Növbəti toplantı
Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik qərarların
icrası, görülən işlər, partiyadaxili, ictimai-siyasi vəziyyət və 28 May İstiqlal
bayramı ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq haqqında məsələlərdən ibarət
olub.
Yığıncağın əvvəlində İsa Qəmbər Türkiyə səfəri haqqında Divan üzvlərinə məlumat
verib. Azərbaycan-Türkiyə münasibətləri haqqında danışılarkən son dövrlər
münasibətlərin xeyli normallaşdığı, hökumətlər və cəmiyyətlərarası
münasibətlərin intensivləşməsi, o cümlədən Xarici İşlər Naziri Əhməd
Davudoğlunun Bakıya səfəri təqdir edilib və bu kursun davam etdirilməsi
istənilib.
Son zamanlar müsavatçı gənclərə qarşı repressiya və təqiblərin artması xüsusi
müzakirə olunub. MGT-nin sədri Tural Abbaslı Divana ətraflı məlumat verib. Bu
məsələ haqqında Divanın bəyanatı qəbul
edilib. Eyni zamanda gəncləri təqib edən sahə müvəkkilləri və digər polis
işçiləri barəsində məhkəməyə müraciət edilməsi haqqında qərar qəbul edilib.
Müsavat Deputat Qrupunun üzvlərinə bu məsələni Milli Məclisdə qaldırmaq həvalə
olunub.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölməsində Güney Azərbaycandakı son
hadisələr müzakirə edilib. Öz milli haqlarını tələb edən soydaşlarımıza atəş
açılması, bunun nəticəsində bir nəfərin həlak olması və xeyli adamın yaralanması
kəskin pislənilib. İrandan Güney Azərbaycanda yaşayan soydaşlarımızın
hüquqlarına hörmətlə yanaşması tələb olunub.
İsrail prezidentinin Azərbaycana rəsmi səfərə dəvət edilməsilə İran Silahlı
Qüvvələrinin Baş Qərargahının rəisinin kəskin reaksiya verməsi və ölkəmizi
təhdid etməsi qətiyyətlə pislənilib. Divan hesab edir ki, istər İranın bu
təhdidlərinin qarşısının alınması məqsədi ilə, istərsə də Azərbaycanın köklü
maraqları baxımından Azərbaycanın İsraildə səfirliyinin açılması təmin
edilməlidir.
Yığıncağın sonunda 28 May İstiqlal bayramı münasibətilə Novxanı qəsəbəsində saat
1200-da keçiriləcək tədbirə hazırlığın gedişatı müzakirə edilib, müvafiq
qərarlar qəbul edilib.
Yığıncağın sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 25 may 2009-cu il, Bakı