Azərkimya Dövlət şirkətində davam edən
qanunsuzluqlarla bağlı Müsavat Partiyasının bəyanatı
Azərkimya Dövlət şirkətində işləyən 9000-ə yaxın fəhlə və qulluqçular 3 aylıq
əmək haqlarını 7 aydır ala bilmirlər. Belə ki, şirkətin Prezidenti deputat Məcid
Kərimov 2009-cu ilin fevral, mart və aprel aylarında şirkətin müxtəlif
müəssisələrində işləmiş bu insanlara olan əmək haqqı borcunu ödəməkdən imtina
edir. Ağır, təhlükəli və zəhərli iş şəraitində işləmək məcburiyyətində olan
insanlara, indiki bazar qiymətləri müqabilində orta hesabla 150-200 manat əmək
haqqı verən, onun da 3 ayını verməkdən imtina edən şirkət rəhbərinin “deputatın”
işçilərinə və insanlara olan münasibətinin göstəricisidir.
Son illərdə şirkətin müəssisələrində çalışan insanların müxtəlif bəhanələrlə
işdən çıxarılmaları adi hal alıb. Əmək haqlarının artırılmasını, iş şəraitinin
yaxşılaşdırılmasını tələb edən insanlar həmin andaca qanunsuz olaraq işlərindən
çıxarılırlar. Şirkətin SK zavodundan 20-30 ildir həmin müəssisədə qüsursuz
fəaliyyət göstərən, 5 nəfəri xanım olmaqla 6 nəfər qanunsuz olaraq işdən
çıxarılıblar. İki instansiya, Sumqayıt şəhər və Sumqayıt Apelyasiya məhkəmələri
qanunsuz işdən çıxarılanların işlərinə bərpa olunmaları barədə qətnamə
çıxarmalarına baxmayaraq şirkət rəhbəri qətnamələri icra etməkdən boyun qaçırır.
Acınacaqlı hal ondan ibarətdir ki, Ali Məhkəmə hüquqları pozulmuş, qanunsuz
işdən çıxarılmış o insanların hüquqlarının təmin olunmasına yardımçı olmaq
əvəzinə, hansısa səbəbdən Şirkət rəhbərinin qanunsuz əməllərinə bəraət
qazandırır və qanuni verilmiş məhkəmə qərarlarını qanunsuz olaraq ləğv etməkdə
davam edir.
Müsavat Partiyası Azərkimya Dövlət şirkətində davam edən qanunsuzluqları
Hökumətin diqqətinə çatdırmaqla tələb edir;
1. Azərkimya Dövlət şirkətində çalışan insanlara 3 aylıq əmək haqlarının
ödənilməsi üçün təcili və təxirəsalınmaz tədbirlər görsün.
2. Qanunsuz işdən çıxarılan insanların işlərinə bərpa olunması barədə
qəbul olunmuş məhkəmə qərarlarının icrasını təmin etsin.
isagambar.az, 25 noyabr 2009-cu il, Bakı