Müsavat Partiyası fəal gənclərə qarşı irticaçı avtoritar rejimin qeyri-qanuni təqiblərini pisləyir...

Müsavat Gənclər Təşkilatının üzvlərinə qarşı təqib və repressiyalar səngimir. Təşkilatın sədri Tural Abbaslı və sədr müavini Əhəd Məmmədli mülki geyimli şəxslər tərəfindən demək olar ki, hər gün izlənilir, onların mobil telefonlarına gizli nömrələrdən təhdid dolu zənglər gəlir. Sədrin digər müavini Emil Əliyev may ayının 15-də naməlum şəxslər tərəfindən vəhşicəsinə döyüldükdən sonra da ondan əl çəkmirlər. Hər gün onu anonim zənglərlə ölümlə hədələyirlər. Yasamal Rayon Polis İdarəsinin 29 saylı polis bölməsinin sahə müvəkkili Tahir Quliyev 2 gündür ki, Emil Əliyevin valideynlərinə hədə-qorxu gələrək, onun Bakı Şəhər Baş Polis İdarəsinə getməsini tələb edir. Halbuki, həmin idarədən heç bir rəsmi çağırış vərəqəsi yoxdur. Bundan əlavə digər müsavatçı gənclər və onların ailə üzvləri oxuduqları təhsil müəssisələrinin rəhbərliyi və yaşadıqları ərazinin sahə müvəkkilləri tərəfindən ardıcıl olaraq təzyiqlərlə üzləşirlər. Tələbələri oxuduqları universitetlərdən qovmaqla, valideynlərini və yaxın qohumlarını isə işdən çıxarmaqla hədələyirlər.

Bütün bunlar şübhəsiz hakimiyyətin yüksək dairələrindən gələn siyasi sifarişin nəticəsidir və məqsəd son vaxtlar ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirən gəncləri çəkindirməkdir. Müsavat Partiyası bu faktları ölkədə irticaçı avtoritar rejimin hər cür siyasi fəallıqdan qorxmasının əlaməti, şantaj və zorakı üsullarla onun qarşısını almaq cəhdi kimi qiymətləndirir. Partiya hakimiyyətdən qeyri-demokratik zorakı üsullardan əl çəkməyi və ölkədə tüğyan edən repressiyalara son qoymağı tələb edir. Müsavat Partiyası fəal gəncləri dəstəklədiyini və bütün bu qeyri-qanuni təqiblərin gəncləri vətəndaş mövqeyindən çəkindirə bilməyəcəyinə inamını bir daha bəyan edir.

isagambar.az, 25 may 2009-cu il, Bakı