MÜXALİFƏT
LİDERLƏRİ XOCALI FACİƏSİNİ BİRGƏ ANDI
Azərbaycanda və dünyanın müxtəlif ölkələrində anım mərasimləri keçirildi
İşğal zamanı dinc əhaliyə qarşı vəhşi soyqırım həyata keçirilib. Nəticədə 613
nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından
əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə
məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini
itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150
nəfərin taleyi indi də məlum deyil.
Xocalı soyqırımının 17-ci ildönümü dünən Azərbaycanda və dünyanın əksər
ölkələrində qeyd olunub. Bakıda Xətai rayonu ərazisində Xocalı soyqırımı
qurbanlarının xatirəsinə ucaldılmış abidənin qarşısında anım mərasimi keçirildi.
Səhər saatlarından əhalinin ən müxtəlif təbəqələrinin abidə önünə axını başlansa
da, polis kordonu prezident İlham Əliyevin mərasimə qatılacağını əsas gətirərək
əhalini yaxına buraxmadı. Saat 11 radələrində prezident İlham Əliyev başda
olmaqla dövlət və hökumət rəsmiləri soyqırım abidəsini ziyarətə gəldilər. Ölkə
prezident adından abidənin önünə əklil qoyuldu və İlham Əliyev soyqırım
qurbanlarının xatirəsinə ehtiramını bildirib getdikdən sonra əhalinin abidəyə
sərbəst yaxınlaşmasına imkan verildi.
Qeyd edək ki, rayonlardan və Bakının müxtəlif yerlərindən gəlmiş məcburi
köçkünlər ziyarətlə yanaşı, prezidentə öz problemlərini demək istəyirdilər. Amma
bu, onlara müyəssər olmadı. Polis və təhlükəsizlik qüvvələri əksəriyyəti
qadınlardan ibarət şikayətçiləri kobudluqla geri qaytardılar.
Saat 12-də isə Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasiminə
müxalifət partiyalarının üzvləri və liderlər qatıldılar. Qarabağ və Respublika
Uğrunda Vətəndaş Hərəkatına daxil olan Müsavat Partiyasının başqanı İsa Qəmbər,
AXCP sədri Əli Kərimli, ALP lideri Lalə Şövkət, ADP sədri Sərdar Cəlaloğlu, Ümid
Partiyasının sədri İqbal Ağazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli
Əliyev başda olmaqla yüzlərlə müxalifətçi soyqırım abidəsini birlikdə ziyarət
etdilər. Abidənin önünə Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı adından
əklil qoyuldu. Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxundu.
Xocalı soyqırımının 17-ci ildönümü dünyanın əksər ölkələrində də qeyd olunub.
Fevralın 25-də Vaşinqtonda yaşayan azərbaycanlılar Ermənistanın ABŞ-dakı
səfirliyi qarşısında Xocalı faciəsinin ildönümü ilə bağlı etiraz aksiyası
keçiriblər. 40-a yaxın etirazçı “Ermənistan, Azərbaycan torpaqlarını tərk et”,
“Qarabağda erməni terroru”, “Biz qonşularımıza hörmət edirik, siz də
qonşularınıza hörmət edin” və bu kimi şüarlar səsləndiriblər. Xocalıdakı
qırğının günahkarlarının ədalət mühakiməsinə çıxarılmasını tələb ediblər.
Ermənistan səfirliyi etirazçıların bəyannaməsini qəbul etməkdən imtina edib.
Nyu-Yorkda yaşayan azərbaycanlılar da Xocalı faciəsini anmaq üçün dünən BMT-nin
qərargahının önündə və Kolumbiya Universitetinin qarşısında aksiya keçiriblər.
Həmçinin Corc Vaşinqton Universitetində Xocalı qırğınının ildönümü ilə bağlı
konfrans-sərgi keçirilib. Londonda isə azərbaycanlılar Britaniya parlamentinin
önündə aksiya keçiriblər.
Dünən Azərbaycanın rayonlarında da Xocalı soyqırımının ildönümü qeyd olunub.
Bütün mərasimlərdə dünya ictimaiyyətindən erməni vandalizminə cavab verilməsi və
Ermənistanın terrorçu dövlət kimi tanınması tələb olunub.
Dünən Vətəndaş Həmrəyliyi Partiyası (VHP), “Demokratik Dirçəliş” Gənclər
Hərəkatı və “Dirçəliş” Gənclər Birliyi Xocalı qətliamına başçılıq etmiş,
minlərlə günahsız insanın qətlində şəxsən iştirak etmiş Ermənistanın keçmiş
prezidenti Robert Köçəryanın, indiki prezident Serj Sərkisyanın, müdafiə naziri
Seyran Ohanyanın, Qarabağdakı terrorçu qrupun rəhbəri Arkadi Qukasyanın və başqa
cinəyatkarların beynəlxalq hərbi tribunala verilməsi üçün Azərbaycanın Baş
Prokrorluğuna müraciət edib. Müraciətdə deyilir: “Qərb ölkələri bin Ladeni bir
nömrəli terrorçu kimi tanısa da, tam məsuliyyəti ilə bəyan edirik ki, Köçəryan
daha təhlükəli terrorçudur. Ermənistanın prezidenti olmuş bu şəxs hər vasitə ilə
öz terror siyasətini həyata keçirir. Köçəryanın Qarabağdakı quldur dəstəsinə
indi əlaltısı Arkadi Qukasyan başçılıq edir”.
Gənclər təşkilatları hesab edir ki, dünyanın ən təhlükəli terrorçuları
R.Köçəryan, S.Sərkisyan, S.Ohanyan, A.Qukasyan barəsində beynəlxalq axtarış elan
olunmalı və Azərbaycanın siyasi rəhbərliyi hər hansı bir danışıq aparmaq üçün
terrorçu Sərkisyanla bir masa arxasına oturmamalıdır:
“Köçəryan-Qukasyan-Sərkisyan-Ohanyan terror şəbəkəsi dünyanın ən dəhşətli
faciəsini törədərək Xocalı şəhərini bir gecənin içində yerlə-yeksan ediblər”.
Gənclər təşkilatları bəyan edir ki, Azərbaycanın Baş Prokurorluğu bütün bu
faktlara əsasən xüsusi komissiya yaratmalı və cinayəti törədənləri Haaqa
Tiribunalına verməlidir.
Etibar SEYİDAĞA, Yeni Müsavat, 27.02.2009
http://www.musavat.com/site/shownews.php?news_id=48856