Müxalifətin növbəti toplantısı oldu

Sentyabrın 24-də, Müsavat Partiyasının qərargahında Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan siyasi partiyaların növbəti toplantısı keçirilmişdir.

Toplantıda Bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

Toplantıda Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi şərti irəli sürülmədən Türkiyə-Ermənistan münasibətlərinin nizama salınması cəhdləri müzakirə edilmişdir.

Vətəndaş Hərəkatı hesab edir ki, bir Millətin qurduğu 2 dövlət və strateji müttəfiq olan Türkiyə və Azərbaycanın hazırkı hökumətləri bu ölkələrin mühüm problemlərini digəri ilə məsləhətləşərək birlikdə həll etməlidir.

Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olmadığı halda Türkiyə -Ermənistan sərhədlərinin açılması Azərbaycanın milli maraqlarına uyğun deyil.
Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı inanır ki, Azərbaycan torpaqları işğaldan azad olunmayacağı təqdirdə Türkiyə-Ermənistan hökumətlərinin imzalamağa hazırlaşdığı protokollar Türkiyə parlamentində təsdiq edilməyəcək.

Toplantıda həmçinin Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevin BMT Baş Assambleyasının 2009-cu il sentyabr sessiyasında iştirak etməməsi müzakirə edilmişdir. Vətəndaş Hərəkatı belə bir önəmli beynəlxalq tədbirdə iştirak edilməməsini və BMT Baş Assambleyası Sessiyası kimi mötəbər bir tribunadan istifadə imkanının əldən verilməsini, Azərbaycanın mövqeyinin, torpaqlarımızın işğal altında olması barədə həqiqətlərin bütün dünyaya bir daha bəyan edilməsindən imtinanı məsuliyyətsizlik kimi dəyərləndirir və qətiyyətlə pisləyir.

Vətəndaş Hərəkatı hesab edir ki, İlham Əliyevin BMT Baş Assambleyasına getməkdən imtina etməsi, bütövlükdə beynəlxalq birlikdən təcrid olunma xətti Əliyev rejiminin ölkə daxilində antidemokratik, korrupsion siyasətinin nəticəsidir.

isagambar.az, 25 sentyabr 2009-cu il, Bakı