Müsavat Partiyasının b ə y a n a t ı
Müsavat Partiyası Türkiyə ilə Ermənistan arasında iki ildir ki, davam edən və
ikitərəfli münasibətlərin normallaşmasına yönələn danışıqlar prosesini
narahatlıqla yaxından izləməkdədir. Əsasən gizli aparılan bu danışıqlarla bağlı
partiyamızın mövqeyi, eyni zamanda narahatlıqları və gözləntiləri Məclisin 02
may 2009-cu il tarixli bəyanatında öz əksini tapmışdır.
Dünyanın mürəkkəb və həssas bölgəsi olan, Gürcüstan böhranından sonra xarici
təsirlərə açıqlığı daha da artan Cənubi Qafqazda mövcud olan hərbi münaqişələrin
uzun müddətdir ki, həll edilməməsi region ölkələrinin daxili inkişafına, eyni
zamanda onlar arasında ikitərəfli münasibətlərin inkişafına mane olmaqla
bərabər, regional inteqrasiya üçün də ciddi problemlər yaradır və bütövlükdə
regionun avroatlantik məkana inteqrasiyasını ləngidir. İdarə olunan regional
münaqişələr onların həllində maraqlı olmayan destruktiv qüvvələrin bu regiona,
eyni zamanda münaqişə tərəfi olan ölkələrin daxili işlərinə müdaxiləsi üçün də
əlverişli şərait yaradır.
Demokratik inkişaf və avroatlantik məkana inteqrasiya yolu seçmiş qonşu
Gürcüstana 2008-ci ilin avqustunda Rusiyanın təcavüzü, onun separatçı Abxaziya
və C.Osetiyanın müstəqilliyini tanıması, onların ərazisində hərbi bazalar
yaratmağa başlaması regionda onsuz da ağır olan hərbi-siyasi vəziyyəti heç
şübhəsiz daha da ağırlaşdırıb.
Digər tərəfdən, Gürcüstan böhranından sonra bütövlükdə regionda Rusiyanın
hərbi-siyasi təsiri artsa da, o öz müttəfiqi, forpostu olan və getdikcə
“kalininqradlaşan” Ermənistanla quru əlaqəsini itirmişdir. Gözləmək olardı ki,
öz işğalçılıq siyasəti sayəsində regionda yaranmış yeni vəziyyətdə çətin duruma
düşən və bu səbəbdən də kompromislərə meylli ola biləcək Ermənistana qarşı
nəhayət ki, beynəlxalq təzyiqlər artacaq və bu yeni durum da onu münaqişənin
həllində konstruktiv mövqe tutmağa sövq edəcək. Nəhayət sonda Ermənistan işğal
etdiyi Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qalacaqdır.
Azərbaycan cəmiyyətinin bu gözləntilər içində olduğu bir zamanda çox təəssüf ki,
beynəlxalq birlik, xüsusən də qardaş Türkiyə, ABŞ və AB təcavüzkar Ermənistana
qarşı təzyiqləri artırmaq və ondan işğal etdiyi əraziləri qeyd–şərtsiz tərk
etməyi tələb etmək əvəzinə, gözlənilənin tam tərsinə olaraq onu həvəsləndirmək
və cəsarətləndirmək yolu seçibdir.
Belə ki, Türkiyə Cumhuriyyətinin baş naziri R.T.Ərdoğanın 13 may 2009-cu il
tarixdə Azərbaycan Respublikası Milli Məclisində “Ermənistan Dağlıq Qarabağın
işğalına son vermədikcə Türkiyə-Ermənistan sərhəddi açılmayacaq” bəyanatına
rəğmən 31 avqust 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında diplomatik
münasibətlərin yaradılması və ikitərfli əlaqələrin inkişafına dair iki
protokolun artıq paraflandığı rəsmən açıqlandı. Əldə olunan razılaşmaya əsasən
10 oktyabrda bu protokolların imzalanması, ikitərfli əlaqələrin inkişafına dair
protokolun qüvvəyə minməsindən iki ay sonra isə sərhədlərin açılması nəzərdə
tutulur. Gözlənildiyi kimi ABŞ və AB bu “normallaşma prosesi”ni
dəstəkləməkdədir.
Bu arada Türkiyə Cumhuriyyətinin baş naziri və xarici işlər nazirinin öncəki
bəyanatlarını təkrarlamasına baxmayaraq hadisələrin bu istiqamətdə inkişafı heç
şübhəsiz Azərbaycan cəmiyyətində, eyni zamanda Müsavat partiyasında yenidən
narahatlığın baş qaldırmasına və artmasına səbəb olmuşdur.
İndiki mərhələdə Türkiyənin Ermənistanla diplomatik münasibətlər qurması, onunla
sərhədlərini açması və ticarət-iqtisadi münasibətlərini bərpa etməsi, eyni
zamanda bunun üçün ABŞ və AB-nin səy və təzyiqlərini artırması nəinki
gözlənildiyi kimi münaqişənin həllinə və bütövlükdə regional inkişafa
əhəmiyyətli dərəcədə müsbət təsir göstərməyəcək, əksinə təcavüzkarı
siyasi-diplomatik, siyasi-mənəvi, iqtisadi, eyni zamanda dolayısı ilə
hərbi-siyasi cəhətdən də gücləndirməklə danışıqlar prosesində onun mövqeyinin
daha da sərtləşməsinə səbəb olacaqdır.
Digər tərəfdən, Türkiyənin mövcud şərtlərdə Ermənistanla diplomatik münasibətlər
qurmağa, sərhədləri açmağa hazırlaşması və bunun üçün onunla “yol xəritəsi”ni
razılaşdırması Azərbaycanla münasibətlərə də təsirsiz ötüşməyəcəkdir. Belə ki,
hadisələrin bu istiqamətdə inkişafı bir tərəfdən cəmiyyətimizdə üzüntü ilə
qarşılanmış və ciddi narahatlığa səbəb olmuş, digər tərəfdənsə Moskva yönümlü
siyasət yürüdən rəsmi Bakının yarana biləcək yeni siyasi durumdan milli
maraqlarımıza tərs istiqamətdə istifadə etmə ehtimalı artmışdır.
Müsavat Partiyasının Məclisi bir daha bildirir ki, mövcud şəraitdə qardaş
Türkiyə Cumhuriyyətinin Ermənistana doğru atmağa hazırlaşdığı bu addımlar nə
münaqişənin həllinə, nə regional inkişafa, nə də onun milli və regional
maraqlarının inkişafına müsbət təsir etməyəcəkdir. Əksinə, hadisələrin bu
istiqamətdə inkişafı ona dost olmayan ölkələrin milli və regional maraqlarının
inkişafına əlverişli şərait yaratmaqla bərabər, Türkiyənin regionda təbii
müttəfiqi olan dost və qardaş Azərbaycanla strateji dərinliyi olan və böyük
potensialı hələ tam açılmamış ikitərəfli münasibətlərinə zərbə vura bilər. Onu
da nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və
qardaşlıq münasibətlərinin inkişafından daim narahat olan ölkələr və güclər
ikitərəfli münasibətlərin inkişafında yarana biləcək bu xoşagəlməz durumdan heç
şübhəsiz yararlanmağa çalışacaqlar.
Eyni zamanda təbii müttəfiqimiz olan qardaş Türkiyə ilə ikitərəfli
münasibətlərin bu günkü durumu, ümumiyyətlə regionda yaranmış mövcud durum və
gözlənilən inkişaf persüpektivləri, Azərbaycan hakimiyyətinin milli maraqlara
söykənən xarici siyasət konsepsiyasının, münaqişənin həlli ilə bağlı bir həll
planının olmadığını və onun apardığı xarici siyasət kursunun iflasını göstərir.
Qardaş türk xalqının, müxalifətinin, QHT və KİV-lərinin Türkiyə-Ermənistan
münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı mövqeyini məmnuniyyətlə
qarşılayan, həmçinin rəsmi Ankaranın da bəyanatlarını nəzərə alan Müsavat
Partiyasının Məclisi Cənubi Qafqazda yaranmış mövcud durumdan və onun inkişaf
meyllərindən, eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf
perspektivlərindən yuxarıda göstərilən səbəblərdən dərin narahatlıq duyduğunu
bildirməklə bərabər, bir daha böyük dövlətçilik təcrübəsi olan Türkiyə
Cumhuriyyətinin hökumətini qısamüddətli, taktiki maraqlar naminə strateji önəm
daşıyan ikitərəfli münasibətlərimizi yaralaya biləcək addımlar atmaqdan
çəkinməyə, qardaşlıq və dostluq münasibətlərimizin sınaqdan keçdiyi bu dönəmdə
daha həssas olmağa çağırır.
Müsavat Partiyasının Məclisi eyni zamanda, bir daha Azərbaycan hökumətini
ikitərəfli münasibətlərə zərbə vura və ya kölgə sala biləcək tələsik addımlar
atmaqdan çəkinməyə, xalqımızı isə ayıq-sayıq olmağa, iki dost və qardaş dövlət
arasında mövcud olan münasibətləri pozmaq üçün fürsət axtaranlara meydan
verməməyə çağırır.
İnanırıq ki, tarixin sınağından dəfələrlə uğurla çıxan Türkiyə-Azərbaycan
qardaşlığı bu sınaqdan da möhkəmlənərək çıxacaqdır.
isagambar.az, 26 sentyabr 2009-cu il, Bakı