Referendumla bağlı görüş

Bu gün Müsavat partiyasının qərargahında Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan ictimai-siyasi təşkilatların növbəti toplantısı keçirilib. Toplantıda referendumla bağlı təşviqat kampaniyasının gedişi, görülən işlər barədə işçi qrupu nümayəndələrinin məlumatları dinlənilib. Təşviqat materiallarının hazırlanması, televiziya və radio çıxışları və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Təşviqat kampaniyası dövründə kütləvi aksiyaların keçirilməsinə imkan verilməməsi, istər açıq havada, istərsə də qapalı zallarda keçiriləcək görüşlər üçün ayrılan yerlərin uğursuz, ucqar yerlərdə olması, icra hakimiyyəti strukturlarının Qarabağ və Respublika Uğrunda Vətəndaş hərəkatı tərəfindən kütləvi aksiyalar üçün müraciətlərinə cavab olaraq qəbul etdiyi qeyri-qanuni qərarları haqqında ictimaiyyətə və beynəlxalq təşkilatlara məlumat verilməsi, bu barədə səlahiyyətli nümayəndələr tərəfindən MSK-da məsələ qaldırılması və müvafiq məhkəmələrə müraciət edilməsi barədə qərar qəbul edilib. Respublikanın regionlarında, o cümlədən Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Cəlilabad, Sabirabad, Neftçala və başqa yerlərdə həm açıq havada, həm də qapalı zallarda seçicilərlə görüşlərin keçirilməsi üçün konkret addımların atılması işçi qrupuna həvalə edilib.

Amerika Birləşmiş Ştatlarının səfirliyinin ölkəmizdəki ictimai-siyasi vəziyyət və referendum kampaniyasının gedişi ilə bağlı təşkil etdiyi dəyirmi masa faydalı hesab edilib. Eyni zamanda qeyd edilən məsələlərlə əlaqədar beynəlxalq birliyin digər nümayəndələri ilə əlaqədar fəaliyyətin genişləndirilməsi məqsədəuyğun hesab edilib. Referenduma çıxarılan məsələlərin qeyri-qanuniliyi ilə bağlı sənədin hazırlanıb Venesiya Komissiyasına göndərilməsi qərara alınıb.

Xocalı Soyqırımının 17-ci ildönümü ilə əlaqədar həlak olanların xatirəsinə ucaldılmış abidənin sabah saat 12-də Qarabağ və Respublika Uğrunda Vətəndaş hərəkatına daxil olan siyasi və ictimai təşkilatların nümayəndələrinin birgə ziyarət edilməsi barədə razılıq əldə olunub.

isagambar.az, 25 fevral 2009-cu il, Bakı