Növbəti toplantı
Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra
vəziyyətinə və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə
edilib.
Bələdiyyə seçkiləri kampaniyasının gedişatı müzakirə edilib. Millət vəkili İkram
İsrafilin, Məclis katibi Tofiq Yaqublunun və Müsavat Gənclər Təşkilatının sədri
Tural Abbaslının bu məqsədlə ölkənin Qərb bölgələrinə etdikləri səfər haqqında
Divana məlumat verilib. Divan Bələdiyyə seçkilərində iştirakla bağlı müvafiq
qərarlar qəbul edib. Bələdiyyə seçkiləri zamanı real müxalifət partiyaları ilə
sıx əməkdaşlıq ediləcəyi və qarşılıqlı dəstək veriləcəyi bir daha təsdiq edilib.
Divan ölkə başçısının imzaladığı və qadınların pensiya yaşının artırılmasını
nəzərdə tutan qanun layihəsinin Milli Məclisin plenar iclasına təqdim edilməsinə
münasibət bildirib. Qeyd edilib ki, bu hakimiyyətin sosial və iqtisadi
siyasətinin açıq-aşkar iflasıdır. Qəbul ediləcəyi təqdirdə ahıl insanların
sosial durumunu daha da pisləşdirəcək bu qanun layihəsinə qəti etiraz edilib.
Divan qardaş Türkiyə xalqını Cumhuriyyət Günü münasibətilə təbrik edib və
bununla bağlı oktyabr ayının 29-da keçiriləcək tədbirlər haqqında müzakirə
aparıb.
Həbsxanada olan vicdan məhbusu Eynulla Fətullayevin 30 oktyabr siyasi məhbuslar
günü ilə bağlı qəzetlərə siyasi məhbus həftəliyi keçirmək tövsiyyəsini nəzərə
alan Divan bu təklifi müdafiə etdiyini bildirib.
Şair Məmməd İsmayılın 70 illik yubileyi ilə bağlı qərar qəbul edilib. Qərara
əsasən 31 oktyabr 2009-cu il tarixində saat 15.00-da partiyanın qərargahında
təntənəli tədbir keçiriləcək.
Toplantının sonunda cari məsələlərə baxılıb.
isagambar.az, 26 oktyabr 2009-cu il, Bakı