilə bağlı prinsipial mövqe
ortaya qoyub. Digər partiyalar isə həmin məsələ ilə bağlı prinsipial mövqe
ortaya qoymadıqları üçün Qarabağ və Respublika Uğrunda Hərəkatı bitmiş hesab
eləmək olar. Əslinə qalsa, bunu hamı bilir. Bu, bitib. Yeni mərhələdə real
müxalifət partiyaları hansı formatda, nə şəkildə əməkdaşlıq edəcək, bunu zaman
göstərəcək.
Etibar SEYİDAĞA, "Yeni Müsavat", 24-25 noyabr, 2009
http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/65020-%E2%80%9CDA%C4%B0R%C6%8F_QAPANMAQDADIR%E2%80%9D
http://www.musavat.com/new/Siyas%C9%99t/65129-%E2%80%9CZ%C4%B0DD%C4%B0YY%C6%8FTL%C6%8FR_HAK%C4%B0M%C4%B0YY%C6%8FT%C4%B0_DAHA_DA_Z%C6%8F%C4%B0FL%C6%8FD%C6%8FC%C6%8FK%E2%80%9D