Müsavat Partiyasının 23 dekabr 2009-cu il tarixli bələdiyyə seçkiləri ilə bağlı ilkin

R Ə Y İ

23 dekabr 2009-cu il tarixli bələdiyyə seçkiləri ölkədə xalqın iradəsini əks etdirən real yerli özünüidarəetmə sisteminin yaradılmasına imkan verən standartlara uyğun keçirilməmişdir. Seçkilər ərəfəsində demokratik qüvvələr tərəfindən təklif edilən və bir sıra beynəlxalq qurumlar tərəfindən tövsiyə olunan bələdiyyələrin statusunun artırılması, Bakıda və digər iri şəhərlərdə bələdiyyələrin yaradılması, bələdiyyə başqanlarının seçicilər tərəfindən birbaşa seçilməsi, seçki komissiyalarının formalaşdırılması qaydasının dəyişdirilməsi və digər islahatlar hakimiyyət tərəfindən nəzərə alınmamışdır.

Bələdiyyə seçkiləri ərəfəsində ölkədə demokratik seçkiqabağı şərait olmayıb. Söz və mətbuat azadlığı təmin olunmayıb, jurnalistlərə qarşı təqiblər və həbslər davam edib.

Azad mətbuat üzərinə basqılar, TV kanallarının hakimiyyətin tam nəzarəti altında olması ölkədə plüralist, azad rəqabət imkanlarını heçə endirib.

2007-ci ildən faktiki olaraq ləğv edilmiş sərbəst toplaşmaq hüququ bərpa edilməyib.

Siyasi partiyalar üzərinə təqib və təzyiqlər davam edib.

Adminastrativ resurs hakimiyyətdə olan siyasi qüvvənin müdafiəsi və təbliği işinə cəlb edilib.

Bütün bunlar bələdiyyə seçkiləri kampaniyası ərəfəsində ölkədə bərabərhüquqlu imkanlar prinsipinin pozulmasına səbəb olub.

Bələdiyyə seçkiləri kampaniyası dövründə Müsavat Partiyasından olan namizədlər üçün bir neçə mərhələdə problemlər yaradılıb.

- Seçkilər təyin olunduqdan dərhal sonra Müsavat Partiyası rəhbərlərinin partiya strukturlarının nümayəndələri ilə görüşlərinə (Bərdə, Yevlax, Oğuz, Füzuli və s.) problemlər yaradılıb. Həmin görüşlərdə iştirak edən partiya fəalları yerli hakimiyyət strukturu nümayəndələrinin təzyiqləri ilə üzləşib.

- Bir çox rayonlarda Müsavat Partiyası üzvlərinə və onların yaxınlarına İcra Hakimiyyəti strukturları və polis orqanları tərəfindən təzyiq edilərək, onlardan bələdiyyə üzvlüyünə namizədliklərini irəli sürməmək və ya seçkilərdə fərdi qaydada bitərəf kimi (Gəncə, Neftçala, Xaçmaz, Beyləqan, Ağcabədi, Lənkəran, Zaqatala, Dəvəçi, Bərdə, Şərur və s.) iştirak etməsi tələb olunub.

- Bələdiyyə seçkilərində Müsavat Partiyasının partiya siyahıları ilə iştirak etməsi üçün lazım olan sənədlər partiya nümayəndələri tərəfindən MSK-ya 29 oktyabr 2009-cu il tarixdə təqdim edilsə də, partiyanın səlahiyyətli nümayəndələri yalnız 03 noyabr 2009-cu il tarixdə qeydə alınıb. Ümumiyyətlə, bələdiyyə seçkiləri kampaniyası dövründə MSK-nın yalnız 10-dək iclası keçirilib. Bu da siyasi partiyaların seçkilərdə fəaliyyətinə ciddi maneə yaradıb.

- Müsavat Partiyası nümayəndələri namizədliklərini irəli sürdükdən sonra büdcə təşkilatlarında çalışan müsavatçılar və ya onların yaxınları təşkilat rəhbərləri tərəfindən çağırılaraq, namizədliklərini geri götürməsələr işdən çıxarılacaqları (Qaradağ, Zərdab, Lerik, İsmayıllı, Neftçala, Sabirabad, Füzuli, Dəvəçi və s.) ilə hədələnib.

- Bir çox rayonlarda müxalifət nümayəndələri seçkilərdə iştirakdan imtina etməyə vadar edilib.

- DSK-lar müxtəlif bəhanələrlə namizədlərin təsdiqi prosedurunu (Ağcabədi, Lənkəran, Şəmkir, Şərur, Babək, Culfa, Şahbuz və s.) uzadıb.

- DSK-lar namizədlərdən Seçki Məcəlləsində və MSK tərəfindən qəbul edilmiş təlimatlarda olmayan sənədlər (Zaqatala, Ağcabədi, Lənkəran, Qəbələ, Sabunçu, Nəsimi, Səbail, Şərur, Naxçıvan şəhər və s.) tələb edib.

- Namizədlərə imza vərəqələrindən başqa tələb olunan digər sənədlərin surətləri (Zaqatala, Nəsimi, Əzizbəyov və s.) verilməyb.

- İcra hakimiyyəti orqanları tərəfindən namizədlərə tələb olunan arayışların verilməsi (Ağcabədi, Qəbələ, Zaqatala, Xaçmaz, Dəvəçi və s.) bilərəkdən ləngidilib.

Namizədlərin qeydə alınması mərhələsində qanun pozuntuları davam edib.

- Namizədlərdən namizədliklərindən imtina edilməsi ilə bağlı təzyiqlər (Dəvəçi, Masallı, Neftçala, Naxçıvan şəhər, Beyləqan və s.) davam edib.

- DSK-lara təqdim olunmuş sənədlərin yoxlanılması vaxtı haqqında namizədlərə (Xətai, Suraxanı, Tərtər, Dəvəçi, Xaçmaz və s.) məlumat verilməyib.

- Ekspert qrupunun rəy-protokolu ilə namizədlər (Xətai, Suraxanı, Tərtər, Dəvəçi, Xaçmaz və s.) tanış edilməyib.

- Heç bir səbəb göstərilmədən seçici imzaları saxta (Sumqayıt, Xətai, Suraxanı, Xaçmaz və s.) elan edilib.

- Əmlak haqqında sənədlərdə qanunda tələb olunmayan (Xaçmaz, Qəbələ və s.) məlumatlar yazılıb.

- Heç bir səbəb göstərilmədən bir qərarla 16 namizədin (Kürdəmir) qeydiyyatından imtina edilib.

Beləliklə, bələdiyyə seçkilərinin taleyi təşviqat kampaniyası başlamamış həll edilib. Belə ki, hakim Yeni Azərbaycan Partiyasının 15 mindən çox namizədi qeydə alındığı halda, Müsavat Partiyası tərəfindən partiya siyahıları ilə irəli sürülən bir neçə min namizədin yalnız 154-ü Mərkəzi Seçki Komissiyası tərəfindən, 400-dən çoxu isə partiya mənsubiyyətini göstərilmədən dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. Qeyd edilən qanun pozuntuları və saxtakarlıqlarla seçkilərdə fərdi qaydada iştirak edən digər müxalifət partiyaların namizədləri də üzləşib.

YAP istisna olmaqla digər siyasi partiyaların kifayət qədər namizədlərinin qeydə alınmaması Seçki Məcəlləsinə uyğun olaraq siyasi partiyalara pulsuz efir vaxtının verilməsinin qarşısını alıb. Hakimiyyət dairələri normal seçki kampaniyasının təmin edilməsi məqsədilə müxalifət partiyalarına TV kanallarında efir vaxtı ayırmayıb. Əksinə YAP da pulsuz efir vaxtından imtina etməklə, bütövlükdə bələdiyyə seçkiləri ilə bağlı məsələləri TV kanalları vasitəsilə ictimailəşməsinə imkan verməyib.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 225.5-ci maddəsinə zidd olaraq seçkilərdə iştirak edən siyasi partiyalara təşviqat kampaniyası dövründə maliyyə ayırmaqdan imtina edib.

Seçki kampaniyası dövründə siyasi partiyalara açıq havada görüşlər təşkil etmək üçün icazə verilməyib.

Seçki kampaniyası dövründə Müsavat Partiyası səlahiyyətli nümayəndələrinin şikayətləri bir çox hallarda MSK tərəfindən qeyri-qanuni olaraq təmin edilməyib.

Seçki prosesində administrativ resurs YAP namizədlərinin müdafiəsinə yönəlib.

Bundan əvvəlki seçki kampaniyalarında olduğu kimi, yenə də seçki komissiyaları icra hakimiyyəti strukturlarının nəzarəti altında olub.

SEÇKİ GÜNÜ

Seçki günü qanun pozuntuları və saxtakarlıqlar kütləvi xarakter alıb.

Yerli icra hakimiyyəti strukturları Yeni Azərbaycan Partiyası nümayəndələrinin əksəriyyət təşkil etdiyi seçki komissiyaları ilə birlikdə bu qanun pozuntuları və saxtakarlıqların əsas təşkilatçısı olub.

Bir çox seçki məntəqələrində seçki bülletenləri müşahidəçilərin iştirakı ilə sayılmayıb, seçki qutuları onların iştirakı ilə möhürlənməyib.

Müsavat Partiyasını təmsil edən müşahidəçilər və bələdiyyə üzvlüyünə namizədlər bir çox seçki məntəqələrinə ümumiyyətlə buraxılmayıb, bəzi seçki məntəqələrində isə təzyiqlərə məruz qalıblar.

Müşahidəçilərə effektiv müşahidə imkanları yaradılmayıb, səslərin sayılması zamanı isə əksər seçki məntəqələrində onlar prosesdən kənarlaşdırılıblar.

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri bir çox seçki məntəqələrində, xüsusilə veb-kameraların quraşdırıldığı seçki məntəqələrində, “karusel” əməliyyatı həyata keçiriblər.

Seçki bülletenlərinin qutulara topa şəklində atılması prosesində bir çox məntəqə seçki komissiyaları sədrlərinin və üzvlərinin fəal iştirakı aşkar edilib.

Əksər seçki komissiyaları səslərin sayılması prosesini ümumiyyətlə həyata keçirməyib.

Əksər seçki məntəqələrində səslərin sayılmasının fasiləsizliyi prinsipi pozulub.

Bələdiyyə seçkiləri günü Müsavat Partiyası Mərkəzi Seçki Qərargahı müşahidə həyata keçirib, 1000-dən artıq məntəqə seçki komissiyasında olan müşahidəçilərin məlumatı əsasında əldə olunan qanun pozuntuları və saxtakarlıq faktları haqqında ətraflı və konkret məlumatlar ilkin rəyə əlavə olunur.

Məlumatlar www.isagambar.az saytına daxil edilib.

NƏTİCƏ

1) 23 dekabr 2009-cu il tarixli bələdiyyə seçkiləri namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsində icra hakimiyyəti strukturlarının və polis orqanlarının müxalifət nümayəndələrinə qarşı təzyiq və təqibləri, iqtidarın nəzarəti altında olan seçki komissiyalarının yol verdiyi qanun pozuntuları və saxtakarlıqlar, alternativ fikrin TV-də səslənməsinin qarşısının alınması, siyasi partiyalara təşviqat kampaniyasının təşkili üçün maliyyə vəsaitinin ayrılmaması, sərbəst toplaşmaq hüququnun təmin edilməməsi və digər pozuntular nəinki seçkilərin nəticələrinin saxtalaşdırılması, hətta seçki kampaniyası dövründə normal siyasi prosesin getməsinə imkan verməmiş, azad siyasi rəqabət şəraitini istisna etmişdir;

2) 23 dekabr 2009-cu il tarixli bələdiyyə seçkiləri ölkədə real yerli özünüidarə sisteminin formalaşması ilə nəticələnməmişdir;

3) Bələdiyyə seçkiləri ciddi qanun pozuntuları və saxtakarlıqlarla keçirilmişdir;

4) Seçkiqabağı demokratik şəraitin olmaması, seçki kampaniyası dövründə bərabərhüquqlu təbliğat imkanlarının yaradılmaması, seçki günü yol verilən qanun pozuntuları və saxtakarlıqlar nəticəsində 23 dekabr 2009-cu il tarixli bələdiyyə seçkiləri azad və ədalətli olmamışdır.

Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı 23 dekabr 2009-cu il bələdiyyə seçkilərini ölkədə real yerli özünüidarə sisteminin formalaşması ilə bağlı itirilmiş növbəti imkan hesab etməklə yanaşı, bütövlükdə bu seçki kampaniyasını demokratik cəmiyyət quruculuğu sahəsində geriyə doğru ciddi addım hesab edir.

isagambar.az, 23 dekabr 2009-cu il, Bakı