Müsavat Partiyasının bəyanatı
Aprelin 24-də ABŞ prezidenti Barak Obama xalqa müraciət edib. Bu dəfə ABŞ
prezidenti ona qədərki prezidentlərdən fərqli mövqe nümayiş etdirərək, qondarma
erməni soyqırımını erməni dilində “Böyük qırğın” mənasını verən kəlmələrlə ifadə
edib və 1,5 milyon erməninin qətliama məruz qaldığını iddia edib. Sırf
tarixçilərin və elmi araşdırmaçıların işi olan bir mövzuya siyasətçinin
münasibət bildirməsi kifayət qədər suallar yaradır. ABŞ prezidentinin erməni
xalqına ünvanlanmış təriflə dolu 94 illik özünütəsdiqetmə prosesindən xüsusi
həvəslə danışması təəccüb doğurmaya bilmir. Çünki bu illər başqa xalqlara qarşı
terror əməlləri, xüsusən də Azərbaycan xalqına qarşı irimiqyaslı qətliamlar,
etnik təmizləmə, deportasiyalar, işğal amilləri ilə zəngindir. Təkcə 90-cı
illərdə Azərbaycan torpaqlarının böyük bir hissəsinin işğal edilməsi, buradan
yüz minlərlə insanın doğma yurdlarından didərgin düşmələri, Ermənistanda və
işğal edilmiş Qarabağda etnik təmizləməlr, 1992-ci il Xocalı qətliamı “erməni
özünütəsdiqi”nin qanlı səhifələrindəndir.
Müsavat Partiyası Ermənistanın Azərbaycana ərazi iddiaları və təcavüzü
nəticəsində yaranmış Qarabağ probleminin həllində həmsədr olan bir dövlətin
başçısının bu cür tərəfkeş mövqeyindən narahatlığını bildirir və hesab edir ki,
bu cür təəssübkeşliklər erməniləri şirnikləndirməklə problemin nizamlanmasına
mənfi təsir göstərə bilər.
isagambar.az, 27 aprel 2009-cu il, Bakı